Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən il Kiş alban məbədinə dünyanın 64 ölkəsindən turist gəlib

16 Yanvar 2018
Kiş kəndindəki qədim alban məbədi ilin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin qonaqların, beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biridir. 2017-ci ildə Kiş məbədini 16 min 125 turist ziyarət edib. Turistlərin sayı əvvəlki illə müqayisədə 3 min nəfərdən çox artıb. İl ərzində Kiş məbədinə dünyanın 64 ölkəsindən turist gəlib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Kiş Tarix-Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova məlumat verib.

Direktorun bildirdiyinə görə, ötən il məbədi ziyarət edənlərin 7 min 200 nəfəri xarici turistlər olub. 2016-cı ildə isə məbədi 4 min 700 nəfərə yaxın xarici turist ziyarət etmişdi.

Ümumiyyətlə, 2017-ci il ərzində Kiş alban məbədini ziyarət edən xarici turistlər arasında Rusiyadan gələnlər üstünlük təşkil edib – 1190 nəfər. Bundan əlavə, ötən il Kiş məbədini Birləşmiş Ərəb Əmirliyindən 860 nəfər, Almaniyadan 722 nəfər, Cənubi Koreyadan 580 nəfər, İsraildən 506 nəfər, Polşadan 390 nəfər, ABŞ-dan isə 380 nəfər ziyarət edib. İl ərzində Fransa, İtaliya və Çin Xalq Respublikasından da Kiş məbədinə xeyli sayda turist gəlib.

Xatırladaq ki, I əsrdə Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan Kiş alban məbədi bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilkgünbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında abidədə Azərbaycan-Norveç birgə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsini əbədiləşdirmək üçün məbədin qarşısında onun büstü də qoyulub.

Kiş məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə dünya əhəmiyyətli abidələr siyahısına daxil edilib və tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Məbədin yerləşdiyi ərazidə 2003-cü ildə Kiş Tarixi-Memarlıq Qoruq-Muzeyi yaradılıb. 2009-cu ildə isə muzeyə ayrıca qoruq statusu verilib.