Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəla “gəlirəm” deyir...

14 Yanvar 2018
 

Hər fəslin gözəllikləri ilə yanaşı spesifik problemləri də mövcuddur. Bunu ictimai həyata aid gündəlik xəbərlərdən sezmək olur. Yay - istirahət, əyləncə, səyahət demək olsa da, suda-dənizdə qeydə alınan bədbəxt hadisələrlə də “fərqlənir”. Payız bolluq-bərəkət fəsli kimi, qış-bahar romantik, ülvi duyğularla vəsf olunur, ancaq xüsusilə soyuq keçən dövrlərində evlərə bədbəxtlik də “gətirir”. Hərçənd, bunda nə fəsillərin günahı var, nə soyuğun... Hər il havalar soyumağa başlayandan sonra fərdi ev və ya mənzillərdə dəm qazından boğulma hadisələri haqqında xəbərlər mütəmadi hal almağa başlayır. 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin mətbuata verdiyi məlumata görə, 2016-cı ildə dəm qazından zəhərlənmə ilə bağlı xəstəxanaya 455 müraciət olub, ötən ildə isə analoji müraciətlərin sayı 190-a düşüb. Kəskin azalma təqdirəlayiq haldır və bunda əlaqədar təşkilatların, mətbuatın maarifləndirmə işinin təsiri inkaredilməzdir. Bununla belə, dəm qazından boğulma halları əhalisi daha çox, qışı daha sərt keçən (məsələn, Rusiya, Ukrayna və Qazaxıstanda) ölkələrə nisbətən daha çoxdur. Deməli, bu istiqamətdə fəaliyyət bir qədər də genişləndirilməlidir. Dəm qazı ilə bağlı bədbəxt hadisələrin statistikasını sıfıra endirmək mümkündür və bu, utopik istək deyil. Bunun üçün müəyyən təhlükəsizlik qaydalarına ciddi riayət etmək və önləyici tədbirlər görmək kifayətdir. Bəla “gəlirəm” deməz, söyləyirlər. Əslində isə bəla gəldiyini deyir də, göstərir də. Onu sadəcə sezməyi, görməyi bacarmaq lazımdır. Hər hansı bir təhlükədən qorunmaq üçün isə əvvəlcə onun halını, xassəsini, xüsusiyyətlərini bilmək vacibdir ki, bunlara müvafiq də hazırlıq və ya tədbir görülsün.
Dəm qazı nədir? Bu zəhərli qazın ən təhlükəli cəhəti iysiz və rəngsiz olmasıdır. Adi halda nəfəs alarkən ağciyərdən qana ötürülən oksigen orqanizmin bütün hüceyrələrinə daşınır. Dəm qazı qana keçdikcə isə, hemoqlobinlə birləşir və oksigenin ayrılmasını əngəlləyir. Yəni hüceyrələr oksigenlə təmin olunmur, qidalanmır. Belə vəziyyətdə ilk növbədə beyin öz funksionallığını itirir. Sonrakı fəsadlar da bəllidir...
Bildiyimiz kimi, karbon tərkibli maddələr tam yandığı zaman karbon qazı əmələ gəlir. Karbon qazı bir karbon, iki oksigen atomundan (CO2) ibarətdir. Dəm qazı - karbonmonooksid (CO) molekulu isə bir karbon və bir də oksigen atomunun birləşməsindən ibarətdir. Formulundan da bəlli olur ki, bu birləşmə oksigenin az, qıt olduğu mühitdə yaranır. Məhz bu səbəbdən də yanma prosesi gedən məkanlarda, o cümlədən hamam və mətbəxlərdə ventilyasiya (havalandırma) sistemlərinin qurulması mütləqdir. İçəriyə təmiz hava daxil olsun deyə hamam qapılarında müəyyən sayda dəliklərin açılması tələbi də bununla bağlıdır. Mənzil və ya fərdi ev sahibləri bu məsələyə biganə yanaşmamalı, qapıların estetik görüntüsünü ailə üzvlərinin canından üstün tutmamalıdırlar. Heç şübhəsiz ki, tutmurlar da. Sadəcə, məlumatsızlıqdan nəinki qapılara dəlik açdırırlar, hətta olanda belə, üstünü qapadırlar. Hamam və mətbəxlərin təmiri zamanı ventilyasiya barmaqlığı ləğv edilməməlidir. Çoxmənzilli binaların əksəriyyətində, o cümlədən layihə ilə hamamında qazla işləyən qızdırıcı avadanlıq nəzərdə tutulmuş tikililərin hamam və mətbəxlərində ventilyasiya “nəfəslik”ləri olur. Özü də istər hamam, istərsə də mətbəx ventilyasiya şaxtaları (heç də düşünüldüyü kimi ümumi bir şaxtada deyil) hər mənzilə ayrıca kanallar üzrə qurulur. Tüstü bacaları isə ümumi, ancaq ventilyasiyadan ayrı olur. Bu məqam diqqətdən qaçırılmamalı, tüstü bacaları ventilyasiya kanallarına və yaxud ventilyasiya keçidləri baca kanalına birləşdirilməməlidir. Hamam və mətbəxlərin yenidən qurulması, əsaslı təmiri zamanı özbaşına dəyişikliklərə qətiyyən yol vermək olmaz. Bu işlər müvafiq tikilinin konstruksiya sxeminə bələd ixtisaslı mütəxəssislər tərəfindən aparılmalıdır. Özü də nəzərə almaq lazımdır ki, ventilyasiya və tüstü kanalları arasındakı arakəsmələr nazik təbəqələrdən ibarətdir - yanlış zərbə onları dağıda, beləliklə, beton qırıntıları kanalı bütünlüklə bağlaya və ya qismən daralda, nəticədə zəhərli qazlar tüstü bacasından ventilyasiya kanalına, oradan da mənzilə keçə bilər. Bunun nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. Eyni zamanda bir mənzildə tüstü kanalı qapandığı və ya daraldığı təqdirdə aşağıdakı mənzillərin bacalarından çəkim məhdudlaşacaq, bu zaman da tüstü geri “təpəcək”...
Dəm qazından və ya tüstüdən zəhərlənmələr bir çox halda məhz bacaların qüsurlu olması ilə bağlıdır. Məkanda hətta oksigen az olsa belə, yanma prosesi nəticəsində yaranan qaz kütləsinin baca ilə çölə sovrulması tam həyata keçirilərsə, dəm qazının ətrafa yayılma ehtimalı da minimuma enər. Deməli, bacaların konstruksiyasına və vəziyyətinə diqqət etmək çox önəmlidir. Bədbəxt hadisələrdən qorunmağın bir bəsit yolu budur. Bina və ya evlərin tüstü bacaları mühəndis hesablamaları ilə düzgün qurulmalı və daim təmiz, işlək vəziyyətdə saxlanılmalıdır. Vətəndaşlar bilməlidirlər ki, kimsə gəlib onların yerinə bunu etməyəcək. Qanunla da bacaların vəziyyətinə məsul ev sahibləridir.
Tüstü çəkən bacaların layihələndirilməsi bir çox amillər nəzərə alınmaqla aparılmalıdır. Fərdi evlərin tikiləcəyi yerin təbii xüsusiyyətləri, bacanın qurulacağı tərəf (cəhət), dam konstruksiyasının quraşdırılma bucağı və forması, yerin iqlim özəllikləri, məsələn, hava axınının intensivliyi və küləyin mümkün maksimal sürəti, yağıntı miqdarı əsasında baca borusunun ölçüləri, damdan yuxarı hissəsinin hündürlüyü, forması müəyyənləşdirilir.
Beləliklə, istər hamamda, istər mətbəxdə, yaxud otaqda qaz cihazına yanma üçün zəruri hava kütləsi daxil olarsa və bu axının arası kəsilməzsə, normal yanma prosesindən sonra tüstü bütünlüklə baca, borunun sovurma gücü ilə fasiləsiz kənarlaşdırılarsa, o yerdə heç bir zəhərlənmə, boğulma baş verə bilməz. Şübhəsiz, qaz cihazlarının standartlara və təhlükəsizlik tələblərinə cavab verməsinə, sazlığına da xüsusi diqqət edilməlidir. Məlumat üçün bildiririk ki, müasir suqızdırıcı cihazların (o cümlədən kombilərin) yanma kameraları iki cür olur: qapalı və açıq. Qapalı yanma kamerasına malik qızdırıcılar daha təhlükəsizdir - bu avadanlıqlara hava ayrıca boru ilə kənardan daxil edilir, yanma qalıqları, tüstü də ayrıca boru ilə çıxarılır. Yəni yanma prosesi tam qapalı şəraitdə baş verir, cihazın yerləşdiyi yerdən təcrid edilir: nə hava oradan daxil olur, nə tüstü ora geri qayıda bilir. Hava çatışmadığı, yaxud tüstü çıxışı qapandığı halda da cihaz fəaliyyətini dayandırır. Əlbəttə, istər bu, istərsə də sadə suqızdırıcı cihazlara (o cümlədən isitmə sobalarına) tüstünün sovrulma kanalına (yaxud birbaşa çölə) ötürülməsi üçün quraşdırılan metal boruların bütövlüyünə, birləşdirici detalların kipliyinə baxmaq, vəziyyətini nəzarətdə saxlamaq vacibdir. Ümumiyyətlə, istər cihazın, istərsə də birləşdirmə borusunun üzərində his izi - nöqtə belə varsa, bu, tüstü sızmasına işarədir. Belə hallar qeydə alındıqda sızıntının səbəbləri təcili aradan qaldırılmalıdır.
Adi suqızdırıcıların üzərində adətən yanma kamerasını izləməyə, yanma prosesinin neçə getdiyini qiymətləndirməyə imkan verən kiçik “gözlük” olur. Təbii qaz (metan və ya propan) normal halda şəffaf və mavi dilli alovla yanır. Məhz buna görə də qaza “mavi yanacaq” deyilir. Yetərli miqdarda hava (oksigen) olmadıqda isə alovun dilləri qırmızı rəng alır. Alovun bu xüsusiyyətləri əsasında qızdırıcı aparatın neçə işlədiyi barədə, vəziyyəti dəyərləndirmək və müvafiq qərar vermək olar.
Şübhəsiz, diqqətdən qaçırılan məqamlarla yanaşı, doğru-düzgün qurulmuş sistemlərdə, avadanlıqlarda qəfil və ya tədricən nasazlıqlar əmələ gələ bilər. Heç kim və ya heç nə bundan sığortalı deyil. Amma belə hallardan da qorunmaq, önləyici vasitələrlə sığortalanmaq, beləliklə, dəm qazından boğulma hallarının qarşısını tamamilə almaq mümkündür. Bu işdə də müasir texnologiyalar dadımıza çata bilər. Azərbaycanda populyar olmasa da, dünyada elektron dəm qazı (monooksid) detektorları (siqnalizasiyaları) evlərdə, mənzillərdə geniş istifadə edilir. Baha olmayan (təxminən 10-40 manat), kiçik ölçülü, adi batareya ilə işləyən bu elektron cihazlar qurulduğu yerdə dəm qazının miqdarını nəzarətdə saxlayır. Qazın miqdarını ölçən, ekranda göstərən cihaz norma aşılan kimi həyəcan siqnalı çalır. Ümumiyyətlə, təkcə dəm qazı deyil, təbii qaz (metan, propan) sızıntısını, yanğın təhlükəsini (adi tüstünü) qeydə alan belə portativ cihaz - siqnalizasiya çeşidi çoxdur. Maksimum 50-100 manata evdəki və ya mənzildəki (monooksid, təbii qaz, tüstü və hətta su sızıntısı detektorları quraşdırmaqla) vəziyyəti tamamilə nəzərdə saxlamaq, təhlükədən öncədən xəbər tutmaq olar. Gəlin razılaşaq ki, bu məbləğ hər ailənin imkanı daxilindədir. Belə olan təqdirdə insan həyatı bu qədər ucuz tutulmamalı, təhlükəsizlik naminə bütün mümkün zəruri tədbirlər görülməlidir.

Elxan QƏNBƏRLİ,
“Azərbaycan”