Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müstəqil dövlətçiliyin dərki və təntənəsi

13 Yanvar 2018
 

“Azərbaycan Xalq Cümhuriyyəti ili” - müstəqil dövlətin gücü və qüdrətinin xalqla hakimiyyətin möhtəşəm birliyində olmasının siyasi bəyanatıdır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması və 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi müstəqil Azərbaycan dövlətinin özünün milli azadlıq və tarixi cümhuriyyətçilik ənənələrinə verdiyi yüksək qiymətin ifadəsidir. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının uzun əsrlər ərzində zaman-zaman zəngin dövlətçilik yolu keçməsinə baxmayaraq, 28 may 1918-ci il tarixdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti xüsusi əhəmiyyətə malik mühüm tarixi hadisədir.
Prezident İlham Əliyevin böyük tarixi əhəmiyyətə malik sərəncamında deyildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə müsəlman Şərqində ilk parlamentli respublikanın yaranması mənasında xalqımızın həyatında misilsiz hadisə baş vermişdir. Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə milli dövlətçiliyin böyük başlanğıcıdır. Bu, artıq uzaq-yaxın keçmişdəki kimi böyük imperiyaların tərkibində əsas faktora çevrilən Azərbaycanın yox, birbaşa xalqın iradəsi ilə meydana çıxan və ölkənin özü tərəfindən idarə olunan milli dövlətçilik nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclasındakı nitqində Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki həmin fərqli xarakteri siyasi cəhətdən dəqiq müəyyənləşdirilmişdir: “Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib”.
Bu mənada XX əsrin əvvəllərində Azərbaycan xalqının dövlət müstəqilliyi qazanması ölkəmizin çoxəsrlik tarixinin ən şərəfli hadisəsidir. Bu, ilk cümhuriyyət tipli demokratik milli dövlət kimi bütün türk-müsəlman dünyasına örnək olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin və müstəqilliyimizin ilkin təməli və bünövrəsidir. Sovet hakimiyyətinin qurulması və 70 il fəaliyyət göstərməsi bütün məhdudiyyətlərinə və çətinliklərinə baxmayaraq, xalqımızın müstəqillik arzusunu söndürə bilməmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Sovet Respublikasına rəhbərlik etdiyi illərdə məqsədyönlü şəkildə həyata keçirdiyi milli özünüdərkə qayıdış və istiqlalçılıq tədbirləri xalqımızın milli oyanışında və yenidən müstəqil dövlətçiliyə hazırlanmasında mühüm rol oynamışdır.
Ulu öndərin hələ sovet hakimiyyətinin süqutundan 11 ay əvvəl, 17 noyabr 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını ölkəmizin dövlət bayrağı kimi təsdiq etdirməsi tarixi-qəhrəmanlıq hadisəsidir. Həmçinin SSRİ adlanan bolşevik imperiyası dağılmamışdan qabaq Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərini çıxarmağa nail olması dövlət müstəqilliyinə doğru qəti addımdır. Bir əsr ərzində ölkəmizdə 1991-ci ildə müstəqil dövlətçiliyin ikinci dəfə yenidən bərpa olunması milli dövlətçilik tariximizin ən parlaq mərhələsidir. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının sürətlə və hərtərəfli şəkildə inkişaf etdirilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması dövlətimizin və xalqımızın böyük şansı və xoşbəxtliyidir. Ümummilli liderin milli-dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasına uğurla rəhbərlik etməsi, hər şeydən qabaq, dövlət müstəqiliyinin yenidən dağıdılması prosesinin aradan qaldırılmasına tam təminat vermiş və real böyük inkişafın geniş üfüqlərini açmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyev eyni zamanda ölkəmizdə klassik cümhuriyyətçilik ənənələrini müasir dövrün tələblərinə uyğun surətdə yaradıcı şəkildə inkişaf etdirərək müstəqil dövlətimizin yeni tarixi mərhələsinin idealları ilə bütövləşdirmişdir. Ölkə rəhbəri kimi Heydər Əliyevin müstəqil dövlətin siyasi ideologiyası səviyyəsində həyata keçirdiyi azərbaycançılıq təlimi özünün real mahiyyətində dövlətçilik baxımından varisliyi və müasirliyi üzvi surətdə birləşdirmişdir. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin ölkəmizdə geniş qeyd olunması və bu çərçivədə həmin dövrün mühüm dövlət sənədlərinin, parlament stenoqramlarının, cümhuriyyətçi siyasi, elmi, ədəbi-publisist irsin üzə çıxarılması, nəşr etdirilərək dövriyyəyə daxil edilməsi vəzifələrinin həyata keçirilməsi son nəticədə cümhuriyyət tarixinin sistemli şəkildə öyrənilməsinə və cəmiyyətdə bu tarixi mərhələnin obyektiv dərk olunmasına meydan açmışdır. Sovet hakimiyyəti illərindəki “Kommunist” qəzetinin, müstəqilliyin başlanğıc dövründəki “Həyat” qəzetinin əvəzinə rəsmi dövlət mətbuatı olaraq Xalq Cümhuriyyəti dövründəki “Azərbaycan” qəzetinin adının qaytarılması həm də parlamentin mətbu tribunası səviyyəsində müstəqil dövlətçilik və azərbaycançılıq ideyalarının geniş təbliğinə şərait yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil Azərbaycan dövlətini böyük sürətlə və hərtərəfli şəkildə inkişaf etdirərək qüdrətli dövlətə çevirməsi cümhuriyyətin bayrağının daim ucalacağına təminat vermişdir. Ölkəmizin paytaxtı Bakı şəhərində möhtəşəm Bayraq meydanının salınması, Azərbaycanın bütün regionlarında Bayraq meydanlarının yaradılması Xalq Cümhuriyyəti dövründə elan olunan “Bir kərə yüksələn bayraq bir daha enməz” tezisinin idealdan reallığa çevrilməsini təmin etmişdir. Bakının İstiqlaliyyət küçəsində İstiqlal abidəsinin ucaldılması ölkəmizdə milli istiqlal ideallarına yüksək ehtiramın dövlət səviyyəsindəki bəyannaməsidir. Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasını idarə edən dövlətlərdən biri səviyyəsinə yüksəldilməsi müstəqil dövlətçiliyimizin yüz illik tarixinin ən böyük hadisəsidir. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətini tanımaq istəməyən beynəlxalq birlik Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Birləşmiş Millətlər Təşkilatının mötəbər kürsüsündən ev sahibi kimi danışmaq hüququ qazanmışdır. Bütün bunların sayəsində artıq Azərbaycan Respublikası dünyada müstəqil milli dövlətçilik ənənəsinə və təcrübəsinə malik olan və müstəqilliyini inkişaf etdirərək daha da möhkəmləndirən qüdrətli bir ölkə kimi qəbul olunur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi ölkəmizdə milli dövlətçiliyin tarixinə və ənənələrinə dövlət səviyyəsində yüksək ehtiramı ifadə edir. Bu, xalqımızın milli iftixar duyğusunun və vətənpərvərlik düşüncəsinin daha da dərinləşdirilməsinə doğru atılmış əhəmiyyətli addımdır.
“Azərbaycan Xalq Cümhuriyyəti ili” - Müstəqil Azərbaycanda milli dövlətçiliyin təntənəsi ili deməkdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli şəkildə inkişaf etdirilmiş Yeni Azərbaycan sözün həqiqi mənasında Cümhuriyyət bayramına və ilinə möhtəşəm töhfədir.
Vaxtilə böyük demokrat yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin “biz müsəlmanları məşğul edən tək bircə məsələ” kimi uğrunda mübarizə aparılmasını zəruri və şərəfli saydığı Cümhuriyyət idealının tam olaraq həyata keçirildiyi inkişaf etmiş müstəqil Azərbaycan milli dövlətimizin və xalqımızın dünya ictimaiyyəti qarşısında möhkəm və dönməz cümhuriyyətçilik iradəsinin mənalı və ibrətamiz hesabatıdır.
“Azərbaycan Xalq Cümhuriyyəti ili” - müstəqil dövlətin gücü və qüdrətinin xalqla hakimiyyətin möhtəşəm birliyində olmasının siyasi bəyanatıdır. Ötən 27 il ərzində müstəqil demokratik dövlət quruculuğunun parlaq nümunəsini göstərən Azərbaycan Respublikası Cümhuriyyət ilinin düşünülmüş tədbirlərlə ölkəmizdə müstəqil dövlətçilik idealını daha da inkişaf etdirib möhkəmləndirəcəkdir.
“Azərbaycan Xalq Cümhuriyyəti ili” - Azərbaycan Respublikasında dövlət müstəqilliyinin, milli dövlətçiliyin əbədi olmasının manifestidir.
Azərbaycan ziyalıları üçün “Xalq Cümhuriyyəti ili” ölkəmizdə cümhuriyyətçilik, milli dövlətçilik və müstəqillik, müasirləşmə təfəkkürünün daha əsaslı şəkildə yenidən dəyərləndirilib müasir cəmiyyətə təqdim edilməsi ili deməkdir. Azərbaycan Respublikasının elm və təhsil ordusu, ədəbiyyat və incəsənət işçiləri Prezident sərəncamının işığında müstəqil dövlətçilik tariximizin şanlı ənənələrini, ibrətamiz dərslərini və gələcək inkişaf yollarını real surətdə əks etdirən tədbirlərlə, elmi və bədii əsərlərlə Cümhuriyyət ilinin hesabatını verəcəklər.
Azərbaycan Milli Elmlər Akademiyasında Xalq Cümhuriyyətinin böyük elmi salnaməsinin yaradılması, dərsləri və təcrübəsinin yeni nəsillərə çatdırılması istiqamətində ciddi addımların atılmasına dair elmi proqramlar həyata keçiriləcəkdir. Əlbəttə, tarixi prosesləri yalnız ideallaşdırmaq yolu ilə deyil, mövcud reallıqları obyektiv şəkildə, uğurları və çətinlikləri ilə birlikdə sistemli elmi-nəzəri dəyərləndirmələr əsasında təqdim etməklə Xalq Cümhuriyyəti tarixinə kompleks elmi baxış meydana qoyulacaqdır.
Eyni zamanda, ölkəmizin elm adamları belə hesab edirlər ki, müstəqil dövlətçiliyin yeni tarixi mərhələsi olan Heydər Əliyev - İlham Əliyev epoxasının davamlı uğurlarının obyektiv elmi meyarlarla qiymətləndirilməsi və şərh olunması tam mənası ilə dövlət müstəqilliyinin əbədi olması haqqında mükəmməl bir ümumiləşdirilmiş təlimin elmi əsaslarını yaratmaq deməkdir.
Sözün həqiqi mənasında hazırkı tarixi inkişaf mərhələsində müstəqil Azərbaycan Respublikası yüz illik dövlət müstəqilliyinin möhtəşəm əbədiyyət modelidir. Ölkəmizin bütün vətəndaşları kimi, milli ziyalılıq üçün də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan əbədiyyət qazanmış müstəqil dövlətçiliyimizin şərəfini yaşamaqdan və bu böyük ideala xidmət etməkdən uca və müqəddəs heç nə ola bilməz!
Xalqımızın aparıcı qüvvəsi olan ziyalılar, elm və təhsil ictimaiyyəti, ədəbiyyat və incəsənət xadimləri ölkəmizdə müstəqil dövlətimizin və milli dövlətçilik təfəkkürünün inkişafına xidmət edən ardıcıl dövlət siyasətinin böyük uğurla həyata keçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə edirlər.
“Azərbaycan Xalq Cümhuriyyəti ili” ölkə ziyalılarının tədqiqat və təqdimat ili olması ilə bərabər, həm də ölkəmizdə müstəqil dövlətçiliyin yenidən dərki və təntənəsi ili olacaqdır.

İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil
komitəsinin sədri, akademik