Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın turizm imkanları Ukraynanın yüksək reytinqli televiziya kanalında

15 Yanvar 2018
“Ailə və romantik istirahət yeri”, “Türkiyə və Misirin yeni rəqibi” - Azərbaycan və Bakı haqqında söylənilən bu coşqulu ifadələr Ukrayna telekanalı STB-nin məşhur “Зважені та щасливі” tele-şousunun finalında səslənib. Bu tele-şou Ukraynada yüksək reytinqli televiziya verilişdir.

Milli Turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə AZƏRTAC-a bildirilib ki, final şousunu bu dəfə 13 milyon tamaşaçı izləyib.

Tele-şounun hazırlanması zamanı Bakıda aparılan çəkilişlər Milli Turizm Təbliğat Bürosu və AZAL-ın birgə dəstəyi ilə həyata keçirilib.

Bildirilib ki, Ukrayna bazarı ölkəyə turist cəlbi baxımdan ən əsas potensial bazarlardan biridir. Bu baxımdan, Milli Turizm Təbliğat Bürosu bu istiqamətdə aktiv fəaliyyət göstərir. Xüsusilə, Ukrayna hava yolları - UIA ilə əməkdaşlıq çərçivəsində uzun müddətdir birgə layihələr həyata keçirilir, bu ölkədən mütəmadi qaydada turizm agentliklərinin nümayəndələri, jurnalistlər və blogerlərin Azərbaycana səfərləri təşkil edilir. Eyni zamanda, Milli Turizm Təbliğat Bürosu tərəfindən Ukraynada tədbirlər təşkil olunur. Son belə görüş paytaxt Kiyevdə keçirilib və tədbirdə Azərbaycanın turizm potensialı haqqında iyirmiyə yaxın turizm şirkətinə təqdimatlar edilib, onlarla yerli turizm şirkətləri arasında əlaqələr formalaşdırılıb.

Vurğulanıb ki, 2017-ci ildə, Azərbaycana Ukraynadan 57 min 756 turist səfər edib. Bu göstərici ilə Ukrayna dünyanın digər ölkələri arasında Azərbaycanın ən çox turist qəbul etdiyi 7-ci ölkədir. Aparılan işlər və araşdırmalar göstərir ki, bu rəqəmlər 2018-ci ildə daha da artacaq. 2017-ci ilin nəticələrinə əsasən, ümumilikdə, 2016-cı ilə nisbətdə Azərbaycana gələn turistlərin sayında 20 faiz-dən çox artım müşahidə olunub.

Milli Turizm Təbliğat Bürosu oxşar fəaliyyətləri ənənəvi turizm bazarlarında olduğu kimi, eynilə yeni bazarlarda da həyata keçirir. Bunlara ABŞ, Avropa, Çin, Hindistan və başqaları daxildir. Büro bazarın tələbatına uyğun olaraq müxtəlif ölkələrin turizm şirkətləri və agentlikləri ilə birlikdə yeni xidmət paketləri, marşrutlar, turlar və s. üzrə müzakirələr aparır və formalaşdırır.