Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda keçiriləcək BMX üzrə dünya çempionatının Təşkilat Komitəsinin İşçi Qrupunun iclası olub

13 Yanvar 2018
Cari il iyunun 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 15 noyabr tarixli Sərəncamına əsasən yaradılmış Təşkilat Komitəsinin İşçi Qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə aidiyyəti nazirliklərin, digər dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov çıxış edərək dövlətimizin başçısının Sərəncamı barədə məlumat verib. Vurğulayıb ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının Bakıda keçirilməsinə dair qərarı Azərbaycanın idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir. O, dünya çempionatının Azərbaycanın idman həyatında növbəti mühüm hadisə olacağını qeyd edib.

Sahib Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin Olimpiya idman növü olan BMX üzrə dünya çempionatının Bakıda uğurla keçirilməsini təmin etmək üçün geniş tərkibli Təşkilat Komitəsi yaratması dövlətimizin başçısının bütövlükdə idmanın, o cümlədən velosiped idmanının inkişafına göstərdiyi diqqət və qayğının daha bir bariz nümunəsidir.

Tədbirdə geniş təqdimatla çıxış edən Sahib Ələkbərov dünya çempionatına hazırlıqla bağlı görülmüş işlər barədə məlumat verib və bu işləri əks etdirən videoçarxı iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd olunub ki, dünya çempionatında iştirakla bağlı müraciət edən ölkələrin sayı gündən-günə artmaqdadır. Mötəbər yarışın keçiriləcəyi BMX Stadionunda aparılmış yenidənqurma işlərindən sonra ötən ilin oktyabrda təşkil olunan dünya sınaq yarışı Beynəlxalq Velosipedçilər İttifaqının rəsmi nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Həmçinin arenanın dünya çempionatının qəbul etməyə hazır olduğu rəsmi məktubla təsdiqlənib.

Sonra dünya çempionatının keçirilməsi ilə bağlı tədbirlər planı bənd-bənd müzakirə olunub və ortaya çıxan suallar cavanlandırılıb. Məlumat verilib ki, artıq iştirakçı ölkələrin nümayəndələri tərəfindən Bakıdakı otellərin çoxuna sifarişlər daxil olub. Yarışa gələcək iştirakçıların və qonaqların təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülür. Bundan başqa, xarici qonaqları Azərbaycanın tarixi, mədəniyyəti və mətbəxi ilə tanış etmək üçün konkret tədbirlər də hazırlanıb.