Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Putin: “Rusiyanın Suriyadakı bazalarına hücum təxribat idi”

12 Yanvar 2018
Suriyadakı Rusiya hərbi bazalarına hücum Rusiya, İran və Türkiyə arasında münasibətləri sarsıtmağa yönəlmiş təxribat idi. Bu bəyanatla Rusiya Prezidenti Vladimir Putin Moskvada yerli kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə çıxış etmişdir.

Putin qeyd etmişdir ki, Rusiya da, Türkiyə də bunu yaxşı başa düşür və birlikdə hərəkət edəcəklər. O məlumat vermişdir ki, rusiyalı hərbçilər bu hadisənin arxasında kimin dayandığını aydınlaşdırmışlar: “Orada təxribatçılar var idi, türklər yox. Biz bilirik ki, onlar kimdirlər, bilirik ki, bu təxribata görə kimə nə qədər pul ödəyiblər. Belə hadisələrə gəlincə, burada yaxşı heç nə yoxdur. Bu təxribatlar əvvəllər əldə olunmuş razılaşmaları pozmağa yönəlmişdir”.

Xatırladaq ki, bu ayın 5-dən 6-na keçən gecə partlayıcı maddələrlə təchiz olunmuş pilotsuz uçuş aparatları Rusiyanın “Hmeymim” və Tartus bazalarına hücum etməyə cəhd göstərmişdir. Rusiyalı hərbçilər pilotsuz uçuş aparatları bazalara çatmamış onları zərərsizləşdirməyə müvəffəq olmuşlar.