Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Balın hikməti, Hikmətin balı...

28 Yanvar 2018
 

Hikmət Əliyev orta ixtisas təhsilli aqronomdur. Uzun illər kənd təsərrüfatında çalışıb. Zəhmətsevərliyi ilə seçilib. Bu, onun ailə üzvlərinə də sirayət edib:

6 övladının hamısı zəhmətsevərdir. Ömür-gün yoldaşı İradə xanım da təsərrüfat işlərində ona yaxından kömək edir.

Artıq 30 ildən çoxdur ki, H.Əliyev  Amankənddə arıçılıqla məşğul olur. Balın hikməti hamıya  məlumdur - min bir  dərdin dərmanı, təbii qida məhsulu, müalicə vasitəsidir.  Bunları yaxşı bilən Hikmət də arıçılığa  ürəkdən bağlanıb. İlbəil arı ailələrinin sayını artırır.  Hikmət həm də maraqlı həmsöhbətdir. 2005-ci ildən hər il respublikada keçirilən arı məhsullarının sərgi-satış yarmarkalarının daimi iştirakçısı  olan Hikmət danışır ki, məhsulu yüksək keyfiyyətli olsa da, alveri bacarmadığından ilk dəfə yarmarkada cəmi bir kiloqram bal sata bilib. Elə oradaca öyrənib ki, sən demə, təkcə bal deyil, bütün arıçılıq məhsullarına -  muma, vərəmuma,  güləmə, arı südü və zəhərinə də böyük tələbat var.  Bundan sonra o, digər arıçılıq məhsulları da tədarük etməyə başlayıb. Beynəlxalq layihələrə qoşulub, sertifikatlar alıb. Dəfələrlə Türkiyədə, Rusiyada keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Topladığı bilik və təcrübə sayəsində ailə təsərrüfatını bir qədər də genişləndirib.  Almaniyadan, Rusiyadan gətirilmiş, seleksiya olunmuş arılar hesabına ana arıların sayı artırılıb.  İndi  Hikmət 165, oğlu Xudaş 75, digər oğlu  Xilqət isə 10 arı ailəsinə xidmət göstərir.  Hər il bu zəhmətkeş ailə 2,5-3 ton bal istehsal edir.  Onlar təsərrüfatlarını bir qədər də böyütmək, şaxələndirmək, balın və digər arıçılıq məhsullarının istehsalını daha da artırmaq fikrindədirlər.

 

Mirzə CƏFƏROV,

Biləsuvar  şəhər sakini