Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2018-ci ildə keçiriləcək buraxılış, qəbul və sınaq imtahanlarının tarixləri elan edilib

17 Yanvar 2018
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaxın aylar ərzində keçirilməsi nəzərdə tutulan, ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanlarının, magistratura və rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinin, ümumi orta (9 illik) təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının birinci mərhələsinin, sınaq imtahanlarının tarixləri müəyyənləşdirilib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə birinci (yaz) qəbul imtahanı mayın 13-də, I və IV ixtisas qrupları üzrə isə mayın 20-də keçiriləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq istəyənlər üçün sınaq imtahanlarının aprelin 1-də, 15-də, 29-da və iyunda (1 dəfə) keçirilməsi nəzərdə tutulur.

Ali təhsil müəssisələrinə, ümumi və tam orta (9 illik və 11 illik) təhsil bazasında kolleclərə qəbul olunmaq istəyən və qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün “Azərbaycan dili” fənni üzrə birinci imtahan aprelin 22-də, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 25-də, rezidenturaya qəbulun birinci mərhələsi isə aprelin 1-də keçiriləcək.

Yanvarın 19-da və 27-də rezidenturaya qəbul olunmaq istəyənlər üçün elektron sınaq imtahanı (baza fənləri üzrə), fevralın 4-də isə magistraturaya qəbul olunmaq istəyənlər üçün kağızdaşıyıcılar vasitəsilə sınaq imtahanı (I mərhələ üzrə) keçiriləcək.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 4-də, 11-də və 18-də təşkil olunacaq.

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən (həmçinin eksternat qaydasında buraxılış imtahanı verən) əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının birinci mərhələsi aprelin 8-də keçiriləcək.

Peşə liseylərinin şagirdləri (11-ci sinif) üçün buraxılış imtahanı martın 18-də keçiriləcək.

Qeyd edək ki, DİM tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyənləşdirildikdən sonra KİV-lərdə məlumat veriləcək və Mərkəzin saytının “Təqvim” bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi izləmək tövsiyə olunur.