Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səmərəli islahatlar, real nəticələr

12 Yanvar 2018
 

Prezident İlham ƏLİYEV: “Bütün sahələrdə əldə edilmiş göstəricilər ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir”

 

Ötən il xalqımızın həyatının bütün sahələrində əldə edilmiş nəticələr Azərbaycanın davamlı inkişafından xəbər verir. O cümlədən iqtisadi sahədə də böyük uğurlar qazanılıb. Ümumi daxili məhsul istehsalında artım olub.
Qeyri-neft sektorunda artım 2,5 faiz təşkil edib. Sənaye sahəsində qeyri-neft sektoru 3,6, kənd təsərrüfatı 4,1 faiz artıb. Ölkədə genişmiqyaslı sosial və infrastruktur layihələri həyata keçirilib. Bu və digər nailiyyətlər barədə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edilib.
İclasda vurğulanıb ki, həm Dünya Bankı, həm də Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verir. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə ötən il iki pillə irəliləyərək 35-ci yerə çıxıb.
İl ərzində ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu barədə Prezident İlham Əliyev demişdir: “Həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda qeyd etdiyim sabitliyin təzahürüdür. Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur. Ona görə il ərzində təxminən 15 milyard dollar investisiyaları cəlb etmək hesab edirəm ki, böyük nailiyyətdir”.
İxracın 19 faiz artması, 2016-cı ilə nisbətən turistlərin sayının 500 minə qədər çoxalması da ümumi inkişafdan qaynaqlanan nəticələrdir. Ticarət əlaqələrində saldonun müsbət olması, idxalın sabit səviyyədə qalması göstərir ki, Azərbaycan daxili tələbatını daha böyük həcmdə yerli istehsal hesabına ödəyir. Bu, növbəti illərdə də ticarət saldosunun müsbət olacağına təminat yaradır.
2017-ci ildə regionların inkişafı yenə də diqqət mərkəzində olub. İl ərzində dövlət başçısı respublikanın 30-dan çox rayonuna səfər edib. Bu səfərlərin hər biri həmin bölgələrin inkişafına yeni təkan və stimul verib. Ölkədə 221 min iş yeri açılıb ki, onların da böyük bir hissəsi regionlardadır və yeni müəssisələrdə yaradılıb.
Energetika sahəsində baş verən mühüm yeniliklərlə - “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi üzrə sazişin müddətinin 2050-ci ilədək uzadılması, “Cənub qaz dəhlizi”nin bütün seqmentlərinin irəliləməsi ilə yanaşı, qeyri-neft sektoru da xeyli inkişaf edib. Nazirlər Kabinetinin iclasında bu sektorda əldə olunan nailiyyətlər qeyd olunmaqla bərabər, görüləcək işlər də göstərilib. Belə ki, sənaye parklarının yaradılması davam edir. Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabadda da sənaye məhəllələrinin yaradılması prosesi gedir. Bu il Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılması gözlənilir. Sumqayıt Kimya Sənaye Parkının nümunəsi bu istiqamətdə ölkədə aparılan bütün işlərin uğur gətirəcəyinə zəmanət verir. Sumqayıt parkında keçən ilin sonunda 4 yeni müəssisə açılıb, 3 müəssisənin isə təməli qoyulub. Cari ildə, yaxud növbəti ilin əvvəlində bu müəssisələr də istifadəyə veriləcək.
2017-ci ildə sənayenin digər sahələrində qazanılan nailiyyətlər də müəyyən edilmiş prioritetlərə çatmaq üçün yaxşı zəmin yaradıb. Bu il 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulub. Bununla da ilin sonunadək ölkədə xalça fabriklərinin sayı 20-yə çatacaq.
Qeyri-neft sektorunun inkişafında kənd təsərrüfatının rolu getdikcə artır. Bu baxımdan, keçən il Prezident İlham Əliyevin pambıqçılığın, baramaçılığın, fındıqçılığın, tütünçülüyün, çayçılığın, çəltikçiliyin, sitrusçuluğun dirçəldilməsi və genişləndirilməsi ilə bağlı bölgələrdə keçirdiyi müşavirələr böyük əhəmiyyət kəsb edir. Ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı qəbul edilmiş dövlət proqramlarında aqrar sektorun yeni inkişaf xətləri müəyyənləşdirilib.
Bütün bunların nəticəsidir ki, kənd təsərrüfatı məhsullarının həcmi getdikcə daha da artır. Məsələn, əgər 2015-ci ildə Azərbaycanda 35 min ton pambıq yığılmışdırsa, 2016-cı ildə həmin rəqəm 89 min tona çatmışdır. 2017-ci ildə isə tarlalardan 207 min ton pambıq toplanmışdır. Bu tendensiya baramaçılıqda da müşahidə edilir. 2015-ci ildə cəmi 200 kiloqram məhsul tədarük edə bilən baramaçılar 2016-cı ildə bunu 70 tona çatdırmışlar. 2017-ci ildə 245 ton barama tədarük edilməsi isə bu sahənin necə vüsət götürdüyünü göstərir.
Kənd təsərrüfatını inkişaf etdirmək bir çox səbəblərdən önəmlidir. Bu, həm ərzaq təhlükəsizliyi yaratmaq, həm ixrac potensialını artırmaq, həm də kənd əhalisinin məşğulluğunu təmin etmək, güzəranını yaxşılaşdırmaq deməkdir. Bu baxımdan fındıqçılığın inkişafı bol qazanc vəd edir. Məlum olduğu kimi, xarici ölkələrdə bu məhsula böyük tələbat var. Odur ki, fındıqçılığın inkişafı hədəflərdən biri sayılır. Hazırda fındıq bağlarının sahəsi 55 min hektara çatıb və onların daha 25 min hektar artırılması nəzərdə tutulur.
Aqrar sahədə yetişdirilən məhsullar hesabına ölkənin ixrac potensialı getdikcə artmaqdadır. Keçən il Azərbaycandan 140 milyon dollar dəyərində pomidor ixrac edilib. Bu sahədə yaradılan yeni istixana kompleksləri tərəvəzin bu növünün ixracını xeyli artıracaq.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı digər kənd təsərrüfatı sahələrində əldə olunan göstəricilərə və görüləcək işlərə də toxunmuşdur: “Tütünçülüyə göstərilən diqqət öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. Bu il də bir çox önəmli tədbirlər görüləcək, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına çox yaxınıq və gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul - siqaret şəklində ixrac etməliyik. Digər sahələrdə - sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində də inkişaf var”.
Ərzaq təhlükəsizliyinin yaradılmasında heyvandarlığın özünəməxsus rolu var. Odur ki, yaradılan aqroparklar arasında heyvandarlıqla məşğul olanlar da önəmli yer tutur. Bir sözlə, heyvandarlığa böyük diqqət göstərilir, bu il ölkəyə minlərlə baş mal-qara gətiriləcək.
Kənd təsərrüfatındakı bu irəliləyişlər dövlətin böyük dəstəyi sayəsində baş verir və bu dəstək davamlıdır. 2017-ci ildə ölkəyə 10 min kənd təsərrüfatı texnikası gətirilib. Texnikanın alınması üçün daha 160 milyon manat vəsait nəzərdə tutulub. Buraya taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər avadanlıqlar daxildir. Meliorasiya tədbirləri da davam edir. Unudulmuş digər kənd təsərrüfatı sahələrinə diqqət yönəldilir. Bu il minlərlə hektar sahədə zeytun bağları salınacaq. Arıçılığın inkişaf etdirilməsi üçün müvafiq göstərişlər verilib. Nazirlər Kabinetinin iclasında dövlət başçısı bütün bunların yaxşı nəticələr verəcəyinə əminliyini bildirib.

Flora SADIQLI,
“Azərbaycan”