Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qışa hazırlıqla bağlı görülən tədbirlər sayəsində Gədəbəydə problem yaşanmır

14 Yanvar 2018
 

Dağlıq ərazidə yerləşən Gədəbəydə qış mövsümü soyuq və şaxtalı keçdiyindən hazırlıq işlərinə yay aylarında başlanılır. Rayon əhalisinin  kommunal xidmətləri ilə normal təmin edilməsi, piyadaların və avtomobillərin hərəkətinin təhlükəsiz və intensiv təşkili, idarə, müəssisə və təşkilatlarda iş ahənginin pozulmaması məqsədilə qışa hazırlığın təşkili və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır.

Rayon icra hakimiyyəti başçısının müavini Vüsal Musayev: “Ötən illərin təcrübəsi göstərir ki, qış mövsümünə hazırlıq xüsusi diqqət tələb edən məsələlərdəndir. Belə ki, bəzi hallarda yağıntının, xüsusilə qarın çox olması bütün infrastrukturlara, eləcə də əhalinin normal həyatına mənfi təsir göstərir. Elə buna görə də qış mövsümünə hazırlıqla bağlı yay aylarında xüsusi tədbirlər planı hazırlanaraq icra hakimiyyətinin şura iclasında müzakirə edilir. Hazırlıqla bağlı qərargah yaradılır və tədbirlər planının icrasına nəzarət gücləndirilir”.

Məlum olduğu kimi, qış mövsümündə ən vacib məsələlərdən biri yollara göstərilən xidmətdir. Odur ki, magistral yollarda hərəkətin təhlükəsiz və intensiv təşkili üçün rayonda fəaliyyət göstərən 32 nömrəli Yol-İstismar İdarəsinin fəaliyyətinə nəzarət xeyli gücləndirilir. Bu məqsədlə iyun ayında idarənin tədbirlər planı təsdiq edilmiş, qışa hazırlıq işlərinin vəziyyəti müzakirə olunmuşdur. Hazırda enişli-yoxuşlu və sürüşkənlik olan yolların kənarlarına 2000 kubmetr qum, 50 ton texniki duz yığılmışdır. Bundan başqa, 2 avtoqreyder, 2 buldozer, 1 avtoyükləyici və 5 yükünü özüboşaldan avtomaşın saz vəziyyətə salınmışdır. Rayon mərkəzinin küçələrində, eləcə də əhalinin daha çox toplaşdığı meydanlarda hərəkətin təhlükəsizliyi məqsədilə 100 kubmetr qum tədarük edilmişdir.

Qış mövsümündə qarşıda duran əsas vəzifələrdən biri də əhalinin və dövlət strukturlarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsidir. Bu məqsədlə Gədəbəy Elektrik Şəbəkəsi tərəfindən 20,5 kilometr hava xəttində əsaslı təmir işləri aparılmış, zədəli 72 dayaq yeni metal dayaqlarla, 10,5 kilometr elektrik naqilləri yenisi ilə əvəz edilmiş, 40 transformator yarımstansiyası təmir olunmuşdur. Hazırda 10 kilovoltluq Böyük Qaramurad və Novoivanovka xətlərində yenidənqurma işləri davam etdirilir. 

Qış mövsümündə ən vacib sahələrdən olan təbii qazla təminatda da elə bir problem yaşanmır. Qeyd edək ki, hazırda rayonda 1 şəhər və 35 kənd olmaqla 36 yaşayış məntəqəsi təbii qazla təmin edilir. Qış mövsümünə hazırlıqla bağlı bu sahədə də bir sıra yenidənqurma işləri aparılmışdır. Belə ki, yay aylarında aparılan yoxlamalar zamanı yerüstü orta və aşağı təzyiqli daxili qaz xətlərində aşkar edilmiş sızmalar aradan qaldırılmış, ümumilikdə 2351,1 poqonmetr müxtəlif diametrli istismara yararsız qaz xətti yenisi ilə əvəz edilmiş, əlavə 127 sayğac quraşdırılmış, 2195 poqonmetr köhnə qaz xətti torpaq altından çıxarılaraq əsaslı təmir edilmişdir. Bundan başqa, Gədəbəy şəhərinin bir sıra küçələrində, Arıqdam, Maarif, Slavyanka və Zəhmətkənd kəndlərində müxtəlif diametrli qaz borularının korroziyaya uğramış hissələri dəyişdirilərək dayaqlar üzərinə qaldırılmışdır.

Qış aylarında ən böyük problem Gədəbəy şəhərinin içməli su təchizatı ilə bağlı olurdu. Həmin problemin də aradan qaldırılması üçün kompleks tədbirlər həyata keçirilmiş, şəhərin su və kanalizasiya sistemi yenidən qurulmuş, bütün abonentlər üçün su sayğacları quraşdırılmışdır.

Qış mövsümü ilə bağlı rayon Telekommunikasıya Qovşağı və Poct Xidməti sahələrində də bir sıra hazırlıq işləri görülmüşdür. Belə ki, Gədəbəy-Şəmkir avtomagistralının Slavyanka və Zəhmətkənd kəndlərinin ərazisindən keçən hissəsinin kənarlarında 40 rabitə dayağı yenisi ilə əvəz edilmiş, bütün kəndlərdəki elektron ATS-lər elektrik generatorları ilə təmin olunmuşdur.

Rayonda qış mövsümünə hazırlıq zamanı orta ümumtəhsil məktəbləri, eləcə də səhiyyə və mədəniyyət müəssisələri xüsusi nəzarətdə saxlanılır. Rayonda mövcud olan 83 ümumtəhsil məktəbindən 61-i fərdi qaydada sobalarla, 22-si isə mərkəzləşdirilmiş istilik sistemi ilə qızdırılır. Fərdi qaydada qızdırılan məktəblər üçün 1500 kubmetr odun tədarük edilmişdir.

Akademik Zərifə Əliyeva adına Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında və kəndlərdəki bütün tibb məntəqələrində də qışa hazırlıqla bağlı bir sıra işlər həyata keçirilmişdir. Binaların dam örtüklərində təmir işləri aparılmış, elektrik xətləri yararlı vəziyyətə gətirilmiş, tüstü bacaları təmizlənmiş, ehtiyacı olan tibb müəssisələri soba və borularla təmin edilmişdir.

Mövsümlə bağlı həyata keçirilən tədbirlərdən biri də vətəndaşların təsərrüfatlarında olan mal-qaranın qışlaması ilə bağlı yaradılan şəraitdir. Öncə fərdi təsərrüfatlarda baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün geniş təbliğat işləri aparılmışdır. Bundan başqa, digər bölgələrdən rayona gətirilən heyvanların və quşların baytar nəzarətindən keçirilməsi ciddi nəzarətə götürülmüşdür.

Həyata keçirilən bütün tədbirlər deməyə əsas verir ki, gədəbəylilər qış mövsümünü problemsiz başa vuracaqlar.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”