Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçirilib

25 Yanvar 2018
Yanvarın 25-də Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan tələbə-könüllülərinin üçüncü forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, daha sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov bildirib ki, forumun keçirilməsinin əsas məqsədi tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına kömək göstərməkdir. Tədbir ötən il təşkil olunmuş ikinci forumun nəticələrinə, görülmüş işlərə və qarşıya qoyulan yeni məqsədlərə həsr edilib.

Forumun böyük tarixi əhəmiyyətə malik olduğunu diqqətə çatdıran C.Bayramov Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Vurğulanıb ki, bu gün savadlı və hazırlıqlı, innovativ texnologiyalara dərindən yiyələnən, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsi Azərbaycan təhsilinin başlıca hədəfidir. Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxlu sayda layihə sırasında “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən C.Bayramov qeyd edib ki, son illər ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyətləri danılmazdır. “BİR” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün keyfiyyətli və təcrübəli könüllülər ordusu deməkdir.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin deputatı Fuad Muradov tələbə könüllülərə tövsiyələrini verib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonra Azərbaycanda könüllülük sahəsində ilk dəfə həyata keçirilən “Elektron könüllü portalı”nın təqdimatı olub.

Diqqətə çatdırılıb ki, bu sistem vasitəsilə hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərin sertifikatı www.konullu.edu.az saytındakı hesabında yerləşdiriləcək.

Daha sonra ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıblar.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 15 mindən artıq könüllü bazasına sahibdir.