Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Çilinin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

26 Yanvar 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Manuel Silvanın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Xose Manuel Silva fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xose Manuel Silva etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin önəmini vurğulayaraq bununla bağlı Azərbaycan ilə Çilinin bir-biri haqqında daha çox məlumata malik olmasının zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, ölkələrimizin biznes icmaları arasında əməkdaşlıq, rəsmi səviyyədə qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, mədəni tədbirlər, müxtəlif təqdimatlar və sərgilərin təşkil olunması, xalqlar arasında münasibətlər yaxın tərəfdaşlıq əlaqələrinin qurulmasına kömək edə bilər. Dövlətimizin başçısı vurğuladı ki, bütün bunlar, öz növbəsində, iqtisadi əlaqələrin qurulması işinə təkan verər. Bu işdə ticarət və investisiya imkanlarının müəyyənləndirilməsi də mühüm rol oynaya bilər.

Səfir Xose Manuel Silva ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Çili Respublikasının Prezidenti Sebastian Pinyeranın tapşırığı əsasında iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd etdi.