Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan diplomatik müstəvidə məğlub olub

13 Yanvar 2018
 

İlham Əliyev işğalçı ölkəyə növbəti xəbərdarlığını etdi

 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi fəal siyasət işğalçı Ermənistanın üzləşdiyi məğlubiyyətlər seriyasının artması, düşmənin daha böyük zərbələr alması ilə müşayiət olunur. Hərb cəbhəsi ilə yanaşı, diplomatik müstəvidə Ermənistana vurulan zərbələr bu ölkədə daha çox narahatlıq, təşviş yaradır. Ermənistanda açıq etiraf edirlər ki, bununla Azərbaycan Qarabağ məsələsində mövqelərini daha da gücləndirir, istədiyi şərtləri rahatlıqla diktə edir.
Eyni zamanda, baş verənlər beynəlxalq müstəvidə Azərbaycanın haqlı tələblərinin daha yaxşı eşidilməsinə, ermənilərin fəaliyyətinin uğursuzluğuna, istehza ilə qarşılanmasına gətirib çıxarır. Bu xüsusda Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Prezident İlham Əliyev kifayət qədər maraqlı məqamlara toxundu: “Bizim prinsipial mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanan mövqedir və daha çox beynəlxalq dəstək qazanan mövqedir. Bunu əks etdirən bir neçə önəmli hadisə olmuşdur. Onlardan biri Dağlıq Qarabağda separatist rejim tərəfindən keçirilmiş qanunsuz “referendum”un dünya ictimaiyyəti tərəfindən tanınmamasıdır. Həm qonşu ölkələr, həm Avropa ölkələri, Avropa İttifaqı, beynəlxalq təşkilatlar “referendum”un tanınmaması haqqında birmənalı şəkildə ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bir daha onu göstərir ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu dəstək getdikcə daha da artır.
Bilirsiniz ki, ilin sonunda Avropa İttifaqının “Şərq tərəfdaşlığı” zirvəsində qəbul edilmiş bəyannamədə də “Şərq tərəfdaşlığı”na üzv olan ölkələrin ərazi bütövlüyü, suverenliyi Avropa İttifaqı tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bu, işğalçı Ermənistana növbəti zərbə olmuşdur”.
Xatırladaq ki, həqiqətən də ötən il noyabrın 24-də Avropa İttifaqının Brüsseldə keçirilən “Şərq tərəfdaşlığı” sammitində Ermənistan kifayət qədər ciddi zərbə aldı.
Sammitin nəticəsi olaraq qəbul edilən Birgə Bəyannamədə Ermənistan nümayəndə heyətinin çoxsaylı cəhdlərinə baxmayaraq, “Şərq tərəfdaşlığı”na qoşulan ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq dəstəkləndi. Bəyannamədə bununla bağlı birmənalı şəkildə deyilir: “Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini dəstəkləməyə dair öhdəliklərinə sadiqdir”.
O da xüsusi vurğulanmalıdır ki, Birgə Bəyannamədə Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik Qlobal Strategiyasına istinad edilib. Sözügedən strategiyada kifayət qədər açıq mətnlə qeyd edilir ki, Avropa İttifaqı gələcəkdə də “Şərq tərəfdaşlığı” ölkələrində mövcud münaqişələrin həllində iştirak edəcək, ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və münaqişələrin sülh yolu ilə həlli Avropa təhlükəsizliyinin aparıcı elementləri olacaq.
Elə buradan aydın şəkildə göründüyü kimi, bu strategiyada öz əksini tapan prinsiplər ölkəmizin də maraqlarına cavab verir və Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığında başlıca prinsip kimi çıxış edir. Çünki həmin Qlobal Strategiyada Avropa İttifaqının üzv və qonşu dövlətlərinin ərazi bütövlüyü beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində qeyd edilir və bu, Azərbaycan üçün olduqca mühümdür. Bütün bunlar Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın obyektiv nəticəsi olmaqla yanaşı, ermənilər üçün əsl şok effekti də yaradıb.
“Şərq tərəfdaşlığı” sammitində qəbul olunan Birgə Bəyannaməyə paralel olaraq elə ötən ilin sonunda Avropa Komissiyasının Ticarət üzrə Baş direktorluğu Avropa İttifaqı şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyətinin yaradacağı məsuliyyət haqqında xəbərdarlıq yayıb. Avropa Komissiyasının rəsmi saytında yayılan xəbərdarlıqda bildirilir: “Azərbaycan qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ya ətraf ərazilərdə birbaşa və ya filialları vasitəsilə kommersiya fəaliyyəti göstərən Avropa İttifaqı şirkətləri mülki və cinayət məsuliyyətinə cəlb olunma riski daşıyır. Bu cür fəaliyyət Azərbaycanda həmin fəaliyyəti aparan fərdlərə və müvafiq biznes barəsində cinayət təqibi və ya digər hüquqi tədbirlərin görülməsi ilə nəticələnə bilər; həmçinin gələcəkdə Azərbaycana səfər etmə imkanına təsir edə bilər”.
Avropa Komissiyasının bu xəbərdarlığı Avropa İttifaqı fiziki və hüquqi şəxslərinin işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı ölkəmizin legitim tələblərinin yerinə yetirilməsi istiqamətində atılmış çox vacib addımdır. Həmçinin elə bu xəbərdarlıq da Avropa İttifaqı çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə verilən növbəti dəstək sayılır.
Qeyd edilənlər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, onu göstərir ki, bu gün Avropa qurumları, dünya mərkəzləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha müsbət yanaşma ortaya qoyurlar. Bu fonda hazırda rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensiv, substantiv və konkret əsasda aparılmasını dəstəkləyir.
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmsədr ölkələrin dövlət başçıları səviyyəsində dəfələrlə bəyan edilmiş qəbuledilməz və qeyri-davamlı olan status-kvonun dəyişdirilməsini də vacib sayır.
O da bəllidir ki, Azərbaycandan fərqli olaraq, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sırf ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə olunmasına və qərarların məhz burada qəbul edilməsinə çalışır. Amma məsələnin daim beynəlxalq gündəlikdə qalmasını təmin etmək məqsədilə Azərbaycan fərqli, özü də olduqca uğurlu bir siyasət yürüdür. Elə bunun nəticəsidir ki, cari il ərzində sözügedən münaqişənin müxtəlif beynəlxalq tribunalarda aktiv müzakirəsi, bu xüsusda yeni sənəd və qətnamələrin qəbulu gözlənilir.
Hesab olunur ki, həm regionda hadisələrin daha təhlükəli məcrada inkişafının qarşısını almaq, həm də savaşın yaratdığı digər fəsadlardan yan keçmək üçün Ermənistanı əməli olaraq sülhə vadar etmək vacibdir. Əks təqdirdə Azərbaycan bunu hərb yolu ilə həyata keçirəcək və bu xüsusda dəfələrlə öz xəbərdarlığını edib. Bundan nəticə çıxarmayacağı təqdirdə ən böyük zərər çəkən məhz Ermənistan olacaq.

Elçin CƏFƏROV,
“Azərbaycan”