Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hüquq mühafizə orqanlarına bilərəkdən yalan məlumat verən iki nəfər saxlanılıb

13 Yanvar 2018
Yanvarın 12-də saat 12.38-də Fövqəladə Hallar Nazirliyinin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsinin baş verəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumat nazirliyin “102” Xidmətinə ötürülüb.

Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyənləşib.

Bakı Şəhər Baş, Xətai və Abşeron Rayon Polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən iki nəfər “isti izlər”lə müəyyənləşdirilərək saxlanılıb. Hər iki şəxs paytaxt sakinləridir.

Hazırda araşdırma aparılır.

Vətəndaşların nəzərinə çatdırılır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.