Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səlim Çələbi: Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir

26 Yanvar 2018
Türk Standartları İnstitutunun (TSİ) nümayəndə heyəti Bakı Ali Neft Məktəbinin (BANM) fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunduğunu qiymətləndirmək məqsədilə yanvarın 23-dən 26-dək monitorinq aparıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, TSİ-nin nümayəndələri ISO 9001-2015 və ISO 14001-2015 standartlarının yeni versiyasına keçidlə, o cümlədən OHSAS 18001 beynəlxalq standartının yenidən sertifikatlaşdırılması ilə əlaqədar audit prosesini həyata keçiriblər.

Audit prosesinin yekun tədbirində BANM-in rektoru Elmar Qasımov, TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu, TSİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi, maliyyə üzrə baş menecer Namiq Həsənov, baş mütəxəssis Xatirə Salahova iştirak ediblər.

Elmar Qasımov bildirib ki, BANM indiyə kimi TSİ-nin ISO 9001 “Keyfiyyət idarəetmə sistemi”, ISO 14001 “Ekologiya idarəetmə sistemi”, OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası idarəetmə sistemi”, ISO 10002 "Müştəri məmnuniyyəti - şikayətlərin idarə edilməsi üzrə rəhbər göstərişlər" sertifikatlarını əldə edib və həmin standartların tələblərini müvafiq qaydada yerinə yetirir. Rektor bu kimi sertifikatların BANM-in fəaliyyətinin yüksək səviyyədə təşkilinin göstəricisi olduğunu vurğulayıb. Qeyd edib ki, məhz bu sertifikatlar ali məktəbin nüfuzuna böyük təsir edir və onun beynəlxalq arenada daha layiqli təmsil oluna bilməsinə şərait yaradır.

“Bakı Ali Neft Məktəbi beynəlxalq standartları öz fəaliyyətində uğurla tətbiq edir. Mən bu münasibətlə, başda rektor Elmar Qasımov olmaqla, ali məktəbin kollektivini təbrik edirəm”, - deyə TSİ-nin Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Səlim Çələbi bildirib. BANM-in beynəlxalq standartların tətbiqinə dair uğurlu fəaliyyətini alqışlayan Səlim Çələbi təmsil etdiyi qurumun ali məktəblə əməkdaşlığının inkişafında maraqlı olduğunu qeyd edib. O, BANM-in fəaliyyətinin inkişafında TSİ-nin hər cür kömək etməyə hazır olduğunu bildirib.

TSİ-nin baş auditoru Gülhan Yüzereroğlu BANM-in fəaliyyətinin həyata keçirilməsi prosesinin standartlara tam uyğun təşkil olunduğunu bildirib. O, ali məktəbin qısa müddətdə fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun təşkil olunmasını yüksək qiymətləndirib.