Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kürdəmirli gənclərin bir qrupu hərbi xidmətə yollanıb

12 Yanvar 2018
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin ilk illərindən Azərbaycan Ordusunun formalaşdırılmasına, gənclərin hərb işinə marağının gücləndirilməsinə xüsusi önəm verirdi. Bu gün iftixarla deyə bilərik ki, Ulu Öndərin bu arzusu reallaşıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər yanvarın 12-də Kürdəmirdə çağırışçı gənclərin hərbi xidmətə növbəti yolasalma mərasimində səsləndirilib. Heydər Əliyev parkında keçirilən mərasimdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar və gənclər, valideynlər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra dövlət himni səsləndirilib.

Yolasalma mərasimində çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kürdəmir rayon şöbəsinin rəisi, polkovnik Həbib Əliyev, rayon icra hakimiyyəti başçısının birinci müavini Tacəddin Novruzov, valideyn Vəzir Novruzov və başqaları hərbi xidmətə yola düşən gəncləri təbrik edib, onların nümunəvi xidmətləri ilə fərqlənəcəklərinə əmin olduqlarını bildiriblər.

Çağırışçılar adından çıxış edən Yusif İsmayılov Vətəni layiqincə qoruyacaqlarını, nümunəvi əsgər olacaqlarını, doğma yurdun, el-obanın, valideynlərin onlara olan inamını şərəflə doğruldacaqlarını söyləyib.

Tədbir incəsənət ustalarının konserti ilə davam edib.

Sonda çağırışçı gənclər “Azərbaycan“ mahnısının sədaları altında üçrəngli bayrağımızı öpərək, hərbi xidmətə yola düşüblər.