“Bakı-2017” Azərbaycan fotoqraflarının gözü ilə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı-2017” Azərbaycan fotoqraflarının gözü ilə

16 Yanvar 2018
 

2017-ci ilin ən yadda qalan idman hadisələrindən biri Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunları idi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq  birinci yeri tutdular.

İslamiada dünya və Azərbaycan mətbuatının da xüsusi diqqət mərkəzində idi. İslam aləminin ən möhtəşəm yarışını yüksək səviyyədə işıqlandıran KİV-dən biri də “Azərbaycan” qəzeti oldu. Yarışın başlamasına bir neçə ay qalmış  xüsusi nömrələri ilə oxucuların diqqətini çəkən nəşr gündəlik xəbərləri, oyunların Azərbaycan üçün vacibliyini, əhəmiyyətini əks etdirən məqalələrlə böyük maraq yaratdı.

Yarış günləri isə “Azərbaycan” idman qəzeti kimliyinə çevrildi. Yarışların təşkil edildiyi arenalardan dolğun fotoreportajlar, atletlərimizin  medal qazandıqları hər bir idman növü haqqında geniş, təhlili yazılar oxucuların böyük marağına səbəb oldu.

Yarışlardan sonra isə Muzey Mərkəzində Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgi təşkil edilib.

Bu günlərdə isə 52 müəllifin 200-ə yaxın əsərinin nümayiş etdirildiyi sərgidə yer alan fotoların fonunda   IV İslam Həmrəyliyi Oyunları “Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotoalbom çap olunub. Turnirin ən unudulmaz məqamlarının əks olunduğu fotoalbomda  “Azərbaycan” qəzetinin əməkdaşlarının da fotoşəkilləri yer alıb.

 

“Azərbaycan”