Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mədəniyyət paytaxtları”nın coğrafiyası ildən-ilə genişlənir

13 Yanvar 2018
 

Qədim tarixə malik olan Azərbaycanı Cənubi Qafqazda fərqləndirən bir məziyyət də onun zəngin mədəniyyəti, musiqisi, milli-mənəvi dəyərlərə sadiqliyidir. Son illər respublikamıza gələn əcnəbilər xalqımızın istedadına, adət-ənənəsinə, eləcə də qonaqpərvərliyinə məftun olduqlarını məmnuniyyətlə dilə gətirirlər. Paytaxtdan başlanan mədəniyyət hadisələri bölgələrimizdə də böyük əks-səda verir. Beynəlxalq tədbirlərə, festivallara, konfranslara sahiblik edən şəhərlərmizin sırası genişlənməkdədir.

Azərbaycanın mədəni zənginliyinin dünyada daha geniş şəkildə tanıdılması, bu tarixi mirasın qorunaraq gələcək nəsillərə çatdırılması dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycan Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında bu sahəyə xüsusi yer ayrılır. Ölkə rəhbərinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilən “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” da məhz mədəni irsə qayğının göstəricisidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə xalq sənətkarlığının inkişaf etdirilməsi, muğam sahəsində yeni istedadların üzə çıxarılması, folklor yaradıcılığının təbliği və mədəni irsin müxtəlif sahələrində həyata keçirilən layihələr çox geniş məkanda rezonans doğurmaqdadır.
Azərbaycanın qeyri-maddi mədəni irsinin inkişafına yönəldilmiş çoxsaylı respublika, beynəlxalq folklor müsabiqə və festivalları, sənətkarlıq yarmarkaları, diyarşünaslıq mövzusunda “dəyirmi masa”lar, konfranslar, digər tədbirlər təşkil olunur. “Qeyri-maddi mədəni irsin qorunmasına dair” UNESCO Konvensiyasının tövsiyələrinə əsasən, beynəlxalq təcrübədən bəhrələnərək hazırlanmış “Şəhər (rayon) mədəniyyət mərkəzlərinin yaradılması” layihəsi artıq bir sıra bölgələrdə həyata keçirilərək müsbət nəticəsini verməkdədir.
Bu sahədə reallaşdırılan müvafiq konseptual layihələr sırasında “2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları” proqramının xüsusi yeri var. Proqrama uyğun olaraq regionlarda keçirilən müvafiq tədbirlər Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasına, xalq yaradıcılığının təşviqinə, tarazlı və davamlı regional sosial-iqtisadi inkişafa xidmət edir. Ötən illərdə proqrama əsasən üç nominasiya - əfsanələr, sənətkarlıq və folklor üzrə Azərbaycanın 15 rayon və şəhəri “Xalq yaradıcılığı paytaxtı” elan olunub. Bölgələrdə müxtəlif mədəni-kütləvi tədbirlər, elmi-praktik konfranslar, “dəyirmi masa”lar, konsertlər, festival və sərgilər keçirilib.
Proqramın yekunlaşdığı 2014-cü ildə Qəbələ ölkəmizin “Əfsanələr paytaxtı”, Balakən “Folklor paytaxtı”, Abşeron isə “Sənətkarlıq paytaxtı” elan edilib. Həmin layihə əsasında bu bölgələrdə 120-dək müxtəlif forma və məzmunlu mədəni-kütləvi tədbirlər təşkil edilib.
“Xalq yaradıcılığı paytaxtları” proqramının icra edildiyi beş ildə keçirilən tədbirlərin bir qismi artıq ənənəvi hal almaqla yanaşı, əhatə coğrafiyası ölkəmizin sərhədlərini aşıb. 2011-ci ildə Masallıda əsası qoyulan “Beynəlxalq folklor festivalı”na müxtəlif ölkələrin bədii kollektivləri qatılıb. Qəbələdə 2013-cü ildən keçirilən “Mürəbbə festivalı”, Şəkidəki “Şirniyyat festivalı”, Balakəndə təşkil olunan “Folklor və turizm festivalı” xalq sənətkarlığının, mədəni irsimizin, eləcə də bölgələrimizin əsrarəngiz gözəlliklərinin, turizm imkanlarının təbliği baxımından əhəmiyyətli layihələr kimi diqqət çəkdi.
Bu layihələr eyni zamanda bölgələrimizin mədəni inkişafına, mədəniyyət sahəsində dövlət siyasətinin hər bir rayon, şəhər, kənd və qəsəbəsində ahəngdar şəkildə həyata keçirilməsinə xidmət edir.
Qəbələnin “Əfsanələr paytaxtı” seçilməsi ilə əlaqədar rayon mədəniyyət mərkəzində tədbir keçirilib. Burada “Əfsanələr paytaxtı ili”nin Qəbələnin mədəni həyatına xüsusi rəng gətirdiyi vurğulanıb. Tədbir çərçivəsində dövlət rəsm qalereyasının fondundan seçilmiş rəsm əsərlərinin sərgisi təşkil edilib.
“Əfsanələr paytaxtı”nda il ərzində keçirilən mədəni-kütləvi tədbirlərdən biri də burada fəaliyyət göstərən xalq teatrında İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanmış tamaşanın göstərilməsi idi. Bu sıraya Qəbələdə artıq üçüncü dəfə keçirilən “Mürəbbə festivalı”nı da əlavə etməliyik. Burada 21 rayonun şirniyyatçılarının ən dadlı əl işlərinin nümayişi ilə yanaşı, satışının da təşkili xüsusi əhəmiyyət daşıyırdı. Çünki Qəbələ son illər əcnəbi və yerli turistlərin ən çox diqqətini və marağını çəkən bölgələrimizdən sayılır. Qəbələdə ötən il ərzində keçirilən mədəni tədbirlər, eyni zamanda, bölgənin tarixinin, folklor və zəngin etnoqrafiyasının təbliği deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilən Qəbələ Arxeoloji Mərkəzi də bu qədim yurdun tarixi və sirli keçmişindən soraq verdiyi üçün olduqca böyük əhəmiyyət daşıyır.
Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu da coğrafi mövqeyi, təbiət gözəllikləri, qədim tarixi abidələri ilə yalnız yerli deyil, əcnəbi turistlərin də diqqətini daim cəlb edir. 2014-cü ildə Balakənin Azərbaycanın “Folklor paytaxtı” elan olunması münasibətilə keçirilən təqdimat mərasimində onun tarixi keçmişini və bugününü əks etdirən maddi-mədəniyyət, folklor nümunələri nümayiş olundu. Balakəndə bir çox azsaylı xalqların nümayəndələri yaşayır. “Folklor ili” çərçivəsində onların da maddi-mədəniyyət nümunələri dünyaya tanıdıldı. Təqdimat mərasimində bölgənin, xüsusən Balakəndə yaşayan xalqların milli adət-ənənələri, folkloru nümayiş etdirildi.
Abşeronun “Sənətkarlıq paytaxtı” elan olunması ilə əlaqədar rayonun ayrı-ayrı qəsəbə və kəndlərində silsilə tədbirlər təşkil olundu. Goradil folklor klubunda keçirilən “Bizdə şeir də var, sənət də var” adlı poeziya, muğam və yumor gecəsi tamaşaçılara xoş təəssürat bəxş etdi. Beynəlxalq Abidələr Günü ilə əlaqədar “Abşeronun tarixi və mədəni abidələrinin ikinci həyatı” adlı sərgi-seminar maraqla qarşılandı. Məktəblilərin rayonun tarixi abidələrinə ekskursiyaları təşkil olundu. Qobu qəsəbəsindəki Sənətkarlıq evində xalça ustaları ilə “Qədim el sənətini yaşadanlar” adlı görüş keçirildi. İştirakçılar xalq tətbiqi, dekorativ və təsviri sənət nümunələrinin daimi sərgisi ilə tanış oldular.
Abşeronun mədəni irsi ölkəmizdən kənarda da təqdim edildi. İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi, İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi Dərnəyi və Manisa Gözəl Sənətlər və İdman Liseyinin dəvəti ilə bu şəhərlərdə “Abşeron - sənətkarlıq paytaxtı” mövzusunda təqdimatlar keçirildi. Ümumilikdə 2014-cü il “Sənətkarlıq paytaxtı” Abşeron üçün də sənət dolu bir tarixə çevrildi.
2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın Ədəbiyyat Paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın Milli Mətbəx Paytaxtı” elan edildi. Bunlar bölgələrdə mədəniyyət tədbirlərinin canlanmasına təkan verdi.
“Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Qusar rayonunun 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunmasına həsr olunmuş təqdimat mərasimində bildirildi ki, proqram ölkəmizdə qeyri-maddi mədəni irsin bərpası, qorunması, hərtərəfli inkişafı, təbliği və təşviqi məqsədilə həyata keçirilir.
2016-cı ildə Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur. Qeyd edilmişdir ki, füsunkar təbiəti, nadir tarix-memarlıq abidələri, inkişaf etmiş sənətkarlığı, zəngin irsinin qorunması nəticəsində Azərbaycanda turizmin inkişaf etdiyi bölgələrdən birinə çevrilmiş Şəkinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması unikal mədəniyyətimizin təşviqində əhəmiyyətli rol oynayacaq.
2017-ci il də ölkəmiz üçün uğurlu hesab edildi. Bu uğurlar, sözsüz ki, mədəniyyət sahəsində də müşahidə olunmaqdadır. Ötən il şəkililər xoş bir xəbər aldılar: Şəki şəhəri UNESCO-nun qərarı ilə “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Əlbəttə, 44 ölkədən 64 şəhərin, o cümlədən Şəkinin bu statusa layiq görülməsi heç də təsadüfi deyil. Şəbəkənin yaradılmasında məqsəd xalq tətbiqi sənətinin daha da inkişaf etdirilməsi, həmçinin şəhərlərin turizm potensialının genişləndirilməsi, beynəlxalq səviyyədə tanıdılmasıdır.
Qədim dövlətçilik ənənələrinə, zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biridir. El sənətkarlarının sənət ənənələrini davam etdirənlərin fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranıb. Dəmirçilik, misgərlik, dulusçuluq, papaqçılıq, şəbəkə, ağac üzərində oyma, ipəkçilik və digər istehsal sahələri Şəki sənət məbədinin başlıca sütunlarını təşkil edib. Şəki sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.
Xalqın tarixini, folklorunu, mətbəx mədəniyyətini təşviq edən bu cür layihələrin həyata keçirilməsi ilk növbədə milli-mənəvi sərvətlərin daha geniş auditoriya və məkanlarda təbliği deməkdir.

Məhəmməd NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”