Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakının təhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib

19 Yanvar 2018
Paytaxt məktəblərində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 20 Yanvar mövzusunda konfrans, seminar, “dəyirmi masa” və mühazirələr təşkil edilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Qeyd edilib ki, 20 Yanvar Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi daxil olub. Məktəblilərə bu tarixi heç vaxt unutmamaq tövsiyə edilib.

Tədbirlərdə şagirdlər 20 Yanvar hadisələrinə həsr olunan şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar göstəriblər.

Ümumtəhsil müəssisələrində 20 Yanvar hadisələrindən bəhs edən sənədli və bədii filmlər də nümayiş olunub. Həmçinin Ümumxalq Hüzn Gününə dair divar qəzetləri, stendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxt məktəblilərinin və təhsil işçilərinin şəhid ailələri, Qarabağ müharibəsi veteranları ilə görüşləri də keçirilib. Həmçinin şagird və müəllimlərin Şəhidlər xiyabanına ziyarəti təşkil edilib.