Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

3 mərtəbə, 101 otaq, 300 mindən artıq eksponat

14 Yanvar 2018
 

Milli Azərbaycan Tarixi Muzeyi keçmişdən gələcəyə körpüdür

 

Bir zamanlar böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ağlına belə gəlməzdi ki, tikdirdiyi bu ev nə zamansa Azərbaycanın Tarix Muzeyi ola bilər. Vaxtilə məşhur Bakı milyonçusunun şəxsi mülki olan bu məkan indi xalqımızın zəngin tarix muzeyinə çevrilib.

 

Tağıyev sarayının yeni büsatı

Tarix muzeyi 1920-ci ilin iyulundan Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilmiş və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul etmişdir. 2005-ci ildə Tarix muzeyində əsaslı bərpa və yenidənqurma işləri aparılmış, iki il ərzində görülən işlər nəticəsində Tağıyev sarayının bənzərsiz xarici və daxili görünüşü yenidən özünə qaytarılmışdır. 2007-ci il dekabrın 28-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin açılışını etmişlər.

3 mərtəbə, 101 otaqdan ibarət olan muzey Azərbaycan tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir. Burada xalqımızın keçmişini özündə yaşadan, tarixi yolunu əks etdirən 300 mindən artıq eksponat və material mövcuddur. Daş dövrünə, orta əsrlər və antik dövrə aid əşyalar muzeyin qiymətli eksponatları sırasındadır.

Milyon illik daşlaşmış ağac qalığı

 

Ekspozisiyalar 2 mərtəbədə nümayiş olunur. Bölmədə bütün məlumatlar Azərbaycan, rus, ingilis dillərində tərtib edilib. Bununla da ölkəmizə gələn turistlər, ziyarətçilər muzeydə Azərbaycan haqqında ətraflı informasiya ala bilərlər. Birinci mərtəbə Azərbaycan tarixinin ən qədim dövrlərindən Nadir şahın ölümünə qədər olan zamanı əhatə edir.

Muzeyin ekskursiyaçısı Qənirə Qafarlı ilk eksponat kimi Azərbaycan ərazisinin kosmosdan görünüş xəritəsini təqdim edir. Xəritədə Azərbaycanın ərazisi, əhalisi, florası, faunası və s. barədə məlumatlar var.
Həmin zalda Tarix muzeyinin ən qədim nümunəsi olan daşlaşmış ağac qalığını görürük. Uzunluğu 52,5, eni isə 12 sm olan bu qalıq ekspozisiyanın daimi eksponatıdır. Azərbaycanlı geoloqlar tərəfindən Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən tapılaraq götürülən daşlaşmış ağacın yaşı milyon illərlə hesablanır.
Bir başqa vitrində 1968-ci ildə Qarabağda, Xocavənd rayonundakı Azıx mağarası düşərgəsindən tapılmış, 350-400 min il əvvəl yaşamış 18-20 yaşlı qadına məxsus alt çənə sümüyü parçasının mulyajı göstərilir. Əsli isə muzeyin Xüsusi fondunda saxlanılır.

Qarabağ atları ən qədim at cinsləridir

 

Qəbir nümunələri də muzeyin maraqlı eksponatları sırasındadır. Diqqəti çəkən isə son tunc ilk dəmir dövrünə aid torpaq qəbridir. Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən bu qəbir qadına məxsusdur. O dünyada ölünün yenidən diriləcəyinə inanan insanlar onun yanına məişət qabları və bəzək əşyaları ilə bərabər (kişilərin qəbrinə silah da qoyulurdu) bəzən magik qüvvəyə malik olduğu düşünülən tısbağa da qoyurdular.

Azərbaycanda qədimdən müxtəlif at cinsləri olub. Ekspozisiyada ən qədim at cinsi olan “Qarabağ atı” bölməsi də maraq doğurur. Heykəltəraş Məmməd Rəşidovun müəllifi olduğu kompozisiya sudan çıxmış azad at mənasını verir.

Şanlı dövlətçilik ənənələri

 

Muzeyin ikinci mərtəbəsindəki ekspozisiyalar Xanlıqlar dövründən 1920-ci ilə qədər olan dövrü əhatə edir. Eyni zamanda, Xocalı soyqırımına, Qarabağ müharibəsinə aid zallar və Tağıyevin xatirəsinə həsr olunmuş xatirə muzeyi də həmin mərtəbədə yerləşir.
İkinci mərtəbədə yerləşən Avropa zalı Azərbaycan xanlıqlarına həsr olunub. Zalın üst hissəsində Bakı, Gəncə, İrəvan, Təbriz, Naxçıvan, Şəki xanlıqlarının bayraqları təqdim olunur. Həmçinin burada xanlıqlar dövrünə aid müxtəlif xalçalar, sənədlər, geyim və məişət əşyaları, hakimiyyət rəmzləri, eksponatlar, müqavilələr, dövrü əks etdirən şəkillər də diqqət çəkir.
Ekspozisiyada neft sənayesinə aid vitrinlər də var. Həmin vitrinlərdə neft quyularının qazılması və neftin çıxarılması zamanı istifadə edilən qazma avadanlığı, neftçi fəhlənin paltarı və əlcəyi, tartal vedrəsi, neft mədənlərində istifadə edilən fənər, o dövrün neft şirkətlərinin sənədləri və s. nümayiş etdirilir.

“Sonsuzluq güzgüsü”

 

Muzeyin ikinci mərtəbəsində Azərbaycan milli ordusuna aid geyimlər, silahlar, həmçinin ticarət, iqtisadiyyat, təhsil, elm, mədəniyyət, xalq inancları və ruhanilik bölmələri də ziyarətçilərə nümayiş etdirilir. Burada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı materiallar da öz əksini tapıb.
Milli Azərbaycan Tarixi Muzeyinə gələnlər buranı həm də Hacı Zeynalabdin Tağıyevin evi kimi ziyarət edirlər. Tağıyevin ev muzeyində 8 otaq ziyarətçilərə təqdim olunur. Girişdə Tağıyevin tikdirdiyi binalar, gördüyü xeyriyyə işlər barədə məlumat bölməsi yerləşdirilib. Həyat və fəaliyyətinə dair fotoşəkillər, tarixi sənədlər, məşhur xeyriyyəçiyə məxsus qiymətli əşyalar qorunur.
Tağıyevin ev muzeyindən çıxarkən maraqlı mənzərəylə rastlaşırsan - üç iri güzgü... Güzgünü xüsusi edən özəllik isə sonsuzluq təəssüratı yaratmasıdır. Yəni, “Sonsuzluq güzgüsü” adlandırılan bu yerdə insan özünü sonsuz sayda görə bilir.

 

Turistlərdə tarixi keçmişimizlə bağlı dolğun informasiya yaranır

 

Muzeydə mütəmadi olaraq məktəblilər və tələbələr üçün açıq dərslər keçirilir. Qənirə Qafarlı bildirdi ki, son günlər muzeyi ziyarət edən turistlərin sayı da çoxalıb. Xidmət haqları isə müxtəlifdir. Qiymətlər 2-10 manat arasında dəyişir. Ödənişsiz giriş isə məktəbəqədər uşaqlara, uşaq evləri və internat məktəblərinin şagirdlərinə, həqiqi xidmətdə olan hərbi qulluqçulara, I və II qrup əlillər, Milli qəhrəmanlar, müharibə əlilləri və veteranları, şəhid ailələrinə muzeylərin əməkdaşlarına və Beynəlxalq Muzeylər Şurasının üzvlərinə icazə verilir. Hər ayın ilk çərşənbə günü və 18 may - Muzeylər günü isə muzeyə giriş ödənişsizdir.
Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan, kompleksləşdirən, nümayiş və təbliğ edən mədəniyyət ocağı, dövlətin xəzinəsidir. Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən muzeylər ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Muzey həm də şahiddir. O, eyni zamanda, keçmişimizi və bugünümüzü gələcəyə çatdıran ən yaxşı bələdçidir.

Səbinə MƏMMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”