Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kaliforniyada Azərbaycanın Xalq Artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib

13 Yanvar 2018
Kaliforniyanın San Xose şəhərində Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti və Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının birgə təşkilatçılığı ilə tanınmış azərbaycanlı pianoçu, Xalq Artisti Çingiz Sadıxovla vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mərhumun ailə üzvləri və dostları, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Həmid Azəri Çingiz Sadıxovun həyatı və yaradıcılığı haqqında məlumat verib. Onun Azərbaycan musiqi sənətinin inkişafına əvəzsiz töhfələr verdiyini və vəfatının ağır itki olduğunu vurğulayıb.

H.Azəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Ç.Sadıxovun nəşinin yaxın günlərdə Bakıya aparılaraq dəfn ediləcəyini söyləyərək, ölkə başçısının bu humanist addımının yüksək qiymətləndirildiyini bildirib.

Sonra çıxış edən mərhumun ailə üzvləri və digər icma nümayəndələri Çingiz Sadıxovun ömrünün son illərini ABŞ-da yaşamasına baxmayaraq, daim Vətəninə bağlı bir insan olduğunu, Azərbaycan musiqisinin Amerikada tanınması üçün əlindən gələni əsirgəmədiyini qeyd edib, mərhum haqqında xatirələrini bölüşüblər.

 

AZƏRTAC