Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbində yeni elektron tədris sistemi yaradılır

25 Yanvar 2018
Bakı Ali Neft Məktəbində (BANM) yeni elektron tədris sisteminin tətbiqinə dair təqdimat keçirilib. Təqdimatda rektor Elmar Qasımov, müəllimlər və əməkdaşlar iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, təqdimatı bu ali məktəbin riyaziyyat müəllimi Tural Abdullayev keçirib.

Təqdimatın ilk mərhələsində sistemin BANM-in gündəlik fəaliyyətinin yaxşılaşdırılması və optimallaşdırılması istiqamətində ümumi faydalarından danışılıb. Belə ki sistemin yeniliklərinin tətbiqi nəticəsində böyük vaxt itkisinin qarşısı alınacaq, sistem insan əməyini əhəmiyyətli azaltdığından əməliyyatlarda səhvə yol verilməsi aradan qaldırılacaq, həmçinin fəaliyyət və proseslərə nəzarət daha asan və vaxt sərfi olmadan həyata keçirilə biləcək.

T.Abdullayev təqdimat zamanı yeni sistemin köməyi ilə BANM-də işin xeyli optimallaşacağını qeyd edərək bildirib ki, indi transkriptlər, arayışlar, diplom əlavəsi, dərs qeydiyyatı, qiymət cədvəli və s. kimi işləri sistem hazırlayacaq. Yeni sistem, həmçinin tələbə haqqında məlumatlar, tələbə bileti, tələbələrin turniket qeydləri, tələbələrin imtahanlarda iştirak siyahısı, tələbələrin təqaüdləri haqqında məlumatları özündə birləşdirərək istifadəçilərə bu istiqamətdə bələdçilik edəcək.

Qeyd edək ki, elektron tədris sistemi BANM rəhbərliyinə tələbələr arasında müəyyən sorğular keçirməyə imkan verəcək və bu da keyfiyyətin təmin olunmasına, yarana biləcək problemlərin dərhal aradan qaldırılmasına kömək edəcək.

Sistemdən yalnız BANM-in işçilərinin deyil, həmçinin tələbələrin də fəal istifadəsi nəzərdə tutulur. Belə ki, tələbələr kitabxana qeydiyyatı, lazımi kitabların axtarılması və sifariş edilməsi, sillabusların əldə edilməsi, imtahanlara qeydiyyat, yataqxanaya qeydiyyat və s. kimi məsələləri özləri sistem üzərindən həll edə biləcəklər.

Yeni elektron tədris sistemi BANM rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Təqdim edilən yeniliklərin yaxın günlərdə tətbiqinə başlanılacaq.