Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ötən ilin 11 ayında qeyri-neft məhsullarının ixracı 21,8 faiz artmışdır

13 Yanvar 2018
 

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycan dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac edilmiş, 176 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla keçən ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 21 milyard 809,4 milyon, o cümlədən ixracın dəyəri 14 milyard 18,7 milyon, idxalın dəyəri 7 milyard 790,7 milyon dollar olmuş və nəticədə 6 milyard 228 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 11,6 faiz artmış, real ifadədə isə 10,9, o cümlədən ixrac 6,5, idxal 17,6 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixracın 31,4 faizini İtaliyaya, 10,5 faizini Türkiyəyə, 4,5 faizini İsrailə, 4,2 faizini Rusiyaya, 3,9 faizini Kanadaya, 3,8 faizini Çexiyaya, 3,6 faizini Almaniyaya, 3,5 faizini Çinə, 3,4 faizini Gürcüstana, 3,2 faizini İndoneziyaya, 3 faizini Portuqaliyaya, 2,9 faizini Hindistana, 2,7 faizini Fransaya, 2,4 faizini Ukraynaya, qalan 17 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,5 faizi Rusiya, 14,7 faizi Türkiyə, 9,8 faizi Çin, 8,7 faizi ABŞ, 5,2 faizi Ukrayna, 4,9 faizi Almaniya, 3,6 faizi İtaliya, hər biri 2,7 faiz olmaqla İran və Birləşmiş Krallıq, 2,2 faizi Braziliya, 1,9 faizi Yaponiya, hər biri 1,7 faiz olmaqla Norveç və Fransa, 22,7 faizi isə digər ölkələrlə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

Ötən ilin yanvar-noyabr aylarında 1 milyard 386,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin müvafiq dövrünə  nisbətən faktiki qiymətlərlə 24,1, real ifadədə 21,8 faiz çoxdur.

2017-ci ilin yanvar-noyabr aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 22, təzə tərəvəz 83,8, kartof 50,7, çay 52,1, bitki yağları 0,1, meyvə və tərəvəz şirələri 64,6, təbii üzüm şərabları və üzüm suslosu 97,6, meyvə və tərəvəz konservləri 5,1 faiz, tütün 2, pambıq lifi 6,3, bentonit gili 3,2 dəfə artmışdır. Əvəzində buğda idxalı 22,2, xam şəkər və şəkər 2,6, bitki yağları 4,4, kərə yağı, digər süd yağları və pastaları 7,4, kartof 10,7, təzə tərəvəz 43,7, qara metallardan borular 47,4, mebel 19,2, polietilen 8,7, sement və sement klinkerləri 92,5, məişət soyuducuları 16,4 faiz azalmışdır ki, bu da əsasən yerli istehsalın artması hesabına mümkün olmuşdur.

 

“Azərbaycan”