Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevdən 4845 ailəyə mənzil töhfəsi

13 Yanvar 2018
 

Bu ildən istifadəyə veriləcək “Güzəştli mənzil” layihəsi ilə aztəminatlı ailələrin çoxillik problemi həll olunacaq

 

“16 ildir Bakıda yaşayıram. Hər ay halal zəhmətlə qazandığım pulun yarıya qədərini kirayə haqqı ödəyirik. Bir övladım, yaşlı valideynlərim və yoldaşımla birlikdə kirayədə qalmağa az qala öyrəşmişik. Açığı, gündəlik xərclərimizə nə qədər qənaət etsək də, nə vaxtsa bir evin dəyərində pul toplayacağımızı, şəxsi mənzil alacağımızı ancaq xəyal edirdik. İki il əvvəl dövlət başçısının aztəminatlı ailələrin mənzil probleminin həlli ilə bağlı sosial layihəsi haqqında eşidəndə çox sevindik. Elə bil tale üzümüzə güldü, xəyalımız gerçəkləşməyə başladı və daxilimizdə yeni ümidlər baş qaldırdı. Elektron qaydada müraciət etdik. Artıq sənədlərimiz təsdiq olunub, evlərin satışını gözləyirik. Ondan sonra hər ay kirayə haqqı yox, şəxsi mənzilimiz üçün pul ödəyəcəyik”.
Bu sözləri kirayədə yaşayan paytaxt sakini Ruslan Ramazanlı sosial evlər haqqında təəssüratlarını bölüşərkən dedi. Əlbəttə, mənzil sahibi olmaq hər bir ailə üçün nəinki önəmlidir, lap ümdə məsələdir. Bu gün “şəxsi evim olacaq” deyə Ruslan kimi minlərlə şəhər sakininin qəlbindən yeni ümidlər boylanır...

Prezidentdən yeni sosial təşəbbüs

 

Sovet dövründə Azərbaycanda insanlar işlədiyi müəssisələrdə növbəlilik prinsipi ilə mənzillə təmin olunurdular. Müstəqilliyin bərpasından sonra bütün istiqamətlər üzrə baş verən dəyişikliklər kimi, bu proses də ləğv olundu və nəticədə Azərbaycanda vətəndaşların evsizlik problemi yaranmağa başladı. Bu azmış kimi, 1 milyondan artıq soydaşımız doğma ocağından didərgin düşdü, demək, evsizlərin sayı da artdı. Belə bir məqamda ciddi sınaqlar qarşısında qalan gənc dövlət çevik islahatlara başladı və hər bir vətəndaşına sahib çıxdı.
Ulu öndər Heydər Əliyev tərəfindən mükəmməl sosial inkişaf strategiyası müəyyənləşdi və onun icrası üçün müvafiq sərəncamlar verildi, fərmanlar imzalandı. Məqsəd isə bir idi: Azərbaycan xalqının, dövlətinin xoşbəxt gələcəyi və ölkənin gündən-günə çiçəklənməsi... Xüsusilə sosial sferada köklü dəyişikliklərin olması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və bu istiqamətdə hüquqi bazanın təkmilləşdirilməsi insanların həyat şəraitinin tamamilə yenidən qurulmasına imkan yaratdı. Öncə şəhid ailələrinin və məcburi köçkünlərin, əlillərin, veteranların mənzil-məişət şəraitinin yaxşılşdırılmasına və onların digər problemlərinin həllinə başlanıldı. İllər keçdikcə bu çevik islahatlar öz müsbət nəticəsini verdi: qeyd olunan çatışmazlıqlar sürətlə həll olundu və bu proses indi də davam edir.
Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyevin sosialyönümlü islahatları da effektiv nəticələr verir və dünya miqyasında təqdir olunur. Aztəminatlı ailələrin mənzillə təmin olunmasına xidmət edən sosial evlərin tikilməsi ilə bağlı yeni layihə də vətəndaşlar tərəfindən razılıqla qarışlandı. Ölkə rəhbəri tərəfindən bu sahədə atılan daha bir mütərəqqi addım 2016-cı il 11 aprel tarixində imzaladığı fərmanda öz əksini tapdı: orta və aztəminatlı vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. İlk növbədə binaların tikintisi üçün torpaq sahələrinin seçilməsi, layihələndirmə və tikinti işlərinin planlaşdırılması, həmçinin mənzillərin uzunmüddətli güzəştli şərtlərlə təqdim edilməsi üçün uyğun maliyyə modelinin yaradılmasına başlanıldı. Agentliyin mütəxəssisləri tərəfindən konkret meyarlar üzrə qiymətləndirilmə aparıldıqdan sonra binaların tikilməsi üçün torpaq sahələri ayrıldı. Ünvanların seçilməsində şəhərin inkişaf perspektivləri nəzərə alınmaqla şəhərsalma normaları və qanunvericiliyin tələbləri əsas götürüldü.
Beləliklə, ilk mənzillər üçün yer Yasamal rayonu ərazisində müəyyən olundu. 2016-cı il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Yasamal Yaşayış Kompleksinin təməlqoyma mərasimi keçirildi, dövlətin ciddi nəzarəti və dəstəyi ilə çoxmənzilli evlərin inşasına start verildi. Artıq birinci layihə olan bu kompleksdə tikinti-quraşdırma işləri başa çatmış yaşayış binaları da var və hazırda tamamlama-bəzək və abadlıq işləri sürətlə davam edir.

 

12 bina və məktəbin tikinti-quraşdırma işləri yekunlaşdırılıb

 

Yasamal Yaşayış Kompleksinin yerləşdiyi ünvana yollanıb oradakı tikinti-quruculuq işləri ilə yaxından tanış olduq. Ümumi sahəsi 11,6 hektar olan kompleks şəhərin ekoloji cəhətdən təmiz və əsas iş yeri mərkəzlərinə yaxın ərazisində - Yasamal rayonu xarici dairəvi avtomobil yolunun kənarında yerləşir. Elə girişdəcə müşahidə olunan nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunması həm də tikinti prosesinə ciddi nəzarət edilməsi, inşaat haqqında ilkin təəssürat yaratdı.
Sanki adam özünü qurulmaqda olan böyük bir şəhərdə hiss edir. Hər tərəfdə tikinti işləri gedir. Ustalar, fəhlələr sürətlə işləyirlər. Onlarla söhbətdə hiss edirik ki, gördükləri işdən çox razıdırlar. İşin sistemli aparılması və keyfiyyətli materiallarla təmin olunmaları onları əməlli-başlı hərəkətə gətirib, həm də gördükləri işdən zövq alırlar. Bələdçilərin müşayiəti ilə ərazidə xeyli gəzib tikinti prosesini izlədik. Təhlükəsizlik qaydalarına ciddi nəzarət olunur: lazımi ləvazimatlardan əlavə, kaska, əlcək və hündürlükdə işləyənlər qoruyucu kəmərlə təchiz olunublar. Hazırlanmış və zövqü oxşayan binalar isə qurulmaqda olan digər tikililər haqqında da öncədən müsbət təəssürat yaradır.
Öyrəndik ki, 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir.
Kompleksin artıq ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri başa çatdırılıb. Buradakı yaşayış binalarından 12-si 1 bloklu 12 mərtəbəli, 17-si isə 2 bloklu 9 mərtəbəli olacaq. Eyni zamanda, 2 mərtəbəli 240 yerlik uşaq bağçasının da tikintisinə başlanılıb. Kompleksdə yaşayış məkanları məhəllə və şəhərciklər formatında layihələndirilir. Çoxmənzilli binalar, bağça və məktəblə yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılır, normalara uyğun olaraq geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi həyata keçirilir. Sakinlərin avtomobillərinin saxlanması üçün xüsusi parklanma yerləri də ayrılıb.
Ümumilikdə tikintidə 20-dən artıq şirkət iştirak edir və prosesə 3 minə yaxın işçi cəlb olunub. Onu da qeyd edək ki, işin yüksək səviyyədə icrasında qabaqcıl dünya təcrübəsinə istinad edilir. Ötən müddət ərzində agentlik Almaniya, Sinqapur, Türkiyə, Rusiya, Braziliya, Meksika, Mərakeş və bir çox digər ölkələrin təcrübəsini təhlil etmiş, bəzi xarici tərəfdaşlarla, bir neçə beynəlxalq maliyyə institutu və iri maliyyə şirkətləri ilə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq məqsədilə əlaqələr qurub.

 

Tam təmirli, mətbəx mebeli ilə təmin edilən mənzillər

 

Ən önəmli məsələlərdən biri inşaat işlərində yüksək keyfiyyətli materiallardan istifadə olunması və müasir texnologiyanın tətbiqidir. Tikinti zamanı istifadə olunan beton, armatur, mərmər plitələr, döşəmə, tavan, liftlər, pəncərə və qapılar beynəlxalq standartlara cavab verən materiallardır. Kompleksin yaşayış binalarının və digər sosial təyinatlı obyektlərin daimi su, qaz, elektrik enerjisi ilə təchizatı üçün mühəndis kommunikasiya sistemi (su, qaz və işıq sayğacları ilə birlikdə), nominal istilik gücü 24 kW olan kombi isitmə sistemi, rabitə, televiziya və internet xətləri ilə təmin olunması nəzərdə tutulub. Mənzillər vətəndaşlara tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş və istismara hazır vəziyyətdə təklif olunacaq. Bu ilin yay aylarında ilk mənzillərin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.
Diqqət çəkən digər bir vacib məqam isə şəhərdə müasir çoxmərtəbəli binaların inşası zamanı daha çox rast gəlinən və sakinləri narahat edən ərazidə ənənəvi darısqallıq probleminin layihələndirmə zamanı nəzərə alınmasıdır. Binalar arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən normalara tam uyğundur.

 

7500-dən çox vətəndaş qeydiyyatdan keçib

 

Sosial evlərlə bağlı vətəndaşları daha çox maraqlandıran bir məqam da bu mənzillərin hansı kateqoriyadan olan insanlara və necə təklif olunmasıdır. Qeyd etdiyimiz kimi, məqsəd əsasən gənclərin, gənc ailələrin, habelə digər sosial kateqoriyalara aid az və ortatəminatlı vətəndaşların evlə təmin olunması üçün mənzillərin əlyetərliliyinin artırılmasıdır. Belə ki, mənzillərin uzunmüddətli aylıq ödəmə şərtləri ilə əldə edilməsinə şərait yaradılacaq. Vətəndaşlar hər ay yüksək olmayan, icarə haqqı səviyyəsində bir məbləğ ödəməklə həmin mənzillərə tam sahib olacaqlar. Dövlət başçısının tapşırığına uyğun olaraq “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti burada əsas maliyyə mənbəyi kimi çıxış edəcək. Bununla yanaşı, mənzillərin satışının uzunmüddətli maliyyələşdirilməsini təmin etmək üçün bir neçə bankla əməkdaşlıq müqaviləsi imzalanıb (Yasamal Yaşayış Kompleksinin saytında (www.yasamal.mida.az) güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, qurumla əməkdaşlıq edən banklar və digər məlumatlar yer alıb. Bu istiqamətdə yaranan suallara oradan da cavab tapmaq mümkündür). Qeyd edək ki, ötən il mayın 30-da “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına başlanılıb. Bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib.

 

Prezident İkinci kompleksin də təməlini qoydu

 

Ötən il dekabrın 24-də cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ikinci belə bir layihənin - Hövsan Yaşayış Kompleksinin təməli qoyuldu. Həmin tarixdən Yasamal Yaşayış Kompleksində olduğundan da geniş və çoxmənzilli sosial evlərin inşasına başlanıldı. Qeyd edək ki, 11 yaşayış binasından ibarət olacaq şəhərcikdə 3002 ailə üçün mənzil inşa ediləcək.
Cənab İlham Əliyev özünün ad günündə belə təməlqoyma mərasimlərində, qaçqın və məcburi köçkün şəhərciklərində, bir sözlə, xalqın yanında olur, sevincini onlarla bölüşür. Bunlarla yanaşı, son iki il doğum günlərində ardıcıl olaraq sosial mənzillərin təməlqoyma mərasimində iştirak etməsi isə Prezidentin vətəndaşlara, onların sosial rifahının və həyat şəraitinin daha da yaxşılaşmasına ayırdığı diqqətin daha bir nümunəsidir.
Sözsüz, bu layihələr evsizlik probleminin aradan qaldırılmasında, vətəndaşların rahat şəkildə mənzil əldə etməsində geniş imkanlar yaradacaq, eyni zamanda, ölkədə inşaat sektorunun inkişafına da müsbət təsir göstərəcək. Yeni yaşayış kompleksinin yaradılması həm də yeni iş yerlərinin açılması deməkdir.
Binaların inşası zamanı cəlb olunan işçi qüvvəsindən əlavə, buradakı məktəblərdə, bağçalarda və digər müəssisələrdə yüzlərlə insan işlə təmin olunacaq. Beləliklə, sosial mənzillərin inşası evsizlik problemini aradan qaldırmaqla yanaşı, tikinti sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına müsbət təsir edəcək.

Elnur HADIYEV,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”