Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib

12 Yanvar 2018
Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

İclasda test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçmiş 125 nəfər hakimliyə namizədin hakim vəzifəsinə hazırlanmaları üçün birillik ilkin hazırlıq kursu barədə məlumat dinlənilib. Kursun bu ayın sonunda başa çatacağı qeyd edilib.

Bildirilib ki, kurs çərçivəsində namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnmələrinə xüsusi diqqət yetirilib, insan haqlarının müdafiəsi, məhkəmə etikası, korrupsiyaya qarşı mübarizə və digər aktual məsələlərə dair nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər keçirilib, məhkəmələrdə, o cümlədən bütün namizədlər üçün xaricdə stajkeçmələr təşkil olunub.

İclasda tədris kursunun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə yazılı imtahanın keçirilməsi məsələlərinə baxılıb. İmtahanın fevralın 3-də saat 10:00-da vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman zalında təşkili məqbul bilinib.