Məktəblilərin qış tətili maraqlı keçəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəblilərin qış tətili maraqlı keçəcək

26 Yanvar 2018
Yanvarın 27-dən ümumtəhsil məktəblərində qış tətili başlayacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, bu qurumun tabeliyindəki ümumtəhsil məktəbləri şagirdlərinin qış tətilini səmərəli, mənalı və əyləncəli təşkil etmək üçün çoxlu maarifləndirici tədbir və ekskursiyalar nəzərdə tutulub. Məqsəd məktəblilərin asudə vaxlarının səmərəli keçirməsinə şərait yaratmaq, dünyagörüşlərini, bilik və bacarıqlarını artırmaq, həmçinin onlar arasında Azərbaycan təhsilinin nailiyyətlərlə zəngin inkişaf tarixini təbliğ etməkdir.

Tətil günlərində məktəblilər “YARAT” Müasir İncəsənət Mərkəzində olacaqlar. Fərqli yaş qruplarının tələbatına uyğun təşkil ediləcək ekskursiyalar zamanı mühazirələr və bir sıra yaradıcı oyunlar təşkil ediləcək.

Həmçinin məktəblilərin Xalq Təhsili Muzeyinə ekskursiyaları təşkil olunacaq. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılacaq, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik və proqramlar, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olacaqlar.

Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyalar təşkil ediləcək.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirəcək. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.

Ümumtəhsil məktəblərində tətildən sonra ilk dərslər fevralın 1-də olacaq.