Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səbaildə “ABAD məhəllə”lərin sayı sürətlə artır

13 Yanvar 2018
 

Səbail rayonunun qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində 2017-ci ilin yekunlarının müzakirəsinə başlanmışdır. Bununla əlaqədar ilk hesabat iclası rayon icra hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilmişdir.

Rayonun mərkəz hissəsini əhatə edən təşkilatların,  təhsil,  səhiyyə və digər müəssisələrin,  təsərrüfat xidmətlərinin nümayəndələrinin və sakinlərin iştirakı ilə keçirilən toplantıda 2017-ci ildə rayonun mərkəzi hissəsində həyata keçirilən işlərə yekun vurulmuş,  qarşıda duran vəzifələr müzakirə olunaraq növbəti il üçün konkret tədbirlər müəyyənləşdirilmişdir. Hesabat məruzəsi ilə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tərlan Qasımov bildirmişdir ki,  ötən il nümayəndəliyin ərazisində 20 həyətə asfalt döşənib,  ümumilikdə 40 ünvanda dam örtüyü təmir olunub,  700 p/m ümumi istifadə sahəsi şüşələnib,  65 qapı,  40 pəncərə dəyişdirilib,  balansda olan binalarda 3000 p/m tüstü bacaları təmizlənib. RİH tərəfində Abbasqulu Abbaszadə küçəsindəki həyətdə yeni “ABAD məhəllə” yaradılması ilə bağlı işlər həyata keçirilir.

Ötən il “Formula - 1” yarışları ərəfəsində Xaqani,  Üzeyir Hacıbəyli,  Puşkin küçələrində və burada yerləşən binaların fasad və dam örtüklərində təmir işləri aparılmış,  hazırda Bülbül prospekti,  Rəşid Behbudov,  Əhməd Cavad və s. küçələrdə binaların fasadları təmir olunur. Dənizkənarı Milli parkda “Xəzər Waterfront” istirahət-əyləncə-alış-veriş mərkəzinin,  Zərifə Əliyeva küçəsində yeni “İnterkontinental” və “Dinamo” mehmanxanalarının,  Milli Təhlükəsizlik Xidməti Səbail Rayon İdarəsinin yeni inzibati binasının tikintisi,  İncəsənət Muzeyinin əsas binasının,  Bülbül adına orta ixtisas musiqi məktəbinin binasının əsaslı təmiri davam edir.

Yığıncaqda çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinə göstərilən diqqət və qayğıdan,  gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması,  burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışmışdır. 2017-ci ildə rayonda görülən işlər və həyata keçirilmiş sosialyönümlü layihələr barədə məlumat verilərək qeyd edilmişdir ki,  ölkə rəhbərinin tapşırıqlarına əsasən şəhərin mərkəzini əhatə edən 1 saylı nümayəndəliyin ərazisində bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcəkdir. Bidirilmişdir ki,  RİH tərəfindən qəsəbə və yaşayış məntəqələrində məhəllələr abadlaşdırılacaq,  qəsəbədaxili yolların təmiri,  su və kanalizasiya sistemlərinin yenidən qurulması,  qəsəbədaxili küçələrin asfaltlaşdırılması və işıqlandırılması ilə bağlı tədbirlər görüləcəkdir. Yığıncaqda mövcud problemlərdən danışılmış,  sakinləri maraqlandıran suallar cavablandırılmış,  bir sıra müraciətlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”