Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peşəmə uyğun işi əmək yarmarkasında tapdım

28 Yanvar 2018
 

Respublikamızın dağlıq ərazisində yerləşən Gədəbəy rayonu sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Lakin elə sakinlər də var ki, onlar müxtəlif sahələrdə çalışmağa üstünlük verirlər. Qeyd etmək lazımdır ki, belələri heç də həmişə istədikləri işi tapa bilmirlər. Bu zaman onlara yardımçı əmək yarmarkaları olur.

Bizim rayonda ildə bir neçə dəfə əmək yarmarkası təşkil edilir. Belə yarmarkalardan biri bu günlərdə keçirildi. Mən də həmin yarmarkada iştirak etdim. Əmək yarmarkasında rayonun 21 müəssisəsindən 100-ə yaxın iş yeri təklif olunurdu. Onlardan 12-si dövlət, 2-si qeyri-dövlət orqanlarından, 7-si fiziki şəxs tərəfindən idi. İştirakçılar vakant yerlər haqqında lövhəyə vurulmuş siyahıya baxır, işin mahiyyəti və aylıq əməkhaqqı barədə məlumat əldə edirdilər. Seçim edənlər iş təklif edən təşkilatların nümayəndələri ilə oradaca görüşüb göndəriş alırdılar.

Mən uzun illərin təcrübəli elektrik montyoruyam. Peşəmə uyğun iş tapa bilmədiyimdən başqa işlərlə məşğul olub ailəmi dolandırırdım. Nəhayət, bu yarmarkada peşəmə uyğun iş tapdım: “Azərişıq” ASC-nin Gədəbəy şöbəsində elektrik montyoru vəzifəsinə qəbul olundum. Hazırda işimdən çox razıyam.

 

İlqar ALIYEV,

Gədəbəy rayon sakini