Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək

13 Yanvar 2018
 

Prezident İlham Əliyev 2018-ci il üçün yeni inkişaf istiqamətini və hədəfləri müəyyənləşdirdi

 

“2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır”.
Bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Həqiqətən bütün bunlar günümüzün reallığı, yaşadığımız gerçəklikdir. Çünki bu gün dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir zamanda Azərbaycanda sabitlik, təhlükəsizlik, normal həyat təmin edilib. Belə bir mürəkkəb geosiyasi vəziyyət fonunda ölkəmizin 2017-ci ildəki sosial-iqtisadi uğurlarını təkcə özümüz deyil, mötəbər beynəlxalq maliyyə qurumları, reytinq agentlikləri də təsdiqləyirlər.

 

Hər bir ölkə belə nəticələrlə fəxr edə bilər

 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2017-ci il çox böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir. Ona görə ki, yola saldığımız ildə Azərbaycanda iqtisadi sahədə çox böyük uğurlar əldə edilib. Qazanılan nailiyyətlərə nəzər yetirək:

* “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı;
* Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi;
* Azərbaycanda iki milyardıncı ton neft hasil olundu;
* Valyuta ehtiyatlarımız 4,5 milyard dollar artaraq 42 milyard dollar təşkil etdi;
* Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyuldu;
* Xarici ticarət dövriyyəsi 12 faiz artaraq 21,8 milyard dollar təşkil etdi;
* Ticarət balansımızın müsbət saldosu 6,2 milyard dollar oldu;
* Neftçalada Sənaye Məhəlləsi açıldı;
* Balaxanı Sənaye Parkı istifadəyə verildi;
* Sabirabad Sənaye Məhəlləsinin təməli qoyuldu;
* 1300 kilometr avtomobil yolu, 500-dən çox kəndə yeni yol salındı;
* 2300 ailə yeni evlərə, mənzillərə köçürüldü;
* 221 min yeni iş yeri açıldı;
* Sənayedə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artdı;
* Xarici ölkələrdə 4 ticarət nümayəndəliyimiz fəaliyyətə başladı;
* İxrac 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artdı;
* Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndi bərpa olundu;
* İlk dəfə icbari tibbi sığortanın tətbiqinə başlanıldı;
* 133 məktəb tikildi, 500 məktəb təmir edildi;
* 30 tibb müəssisəsi tikildi, əsaslı təmir olundu;
* 2 olimpiya idman kompleksi istifadəyə verildi;
* 207 min ton pambıq, 245 ton barama, 5200 ton tütün tədarük edildi;
* 18 min hektarda fındıq bağları salındı;
* 140 milyon dollar dəyərində pomidor ixrac edildi;
* 400 hektardan çox sahədə yeni istixana kompleksləri yaradıldı və s.

 

Tarixi nailiyyətləri şərtləndirən amillər

 

Ötən il idman sahəsində də böyük tarixi nailiyyətlərimiz oldu. Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi, “Qarabağ” futbol klubumuz ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı.
Prezident İlham Əliyev bütün bu uğurları dəyərləndirərkən vurğulayıb ki, hər bir ölkə belə nəticələrlə fəxr edə bilər. Əlbəttə ki, bütün bu uğurları şərtləndirən ən başlıca amil ölkəmizdə təmin edilən sabitlikdir. Çünki sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Dövlət başçısının söylədiyi kimi, sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi xalqdır, onun iradəsi və eyni zamanda, dövlətin apardığı siyasətdir.
Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, yürütdüyü siyasət milli maraqlara söykənir və ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu bu sabitliyin təminatçısıdır.

 

Makroiqtisadi sabitlik, sərmayə qoyuluşu üçün cəlbedici ölkə

 

Qazanılan uğurlar və Prezident İlham Əliyevin müəllifi olduğu yeni sosial-iqtisadi layihələr bir daha təsdiq edir ki, ölkə iqtisadiyyatı bu il də öz inkişaf yolu ilə gedəcək. Hər il olduğu kimi, 2018-ci ildə də bir çox önəmli layihələrin icrası nəzərdə tutulur. Bunun üçün ən vacib şərtlərdən biri makroiqtisadi vəziyyətin sabit olmasıdır. Çünki makroiqtisadi sabitlik hər bir ölkə üçün önəmli amildir. Məhz bu amilin nəticəsidir ki, ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə yatırılıb. Bu il isə bu rəqəmin 15 milyard dollaradək artması gözlənilir.
Azərbaycanın bu gün dünya miqyasında sərmayə qoyuluşu üçün çox cəlbedici ölkəyə çevrildiyini qeyd edən cənab İlham Əliyev onu da vurğulayıb ki, həm iqtisadi sabitlik, valyuta ehtiyatları, siyasi sabitlik və Azərbaycanda həyata keçirilən önəmli layihələrin kommersiya cəlbediciliyi xarici sərmayənin cəlb edilməsində yardımçı olacaq.

 

Sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək

 

Son illər ölkədə qeyri-neft sektorunun inkişafı diqqət mərkəzindədir. Bu sahədəki uğurlar da görülən işlərin real təzahürüdür. Nazirlər Kabinetinin sonuncu iclasında dövlət başçısı ötən ilin uğurlarını qiymətləndirdikdən sonra 2018-ci ildə reallaşması nəzərdə tutulan layihələrdən söz açdı.
Bəlli oldu ki, bu il büdcədən heç bir xərc etmədən sahibkarlara güzəştli şərtlərlə 170 milyon manat kredit veriləcək. Yeni iş yerlərinin açılması istiqamətində işlər davam etdiriləcək. Özünüməşğulluq proqramı üçün 35 milyon manat vəsait nəzərdə tutulub və bu, təqribən 7 min ailənin büdcəsinə böyük dəstək olacaq.
Bu il yeni məcburi köçkün şəhərcikləri, qəsəbələri salınacaq. 2018-ci ildə yeni mənzillərlə təmin ediləcək məcburi köçkünlərin sayı keçən illə müqayisədə təxminən iki dəfə artacaq. Əgər 2017-ci ildə 12 min insan yeni mənzillərə, evlərə köçürülübsə, bu il ən azı, 20 min köçkünün yeni evlərə, mənzillərə köçürülməsi nəzərdə tutulur. Bu rəqəm çox da ola bilər.

 

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək, 6 xəstəxana açılacaq

 

Bu il sosial infrastruktur layihələrinin icrası ilə bağlı dövlət investisiya proqramında da kifayət qədər vəsait var. Bölgələrdə modul tipli 137 məktəb tikiləcək. Yüzlərlə məktəbdə təmir işləri aparılacaq. Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək.
Altı şəhərdə yeni mərkəzi rayon xəstəxanası istifadəyə veriləcək. Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində xəstəxanalar açılacaq, Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək. Dörd olimpiya idman kompleksinin tikintisi nəzərdə tutulur. Onlardan ikisi bu il istifadəyə verilməlidir.

 

Bu il daha 3 “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq

 

Bu il Mingəçevir, İmişli və Şəki şəhərində “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Beləliklə, “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq.
Dövlət başçısının tapşırığına əsasən, bu il beş şəhərdə “ASAN xidmət” mərkəzinin tikintisinə başlanılacaq. Onlar yəqin ki, 2019-cu ildə istifadəyə veriləcək. Beləliklə, bir ildən sonra Azərbaycanda 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərəcək.
2018-ci il həm də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. Bu il Masallı Sənaye Məhəlləsinin istifadəyə verilməsi, Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə başlanılması və 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatacaq. Bu isə əlbəttə ki, minlərlə iş yeri deməkdir.

 

2 min kilometrdən çox avtomobil yolu çəkiləcək

 

Bölgələrdə qazlaşdırma işlərinin aparılması üçün Dövlət Neft Şirkətinə dövlət büdcəsindən təxminən 100 milyon manat vəsait ayrılacaq. Dövlət başçısı onu da vurğuladı ki, bu il 2 min kilometrdən çox avtomobil yolu çəkilməlidir. Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı, altı yüz kəndə yeni avtomobil yolu çəkilməlidir. Prezidentin söylədiyi kimi ümumiyyətlə, bu layihələr daxil olmaq şərtilə 2004-cü ildən bu ilin sonuna qədər Azərbaycanda 15 min kilometr avtomobil yolunun tikintisi təmin ediləcək.
Bir sözlə, bütün bunlar bir daha təsdiq edir ki, 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq. Dövlət başçısı da əminliklə vurğulayıb ki, 2018-ci ildə Azərbaycanda bu müsbət meyillər daha da güclənəcək: “Bizim uğurlu siyasətimizin təməlində xalq tərəfindən göstərilən dəstək dayanır. Bu müsbət meyillərin gücləndirilməsi, əlbəttə ki, ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”