“Ağıllı” linza qlükozanın səviyyəsini izləyəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ağıllı” linza qlükozanın səviyyəsini izləyəcək

27 Yanvar 2018
Cənubi Koreyanın Ulsan Milli Elm və Texnologiyalar İnstitutunun mühəndisləri “ağıllı” kontakt linzası - gözyaşı mayesində qlükoza sensoru yaradıblar.

AZƏRTAC Rusiyanın xəbər saytlarına istinadla xəbər verir ki, linza elastik şəffaf əsasdan, antena, qlükoza sensoru və şəffaf keçirici material zolağı ilə birləşdirilən kiçik işıq diodundan ibarətdir. Antena radiosiqnalı qəbul edərək onu az miqdarda elektrik enerjisinə çevirir. Sensor gözyaşı mayesində qlükozanın miqdarını ölçür və qanda şəkərin miqdarı çoxalan zaman işıq dioduna siqnal ötürür. Qurğu istifadəçini insulinin qəbul olunması vaxtı barədə xəbərdar edir. Şəkərin səviyyəsi azalmağa başlayanda diod sönür.

İndiyədək təklif olunan “ağıllı” kontakt linzaların prototiplərində göz üçün potensial təhlükəli bərk və qeyri-şəffaf detallardan istifadə edilib. Yeni yaradılan linzada isə bu çatışmazlıqlar aradan qaldırılıb. Belə ki, linzanın 90 faizi tamamilə şəffafdır.