Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci ildə ölkə üzrə 177 min daimi iş yeri açılıb

14 Yanvar 2018
 

Ötən il də əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas hədəf olmuşdur

 

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda il ərzində sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər geniş müzakirə edilmiş, cari ildə görüləcək işlərin istiqamətləri müəyyənləşdirilmişdir. İclasda dünyada mövcud olan mürəkkəb iqtisadi proseslər fonunda ölkəmizdə sosial problemlərin uğurla həll edilməsindən də danışılmışdır.
İclasda Prezident İlham Əliyev demişdir: “2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir. Onu da qeyd etməliyəm ki, keçən il 47 min iş yeri bağlanmışdır. Ancaq eyni zamanda biz ciddi təhlil aparmalıyıq, görməliyik ki, hansı səbəblər üzündən 47 min iş yeri bağlanmışdır. Ancaq bununla belə 177 min daimi iş yerinin açılması, 47 min iş yerinin bağlanması yenə də burada da müsbət saldonu təmin edir və beləliklə, ölkəmizdə işsizliyin aşağı səviyyədə saxlanması üçün yaxşı imkanlar yaradır”.
Həqiqətən də sosial siyasətin əsas istiqaməti əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsinin diqqət mərkəzində saxlanmasıdır. Elə bu səbəbdən əmək qabiliyyətli əhalinin sürətlə artdığı ölkəmizdə çevik məşğulluq siyasəti həyata keçirilir. Yəni əmək bazarında sabitləşdirmə məqsədilə həm qısamüddətli səmərə verən sosial məsuliyyətdən, ictimai işlərin təşkili kimi dövlət məşğulluğu tədbirlərindən, həm işaxtaranlara kömək və peşə təlimi kimi dəstəkləyici vasitələrdən, həm də uzunmüddətli səmərəyə hesablanmış biznesə dövlət köməyi və güzəştlərin verilməsindən tənzimləyici elementlər kimi istifadə edilir. Təkcə ötən il sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə 15 min işçi ilə əmək müqaviləsinin müddəti uzadılmış, 7 min işaxtaranla yeni əmək müqaviləsi bağlanmış, ictimai işlərin təşkili proqramı üzrə 19 min nəfər yerli icra hakimiyyətləri tərəfindən təmir və abadlıq işlərinə cəlb olunmuşdur. Bununla dövlət məşğulluğu tədbirləri hesabına 41 min 400 nəfər işaxtaran iş yeri ilə təmin edilmişdir.
Aqrar sektorda aparılan islahatlar da yeni əmək resurslarının cəlb edilməsinə imkan yaradır. Bunun nəticəsidir ki, regionlarda 200 min nəfərdən çox işçini istehsal proseslərinə cəlb etmək mümkün olmuşdur. Ümumiyyətlə, ötən il məşğulluq orqanları tərəfindən 47 min 900 nəfər işlə təmin edilmiş, 1160 nəfər haqqı ödənilən ictimai işlərə, 3 min 120 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunmuş, 14 min 820 nəfərə işsizlik müavinəti ödənilmişdir.
Əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində müxtəlif layihələr də həyata keçirilir. Belə layihələrdən biri aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb olunmasını nəzərdə tutan özünüməşğulluğun təmin olunmasıdır. Bu layihənin icrası sayəsində 76 şəhər və rayonda aktivlərlə təmin edilən 1172 ailə kiçik ailə təsərrüfatı yaratmışdır. Yeri gəlmişkən qeyd edək ki, cari ildə bu istiqamətdə görülən işlərin 6 dəfəyə yaxın artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, minlərlə insan iş yeri qazanaraq ailəsinin sosial rifahını yaxşılaşdırmaq imkanı əldə edəcək.
Məşğulluğun təmin olunmasında dövlət tərəfindən qəbul edilən normativ hüquqi aktların da böyük əhəmiyyəti var. Belə ki, əvvəllər işləyən, amma dövlət qeydiyyatında olmayan minlərlə vətəndaş var idi. Bu səbəbdən onlar təbii ki, statistikada işsiz kimi qeyd edilirdi. Üstəlik, onlar əmək pensiyası almaq hüququndan məhrum olurdular. Bu sahədə görülən tədbirlər nəticəsində keçən il 44,7 min əmək müqavilələri imzalanmışdır. Nəticədə iş üçün məşğulluq mərkəzlərinə müraciət edənlərin sayı xeyli azalmışdır. Əgər 2016-cı ildə bu məqsədlə məşğulluq orqanlarına 204 min nəfər müraciət etmişdisə, ötən il həmin göstərici 1,7 dəfə azalaraq 118 minə enmişdir.
İş yerlərinin leqallaşdırılması əmək bazarında məcburi dövlət sosial sığorta haqlarının artmasına da imkan yaradır. Bu hesaba qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqlarının məbləği 2016-cı illə müqayisədə ötən il 130 milyon manat artaraq 1 milyard 338 milyon manata çatmışdır.
Məşğulluq imkanlarının genişlənməsi, xüsusilə regionlarda əhalinin kənd təsərrüfatı işlərinə cəlb olunaraq gəlir əldə etmək imkanlarının güclənməsi, eyni zamanda ünvanlı sosial yardım proqramına müraciətlərin sayını da azaltmışdır. Belə ki, ötən ilin əvvəlində 159,5 min ailə ünvanlı sosial yardım alırdısa, ilin sonuna belə ailələrin sayı 2 dəfə azalaraq 80 min olmuşdur. Ümumiyyətlə, il ərzində bu məqsədlə müvafiq orqanlara edilən müraciətlərin sayı ilin əvvəlinə nisbətən 4 dəfə azalmışdır.
Cari ildə də aktiv məşğulluq tədbirlərinin genişləndirilməsi və işsizliyin minimum səviyyədə saxlanması, qeyri-leqal məşğulluqdan leqal məşğulluğa keçidi dəstəkləməklə işləyənlərin müvafiq sığorta sistemləri ilə daha çox əhatə olunması, ailə gəlirlərinin formalaşmasında əməkhaqqı payının artırılması siyasəti həyata keçiriləcək. Bununla yanaşı, əmək bazarının tələblərinə uyğun çevik peşə, təhsil üçün peşə-tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi, məşğulluq xidmətlərinin göstərilməsinin və işsizlikdən sığorta ödənişlərinin təmin olunması və ödənilməsinin avtomatlaşdırılması, sosial xidmət sferasının səmərəliliyinin daha da yüksəldilməsi, əlilliyi olan şəxslərin hüquqlarının qorunması üçün onlara müvafiq imkanların yaradılması məqsədilə hüquqi bazanın formalaşması və praktik tədbirlərin görülməsi davam etdiriləcək.

Rüstəm KAMAL,
“Azərbaycan”