Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib

26 Yanvar 2018
Yanvarın 26-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib.

Əvvəlcə iclasda Milli Məclisin 2017-ci il payız sessiyası dövründə komitənin gördüyü işlərə dair hesabatı təqdim olunub. Bildirilib ki, regional məsələlər komitəsi hesabat dövründə Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planına və komitənin 19 sentyabr tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib. Bu dövr ərzində komitənin altı iclası keçirilib, səkkiz məsələ müzakirə olunub, onlardan altısı qanun layihəsidir. Milli Məclisin payız sessiyasında komitənin ünvanına daxil olmuş 109 müraciət, təklif, ərizə və şikayətin 61-i araşdırılıb, lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib.

Sonra komitənin 2018-ci il yaz sessiyası üçün iş planının layihəsi haqqında müzakirələr aparılıb. Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulan məsələlər təqdim edilib. Belə ki, həmin dövr ərzində “Bələdiyyələrin su təsərrüfatı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunlarda, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunacaq. Bununla yanaşı, Milli Məclisin 2017-ci il payız sessiyası dövründə komitənin gördüyü işlərə dair hesabatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi və s. dinləniləcək.