Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xoşbəxt Yusifzadə: Xoşbəxtəm ki, həm bir milyardıncı, həm də iki milyardıncı ton neftin çıxarılmasında iştirak etmişəm

12 Yanvar 2018

Ötən il Azərbaycan neft sənayesi üçün iki əlamətdar hadisə ilə yadda qaldı. “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək uzadıldı və Azərbaycanda iki milyardıncı ton neft çıxarıldı. Görkəmli geoloq Xoşbəxt Yusifzadə nadir insanlardandır ki, həm bir milyardıncı ton, həm də iki milyardıncı ton neftin hasil olunmasında şəxsən iştirak edib. O, AZƏRTAC-a müsahibəsində Azərbaycan neft sənayesi tarixinin unudulmaz səhifələrini vərəqləyib, bu mürəkkəb, şərəfli yolda qarşıya çıxan çətinliklərdən və əldə olunan uğurlardan danışıb.

 

Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Əmək fəaliyyətinə elə həmin il SSRİ Neft Sənayesi Nazirliyinin Bakıdakı “Dövlətxüsusineftlayihə” kontorunda başlayıb, daha sonra “Dənizneft” Birliyində, “Gürganneft” trestində (indiki “Neft Daşları” NQÇİ), “Başdənizneft” İdarəsində, “Dənizneft” və “Xəzərdənizneft” birliklərində, “Azərineft” Dövlət Konsernində və Dövlət Neft Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2004-cü ildən isə SOCAR-ın birinci vitse-prezidentidir. Geologiya-mineralogiya elmləri doktoru, professor və AMEA-nın həqiqi üzvüdür. “İstiqlal”, “Şöhrət”, “Şərəf”, “Əmək” ordenləri, eləcə də “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

 

- Xoşbəxt müəllim, sizi Azərbaycan neft sənayesinin canlı ensiklopediyası adlandırırlar. Ona görə də söhbətimizə tarixə qısa bir ekskursla başlamaq istərdik. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ildə çıxarılıb. O vaxt siz “Xəzərdənizneft” Birliyində baş direktorun müavini-baş geoloq vəzifəsində çalışırdınız. Həmin hadisəni necə xatırlayırsınız?

- 1971-ci ildə respublikamızda milyardıncı ton neftin çıxarılmasının böyük tarixi hadisə kimi qeyd olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Milyardıncı ton neft 1971-ci il martın 28-də çıxarıldı. Həmin il aprelin 2-də Moskvada kommunist partiyasının 24-cü qurultayında çıxış edərkən Azərbaycanın rəhbəri Heydər Əliyev respublika neftçilərinin bu nailiyyəti barədə xəbəri dünyaya yaydı. Dedi ki, Azərbaycan neftçiləri bu qocaman neft diyarının bütün tarixi ərzində yerin dərin qatlarından milyardıncı ton “qara qızıl” çıxarıblar. Həmin il aprelin 21-də isə neftçilərin əmək qəhrəmanlığının bir daha yüksək səviyyədə qeyd olunması üçün Bakıda respublika ictimaiyyəti nümayəndələrinin təntənəli yığıncağı keçirildi. O vaxt neftçilərin böyük bir dəstəsi müxtəlif mükafatlara, o cümlədən SSRİ-nin orden və medallarına, fəxri adlara layiq görüldü. Təltif edilən neftçilərdən biri də mən idim. Sovet dövründə layiq görüldüyüm üç ordendən birini mənə məhz 1971-ci ildə milyardıncı ton neftin çıxarılmasına görə verdilər.

Həyat belə gətirdi ki, milyardıncı ton Azərbaycan nefti ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə, iki milyardıncı ton neft isə Prezident İlham Əliyevin rəhbərliyi dövründə və bilavasitə onun özünün iştirakı ilə çıxarıldı. Bu hadisə ötən il noyabrın 8-də baş verdi. Elə həmin gün Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən təntənəli mərasimdəki nitqində Prezident İlham Əliyev iki milyardıncı ton neftin çıxarılması münasibətilə Azərbaycan neftçilərini və xalqımızı təbrik etdi. Dövlətimizin başçısı işlənmənin əvvəlindən ölkəmizdə iki milyard ton neftin çıxarılmasını tarixi hadisə adlandırdı.

Həqiqətən də iki milyardıncı ton neftin hasil edilməsi Azərbaycanın tarixində şərəfli bir səhifədir. Xatırlatmaq istəyirəm ki, neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçmişdilər. Neftin ikinci milyard tonunu çıxarmaq üçünsə bizə yarım əsrdən də az bir vaxt – cəmi 46 il lazım gəldi. Sözsüz ki, Azərbaycan Respublikasının müstəqilliyi bu işdə müstəsna rol oynayıb. Neftin ikinci milyard tonunun 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilib ki, bunun da 460 milyon tonu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə Konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.

İki milyardıncı ton neftin çıxarılması münasibətilə neftçilərin böyük bir qrupu müstəqil Azərbaycanın orden və medalları ilə təltif olundu, fəxri adlara, Prezidentin fərdi təqaüdünə layiq görüldü. Buna görə Prezidentimizə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mən həm də ona görə xoşbəxtəm ki, neftimizin həm milyardıncı, həm də iki milyardıncı tonunun çıxarılmasında iştirak etmişəm və bu gün artıq üçüncü milyard ton neftin çıxarılmasında gənc həmkarlarımla birlikdə çalışıram.

 

- Müstəqil Azərbaycanın neft sənayesinin tarixi “Əsrin müqaviləsi”ndən başlayır. Bu tarixi sazişin imzalanmasınadək olan proseslərə maraq indinin özündə də azalmayıb: şərtlər, pay bölgüsü, şirkətlərin marağı, Azərbaycanın milli maraqları... Neft konsorsiumu ilə danışıqlarda o vaxt Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev də iştirak edirdi. Bu, Azərbaycan nümayəndə heyəti üçün nə kimi üstünlüklər yaradırdı? Ən önəmli məqam kimi nəyi qeyd etmək istərdiniz?

- Həqiqətən də “Əsrin müqaviləsi” Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, respublikamızın vətəndaşları bilməlidirlər ki, müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb.

“Əsrin müqaviləsi”nin işlənib hazırlanmasında, imzalanmasında, beləliklə də ümummilli liderimiz Heydər Əliyevin məşhur neft strategiyasının həyata keçirilməsində möhtərəm Prezidentimiz İlham Əliyevin müstəsna xidmətləri hamımıza yaxşı məlumdur.

Prezidentimiz barədə mən saatlarla danışa bilərəm. Çünki onu artıq 24 ildir tanıyıram. Vaxtilə cənab İlham Əliyev də bizim böyük neftçilər ailəsinin üzvü idi. 1994-cü ilin aprelində o, Dövlət Neft Şirkətinin xarici əlaqələr üzrə vitse-prezidenti təyin edilmiş, sonra şirkətin birinci vitse-prezidenti olmuşdu. Bu vəzifədə 2003-cü ilin avqust ayınadək çalışmışdı. Bu müddətdə cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edir, özünü həssas, sadə və mehriban bir insan, eyni zamanda, prinsipial və tələbkar rəhbər işçi kimi göstərirdi.

İş elə gətirdi ki, 1994-cü ilin iyul-sentyabr aylarında biz işçi qrupunun tərkibində Amerikanın Hyuston şəhərinə birgə getdik və orada sonralar “Əsrin müqaviləsi” adlanan “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi prinsiplərinə dair danışıqlara başladıq. Danışıqlar prosesi və gərgin iş rejimi bu danışıqların hər bir iştirakçısının peşəkarlıq səviyyəsini, son dərəcə məsul bir işə münasibətini açıq-aydın göstərirdi. Müdriklər doğru deyiblər ki, ağıl yaşda deyil, başdadır. Həmin vaxtlar kifayət qədər gənc olmasına baxmayaraq, İlham Əliyev çox səriştəli bir mütəxəssis olduğunu göstərdi. Onun danışıqlar zamanı yaranan mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapması, gərginliyi aradan qaldırmaq məharəti bizə çox kömək edir, bizi daha qətiyyətli və inamlı olmağa ruhlandırırdı.

Hyustonda danışıqlarımız 45 gün çəkdi. Nəhayət, bu gərgin işlərin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndərimiz Heydər Əliyevin titanik əməyi sayəsində “Əsrin müqaviləsi” imzalandı. O vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin tərkib hissəsinə çevrildi. Bu işdə İlham Əliyevin xidmətləri nəinki Azərbaycanda, hətta dünyanın aparıcı dövlətləri səviyyəsində də etiraf edilirdi.

“Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük siyasi və iqtisadi əhəmiyyəti oldu. Əvvəla, dünyanın aparıcı dövlətləri və şirkətləri əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Bu, müqavilənin siyasi əhəmiyyətidir. Heç təsadüfi deyil ki, həmin müqavilədən sonra xarici şirkətlərlə daha 34 saziş bağlandı.

Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı.

Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları hesabına əldə edilir. İşlənmənin əvvəlindən “Azəri-Çıraq-Günəşli” yataqlarından 445,4 milyon ton neft və 140,5 milyard kubmetr qaz hasil olunub.

Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 milyon ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55 faizini təşkil edir.

2006-cı ilin mayından böyük həcmdə Azərbaycan neftini Avropaya və dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri də “Əsrin müqaviləsi” sayəsində meydana gəldi. Bu kəmər ulu öndər Heydər Əliyevin ikinci şah əsəridir.

Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının ərazilərindən keçib, birbaşa Aralıq dənizinə çıxan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin də bir vaxtlar əleyhinə çıxanlar, onun çəkilməsini istəməyənlər vardı. Amma indi baxın: 2018-ci il yanvarın 1-dək dünya bazarına 466,7 milyon ton neft çıxarılıb ki, bunun da 350 milyon tona qədəri Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarına biz necə çıxara bilərdik?!

 

- Azərbaycana bir çox xarici təzyiqlərin olduğu belə bir mürəkkəb dövrdə “Əsrin müqaviləsi” nə dərəcədə real görünürdü? Xoşbəxt müəllim, şəxsən siz bu sövdələşmənin baş tutacağına, nəticə verəcəyinə inanırdınızmı?

- Bu sualınızla siz məni yenidən ötən əsrin 90-cı illərinin əvvəllərinə qaytardınız. 1991-ci ilin sonunda Sovet İttifaqı dağılanda və Azərbaycan müstəqillik əldə edəndə respublikada vəziyyət yaxşı deyildi. Ölkədə qeyri-sabitlik hökm sürürdü, maliyyə və texniki təchizat məsələlərinin nə vaxt həll ediləcəyini heç kim bilmirdi. Neft-qaz sənayesi ağır böhran içində idi. Buna görə də hələ 1979-cu ildə kəşf olunmuş “Günəşli” yatağının dərinsulu hissəsində, 1985-ci ildə kəşf edilmiş “Çıraq” və 1987-ci ildə aşkarlanmış “Azəri” yataqlarında işləmək mümkün deyildi. Yalnız “Günəşli” yatağının suyun dərinliyi 200 metrədək olan hissəsinin işlənilməsi mümkün idi. Belə vəziyyətdə Azərbaycanda ikinci dəfə rəhbərliyə gələn ulu öndər Heydər Əliyev respublikanın neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı.

O vaxt “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək! Biz maliyyə vəziyyətimizin düzəlməsi üçün illərlə oturub gözləyə bilməzdik, çünki respublikada sosial vəziyyət dözülməz həddə çatmışdı. Bizim ixrac potensialımız isə sıfıra bərabər idi və o dövrdə ölkəni ağır böhrandan yalnız neftimiz xilas edə bilərdi. Buna görə də Qərbin iri neft şirkətləri ilə əməkdaşlığa getmək lazım idi. Lakin xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr vardı. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də Azərbaycan Prezidenti neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi. Prezidentin və neftçilərin fikirləri üst-üstə düşdü. Xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. “Əsrin müqaviləsi” ideyası belə yarandı.

Düzdür, o vaxt belə fikirlər də səsləndirilirdi ki, Azərbaycan qədim neft diyarıdır, ölkəmizdə neftin axtarışı, kəşfiyyatı, hasilatı, nəqli və emalı sahəsində zəngin təcrübə toplanıb. Azərbaycan dünyanın neft elminə görkəmli alimlər bəxş edib və bizim çox bacarıqlı mütəxəssislərimiz var və yataqların işlənməsini özümüz təşkil edə bilərik.

Bəli, bizim təcrübəmiz də var idi, mütəxəssislərimiz də. Biz ən mürəkkəb şəraitdə də işləyə bilərdik. Lakin o vaxt bizim nə müvafiq texnikamız var idi, nə də maliyyə vəsaitimiz. Buna görə də ən düzgün yol xarici şirkətləri ölkəmizə dəvət etmək idi. Tarix və ötən müddətdə əldə etdiyimiz nailiyyətlər göstərdi ki, bu, ən düzgün qərar idi.

Qeyd etməliyəm ki, xarici şirkətlərlə neft sahəsində iş birliyinin qurulmasında təəccüblü heç nə yoxdur. Yəni bu, görünməmiş bir hadisə deyil, əksinə, dünya praktikasında geniş yayılmış bir işdir. Dünyanın demək olar ki, bütün neft ölkələri – ABŞ, Böyük Britaniya, Norveç və başqaları birgə işləmək üsulundan geniş istifadə edirlər. Bunun səbəbi məlumdur: neft sənayesi böyük sərmayə qoyuluşu tələb edir və heç bir ölkə xüsusilə də dənizdə bu riskli işə təkbaşına getmək istəmir.

 

- Ötən il Azərbaycanın neft tarixində daha bir əlamətdar hadisə baş verdi. Belə ki, “Azəri-Çıraq-Günəşi” yatağı üzrə mövcud sazişin müddəti 2050-ci ilədək uzadıldı. Bütün ömrü neftlə bağlı olan şəxs kimi bu mühüm saziş imzalananda hansı hisslər keçirirdiniz?

- Bu hadisə məni çox sevindirdi. Ona görə sevindirdi ki, bizim “Azəri”, “Çıraq”, “Günəşli” kimi unikal neft yataqlarımızla bağlı işlərimiz yeni mərhələyə qədəm qoydu. Məsələ belədir ki, “Əsrin müqaviləsi” öz missiyasını uğurla yerinə yetirib və yetirir. 30 il müddətinə imzalanmış “Əsrin müqaviləsi” 2024-cü ildə başa çatacaq. Bəs sonra?! Xeyli vaxt idi ki, bu sual həm bizi, həm də xarici tərəfdaşlarımızı ciddi düşündürürdü.

BP ilə məsləhətləşmələr, danışıqlar aparıldı. Onlar da əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildirdilər və danışıqlarımız ötən il sentyabrın 14-də “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin imzalanması ilə nəticələndi. Prezident İlham Əliyev mərasimdəki nitqində “Əsrin müqaviləsi” çərçivəsində görülmüş işləri yüksək qiymətləndirdi, yeni müqavilənin şərtləri barədə danışdı.

Bu müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. Məsələn, mənfəət karbohidrogenlərinin bölgüsü bu günədək mövcud olan nisbətdə qalır - yəni Azərbaycana 75 faiz, podratçı tərəflərə 25 faiz. Bu bölgü 2050-ci ilədək dəyişməyəcək. Podratçı qismində çıxış edən “AzAÇG” şirkətinin mövcud layihə üzrə payı 11,6 faizdən 25 faizədək, yəni iki dəfədən də çox artırılır. Müqavilə çərçivəsində tərəfdaş şirkətlər Azərbaycan hökumətinə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Yataqlardan hasil edilən səmt qazı əvvəlki kimi bütünlüklə Azərbaycana qalacaq.

2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək. Bu vaxta qədər AÇG-yə təxminən 43 milyard dollar sərmayə qoyulub və bundan sonra da bir o qədər sərmayə qoyulacaq. “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üzrə sazişin müddətinin 2050-ci ilədək uzadılması və xarici neft şirkətlərinin bundan sonra da respublikamızda qalıb işləmək barədə qərarı belə bir həqiqəti də dünyaya nümayiş etdirdi ki, Azərbaycanda siyasi sabitliyə zərrəcə təhlükə yoxdur və bu ölkə etibarlı tərəfdaş olaraq qalır. Azərbaycandakı sabitlik Prezident İlham Əliyevin müdrik daxili və xarici siyasətinin ən mühüm göstəricisidir və xarici şirkətlər üçün olduqca cəzbedicidir. Buna görə də mən əminəm ki, bizim “Azəri”, “Çıraq”, “Günəşli” yataqları üzrə xarici şirkətlərlə birgə işimiz 2050-ci ildə də qurtarmayacaq və sonra layihənin yeni bir mərhələsi başlanacaq.

 

- Nəhəng “Şahdəniz” yatağının kəşfi ilə Azərbaycan qaz ixracatçısı ölkələr sırasına daxil olmaq imkanı qazandı. Bu hədəfə yönələn “Cənub Qaz Dəhlizi” layihəsi doğrudanmı Avropanın enerji xəritəsini dəyişdirə biləcək?

- Həqiqətən də “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda ehtiyatları bu günə 1,2 trilyon kubmetr qazdan və 240 milyon ton kondensatdan ibarət olan nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək imkanlarına malik bir ölkə kimi tanıtdı. “Şahdəniz” layihəsi də ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır və dahi şəxsiyyətin üçüncü şah əsəridir.

“Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunacaq qaz Avropa ölkələrinə “Cənub Qaz Dəhlizi” vasitəsilə nəql ediləcək. Layihə dörd hissədən ibarətdir. Birinci hissə “Şahdəniz” qaz yatağıdır. İkinci hissə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz ixrac qaz boru kəmərinin genişləndirilməsidir. Üçüncü mühüm hissə qısaca olaraq, TANAP adı ilə məşhur olan Trans-Anadolu təbii qaz boru kəməri layihəsidir. Dördüncü hissə isə Azərbaycan təbii qazının Avropaya çatdırılmasına imkan yaradacaq “Trans-Adriatik” (TAP) boru kəməridir.

Yatağın tammiqyaslı işlənməsi və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) üzrə işlər artıq başa çatdırılır. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda 15-ci quyu qazılır. Altı quyu tamamlanıb, daha bir quyu tamamlanmaq üzrədir. “Şahdəniz-2” layihəsi çərçivəsində yataqda ümumilikdə 26 quyu qazılacaq. TANAP-ın inşası bu il, TAP-ın tikintisi isə 2019-cu ildə qurtaracaq. Məlum olduğu kimi, ilkin mərhələdə “Cənub Qaz Dəhlizi” ilə ildə 16 milyard kubmetr “Şahdəniz” qazı ixrac ediləcək. Bunun 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropa ölkələrinə veriləcək. “Cənub Qaz Dəhlizi”nin nəqletmə gücü sonralar ildə 31 milyard kubmetrə qədər artırılacaq.

 

- Gəlin neft-qaz mövzusundan bir qədər uzaqlaşaq. Bizim üçün maraqlıdır ki, Xoşbəxt müəllim asudə vaxtını necə keçirir? Hobbisi nədir: kitab oxumağı sevirmi, hansı musiqini xoşlayır, kino və ya teatra gedirmi? İdmanın hansı növü ilə maraqlanır? Dostları ilə görüşməyə vaxt tapa bilirmi?

- Artıq 88 yaşım var. “Hobbi”, “asudə vaxt” kimi anlayışlar mənim üçün o qədər də böyük əhəmiyyət kəsb etmir. Bununla belə, deməliyəm ki, ömür boyu asudə vaxtlarımın böyük hissəsini mütaliəyə, futbola və fotoqrafiyaya həsr etmişəm.

Müdriklər, tarixi şəxsiyyətlər və məşhur yazıçılar kitabı bizə bilik mənbəyi kimi nişan verib, özlərinin ən yaxşı keyfiyyətləri üçün məhz kitaba minnətdar olduqlarını bildiriblər. Mən də o fikirdəyəm ki, kitabdan gen düşən adam cəmiyyətin ümumi inkişafından kənarda qalar, onun üçün mədəni və mənəvi zənginlik yolu oxuduğu sonuncu kitabla qurtarar. Xoşbəxtəm ki, mənim kitabla dostluğum, ünsiyyətim uzun illərdir davam edir və ömrümün sonuna qədər də davam edəcək.

Futbolu da mən uşaqlıqdan sevmişəm. Məktəb illərində o qədər top “qovmuş”, o qədər yıxılıb-durmuşam ki! Sonra tale məni dənizə - dalğalar qoynuna aparıb çıxardı. Daha dostlarla birlikdə futbol oynamaqdan söhbət gedə bilməzdi. Estakada futbol meydançası deyildi: burada gecə-gündüz işləmək, yeni-yeni yataqlar aşkar etmək, neft və qaz hasilatını artırmaq lazım idi.

Lakin mən futbola “əlvida” demədim. Milyonların qəlbinə hakim kəsilən bu gözəl oyunun sədaqətli azarkeşi oldum. Sevimli komandam “Neftçi”dir. Amma 2017-ci ildə Çempionlar Liqasında gözəl oyun nümayiş etdirib, qrup mərhələsinə adlayanda “Qarabağ” da mənə “Neftçi” qədər əziz oldu. Təəssüf ki, mən indi əsasən teleazarkeşəm, yəni futbol oyunlarını televiziya vasitəsilə izləyirəm və stadionlara nadir hallarda gedirəm.

Amma fotoşəkil çəkməyi indi də çox xoşlayıram. Çəkdiyim fotolar adamların xoşuna gələndə elə bil mənə dünyanı bağışlayırlar.

O ki qaldı, musiqiyə… Bilirsiniz, məşhur tarzən, Azərbaycanın Xalq Artisti Həbib Bayramov mənim qayınım idi. Dünyaşöhrətli bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Arif Məlikov ən yaxın dostlarımdan biridir. Ən sevdiyim müğənni isə SSRİ-nin və Azərbaycanın Xalq Artisti Rəşid Behbudov olub. Bu gün də onun lent yazılarını, vallarını saatlarla dinləyə bilərəm. İndi özünüz fikirləşin ki, musiqi mənim üçün nədir.

Kinoya da baxıram, teatra da gedirəm, amma təəssüf ki, daha hər həftə, hər ay getmək mümkün olmur. Bəzən teatra SOCAR-ın baş ofisinin əməkdaşları ilə birlikdə gedirəm. Dost-tanışla da bəzən orada görüşürəm.

Dostlar, qohumlar tez-tez görüşməlidirlər, görüşməyəndə yadlaşırlar. Bu isə təkcə qohumluq, dostluq əlaqələrini itirmək deyil, həm də adət-ənənələri, mənəvi dəyərləri, eləcə də ürəklərdə xatirələri itirməkdir. Buna isə yol vermək olmaz. Dünyanın ən gözəl hobbisi insanların bir-birləri ilə görüşləridir. Digər hobbilər isə sadəcə olaraq, məşğuliyyətdir…