Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın neft-qaz ehtiyatları 9,5 milyard ton həcmində qiymətləndirilir

14 Yanvar 2018
 

İndiyədək Azərbaycanda 2 milyard tondan çox neft çıxarılıb. Hazırda ölkənin həm dənizdəki, həm də qurudakı yataqlarından neft və qaz alınır. Hasil olunan karbohidrogenlərin əsas hissəsi xarici şirkətlərlə birgə işlənən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından əldə edilir. 20 il əvvəl “Çıraq”dan ilk neft alınandan bəri AÇG ümumilikdə 445 milyon ton neft və 140 milyard kubmetr qaz verib. 

Azərbaycanın karbohidrogen ehtiyatları hələ çoxdur, onlar şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir. Bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə də təsdiqləyir: “Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 milyard ton, qaz ehtiyatı isə 2 trilyon 550 milyard kubmetr həcmindədir. Proqnozlaşdırılan neft ehtiyatı 2 milyard ton, qaz ehtiyatı isə 3 trilyon 450 milyard kubmetrdir. Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur.
Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir”.
Son illərdə Xəzərin ölkəmizə məxsus sektorunda kəşf edilmiş yeni yataqlar qədim neft diyarı Azərbaycanın həm də zəngin qaz mənbələrinə malik olduğunu göstərmişdir. Azərbaycan qısa müddət ərzində dünyada qaz ixrac edən ölkə kimi tanınmışdır.
Bu, ilk növbədə, böyük ehtiyatları olan “Şahdəniz” yatağının sayəsində baş vermişdir. Bu yatağın sərvəti 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir. Başqa sözlə, bu, dünyanın ən böyük qaz yataqlarından biridir. Ümumilikdə isə qaz ehtiyatlarımız yuxarıda qeyd edildiyi kimi, 2,6 trilyon kubmetrə yaxındır. Bu isə o deməkdir ki, Azərbaycan ən azı 100 il ərzində özünü və bir çox ölkələri təbii qazla təmin edə bilər.
“Şahdəniz” sahildən təxminən 75 kilometr cənubda yerləşən nəhəng yataqdır. Nəhəngliyi onunla sübut olunur ki, bu yatağın ehtiyatlarını iki mərhələdə işləmək lazım gəlib. Mütəxəssislərin dediklərinə görə, hətta “Şahdəniz-3”ün də olacağı istisna deyil.
“Şahdəniz-1”dən 12 ilə yaxındır qaz hasil olunur. Artıq “Şahdəniz-2” layihəsi üzrə quruda və dənizdə aparılan işlər də sona yaxınlaşır.
Keçən ilin fevral ayında “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən üçüncü toplantısı zamanı Azərbaycanın böyük qaz ehtiyatlarına malik olması bir daha vurğulandı. Toplantı iştirakçılarının qəbul etdikləri bəyannamədə Azərbaycanın Avropaya əlavə qaz həcmləri verə biləcək işlənməmiş əhəmiyyətli mənbələrinin olduğu da göstərildi. Qeyd edildi ki, “Abşeron”, “Ümid”, “Babək”, “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi”, “Şahdəniz-3” və digər yataqlar “Cənub qaz dəhlizi”nin növbəti inkişaf mərhələsində ehtiyat bazası ola bilər. Bu yataqlar sırasında “Abşeron”un xüsusi yeri var.
Xəzər dənizinin dərin sularında yerləşən “Abşeron” bloku üzrə 2009-cu il fevralın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-la Fransanın “Total” şirkəti arasında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. 2011-ci il sentyabrın 1-də “Abşeron” Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq kəşfiyyat dövrü ərzində operator qismində çıxış edən “Total E&P Absheron” Azərbaycanın bu dəniz blokunda iri qaz yatağının aşkarlandığını bildirib.
2017-ci ilin fevralında SOCAR layihənin İşlənmə Proqramını təsdiq edib. İşlənməyə Erkən Hasilat Proqramı ilə start veriləcək. Bu proqrama əsasən, 2019-cu ilin sonu üçün yerli bazar qazla təmin ediləcək.
“Abşeron” bloku dənizdə, Bakıdan 100 kilometr aralıda, suyun 500 metr dərinliyində yerləşir. Birinci quyunun qazılmasından sonra aparılan araşdırmaların nəticələri quyuda bir neçə trilyon kubfut qaz və kondensatın olduğunu təsdiq edib.
“Abşeron”un kəşfindən sonra ilkin layihə işlərinə start verilib. İlkin işlənmə mərhələsinin nəticələri, eləcə də dünya iqtisadiyyatının, o cümlədən neft-qaz sənayesinin hazırkı vəziyyəti nəzərə alınaraq “Abşeron” yatağının işlənməsinə erkən hasilat planı ilə başlamaq qərara alınıb.
Prezident İlham Əliyev keçən il Bakıda keçirilən XXIV Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransının açılış mərasimində “Abşeron”un perspektivlərinə, yatağa bəslənən ümidlərin tezliklə doğrulacağına inamını ifadə edərək demişdir: “Cənub qaz dəhlizi” layihəsinin icrası artıq yeni layihələrə də start verdi. Hazırda növbədə “Böyük Abşeron” layihəsinin işə başlamasıdır. Əslində, işlər başlamışdır. Biz “Abşeron” layihəsindən, - təqribən 350 milyard kubmetr qaz ehtiyatları var, - 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda paralel olaraq “Ümid-Babək” və “Dayaz sulu” layihələri də icra edilir. Bu layihələrin də yaxın illərdə fəaliyyətə başlaması, yəni hasilatın başlaması gözlənilir”.
Xəzərdə ümid verən digər yataqlar da var. Onlardan biri “Şəfəq-Asiman” perspektiv strukturudur. Blok Bakıdan təqribən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir. Onu Xəzərdə “Şahdəniz” qaz-kondensat yatağından 60 kilometrlik məsafə ayırır.
“Şəfəq-Asiman” dənizin dərinsulu hissəsində yerləşir. Burada suyun dərinliyi 600-800 metr arasında dəyişir. Kollektorun dərinliyi isə 7000 metrə çatır.
Blok təxminən 1100 kvadratkilometr ərazini əhatə edir. Burada indiyədək heç bir geoloji kəşfiyyat işi aparılmamışdı.
2010-cu ilin oktyabr ayında Bakıda SOCAR və BP arasında strukturun birgə geoloji kəşfiyyatı və işlənməsinə dair HPBS imzalandı. HPBS-də BP və SOCAR iştirak paylarını tən yarı bölürlər.
2012-ci ilin əvvəlində “Gilavar” seysmik tədqiqat gəmisinin mütəxəssisləri strukturda aparılan üçölçülü seysmik məlumatların əldə olunması proqramını başa çatdırdılar. Sonra həmin məlumatların emalı aparıldı. Məlumatların interpretasiyası 2015-ci il ərzində başa çatdıqdan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır. Əməliyyatçı olan BP şirkətindən aldığımız məlumata görə, bu istiqamətdə işlər davam edir.
Daha bir Hasilatın Pay Bölgüsü Sazişi SOCAR və BP arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahələr üzrə imzalanmışdır. Sazişin əhatə sahəsi yarımadanın cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Bu sahəyə suyun dərinliyi 40 metrədək, potensial məhsuldar layın (kollektorun) dərinliyi isə 3000-5000 metr olan ərazilər daxildir.
2015-ci ilin may ayında ratifikasiya olandan sonra müqavilə sahəsində üçölçülü seysmik tədqiqat proqramının həyata keçirilməsi üçün hazırlıq işlərinə başlanmışdır. İkiölçülü seysmik tədqiqat proqramı 2015-ci ilin dekabr ayında təhlükəsiz şəkildə başa çatdırılmışdır. Ərazidən 2016-cı ildə əldə edilmiş üçölçülü məlumatların interpretasiyası və emalı yekunlaşmaq üzrədir.
Perspektiv strukturlardan neft, yoxsa qaz alınacaq? Bunlar hələ dəqiq məlum deyil, vəziyyəti tədqiqatların nəticəsi göstərəcək. Lakin dəqiq məlum olan ehtiyatlar da var. Məsələn, 2050-ci ilədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan daha 500 milyon tona qədər neft hasil olunacaq. Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar investisiya qoyulub və bundan sonra da bir o qədər sərmayə yatırılacaq. Qeyd edək ki, 2018-ci ildə AÇG-dən xam neft hasilatının həcminin 204,4 milyon barel, yəni 28 milyon ton olacağı proqnozlaşdırılır. SOCAR-ın istismar etdiyi yataqlardan da hasilat ahəngdar davam edəcək.

Flora SADIQLI,
“Azərbaycan”