Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan sənayesinin təntənəsi

12 Yanvar 2018
 

2017-ci il Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinin tərəqqi dövrü, bu il isə daha əlamətdar mərhələ olacaq

 

Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Təbii ki, sənayenin sürətli inkişafını təmin edən əsas amillər Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və logistik imkanlardır. Artıq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən il bu sahədə görülən işlərə nəzər yetirsək, aydın şəkildə görərik ki, Azərbaycan 2017-ci ildə böyük nailiyyətlər qazanıb.

 

Reallaşan layihələr

 

Ötən il sənaye sahəsində qeyri-neft sektoru 3,6 faiz artıb. Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu baxımdan, 2017-ci ili Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinin ən uğurlu illərindən biri kimi qiymətləndirə bilərik.
Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev məhz dövlətin sənayeləşmə siyasətinə toxunaraq vurğuladı ki, bu sahədə layihələr uğurla reallaşmaqdadır və sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində praktiki addımlar atılır: “Keçən il Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Hacıqabul, Masallı və Sabirabad sənaye məhəllələrinin yaradılması prosesi davam etdirilir. Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışı bu il gözlənilir. Sumqayıt Kimya Sənaye Parkında isə işlər çox uğurla gedir. Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq”.

 

Yüksək texnologiyalar əsasında inkişaf edən sənaye sektoru

 

Azərbaycan Prezidentinin “Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır” strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır. Artıq “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən proseslər öz bəhrəsini verməkdədir.
Ötən il dövlət başçısının uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi uğurla davam etdi.
Zamanın tələblərinə uyğun olaraq aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaratdı.

 

2017-ci ildə sənaye sektorunun uğurlu göstəriciləri

 

Ötən il ölkəmizdə Balaxanı Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başladı, Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzaladı və Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.
Dövlət başçısının 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatdı.
Prezident İlham Əliyev dekabrın 15-də sənaye parkında daha 4 müəssisənin - “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin, “STDC” MMC-nin layihəsi olan məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin - Data Mərkəzin, avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunan 30 min ton müxtəlif növ yüksəkkeyfiyyətli sürtkü yağlarının istehsalını həyata keçirəcək “Alco Lubricant Company” MMC-nin və ABŞ-ın parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsal edəcək “MST Engineering Services” MMC-nin açılışını etdi.
Bununla yanaşı, Prezident sənaye parkında “AzerFloat” QSC-nin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyirici-boyaq fabrikinin və “Tabaterra” QSC-nin tütün fabrikinin təməlini qoydu.
Nazirlər Kabinetinin son iclasında dövlət başçısı rezidentlərinin sayı 15-ə çatan Sumqayıt Kimya-Sənaye Parkında yaradılan şərait və yatırılan sərmayələrdən danışaraq dedi: “Burada qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər”.

 

Müasir istehsal infrastrukturuna malik sənaye parkları

 

Ümumiyyətlə, müasir istehsal infrastrukturuna malik sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. 2017-ci ildə də bu istiqamətdə işlər davam etdirildi.
Azərbaycan Prezidentinin 2011-ci il dekabrın 28-də imzaladığı sərəncama əsasən yaradılan və 19 dekabr 2012-ci ildə cənab İlham Əliyev tərəfindən təməli qoyulan Balaxanı Sənaye Parkı ötən il sentyabrın 22-də fəaliyyətə başladı.
Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan sənaye parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən “yaşıl iqtisadiyyat”ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədinə xidmət edir.
Sənaye parkının ərazisində infrastruktur obyektlərinin qurulması və rezidentlərin tələblərinə uyğunlaşdırılmış istehsalat binalarının tikintisi dövlət vəsaiti hesabına həyata keçirilib. Parkın Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonuna, tullantıların çeşidlənməsi və yandırılması zavodlarına, o cümlədən əsas nəqliyyat qovşağına yaxın olması, logistika, xammal və enerji təchizatına, eləcə də istehsal edilən məhsulun asanlıqla satış bazarına çıxarılmasına əlverişli imkan yaradılıb. Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınan 5 rezident tərəfindən 23 milyon manat investisiya yatırılıb.

 

Azərbaycanın ilk sənaye məhəlləsinin fəaliyyətə başladığı il

 

Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanına əsasən respublikamızda sənaye məhəllələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr 2017-ci ildə reallığa çevrilməyə başladı. Yəni 2017-ci il Azərbaycan sənaye sektorunda yeni mərhələnin başlanğıcı kimi tarixə yazıldı. Sentyabr ayında Azərbaycanın ilk sənaye məhəlləsi - Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başladı.
Öncə vurğulayaq ki, ölkəmizdə sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.
Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilata verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

 

Neftçala Sənaye Məhəlləsi - yeni mərhələnin başlanğıcı

 

Ötən il sentyabrın 24-də Prezident İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışını etdi. Dövlət başçısının 2015-ci il 2 fevral tarixli sərəncamına əsasən yaradılan bu sənaye məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən 9 müəssisədə avtomobillər, balıq yemi, balıq emalı və konservləşdirilməsi, modul tipli məktəb binalarının quraşdırılması, plastik məmulatlar, o cümlədən kənd təsərrüfatı təyinatlı taralar, müasir texnologiyalar əsasında dairəvi suvarma sistemləri, polietilen suvarma boruları, eləcə də kağız stəkanlar və hazır içkilər istehsal olunur.
Açılış mərasimində çıxış edən dövlət başçısı ölkədə sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində görülən işlərdən danışaraq vurğuladı ki, vaxtilə verilən qərarlar artıq reallığa çevrilir. Bu isə onu göstərir ki, qəbul edilən bütün qərarlar tezliklə, qısa müddət ərzində və yüksək səviyyədə öz həllini tapır: “Bu sənaye məhəlləsinin yaradılması, əslində, bu istiqamətdə görülmüş işlərin yeni mərhələsinin başlanmasıdır. Çünki bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır, bizim iri sənaye mərkəzlərimizdə - xüsusilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində böyük sənaye müəssisələri yaradılır”.

 

Sahibkarlar üçün geniş imkanlar açacaq Sabirabad Sənaye Məhəlləsi

 

Ötən il noyabrın 27-də dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılacaq Sabirabad Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək.
Bu sərəncamdan bir gün sonra, yəni noyabrın 28-də Prezident Sabirabad rayonuna səfər edərək Azərbaycanın sayca 4-cü sənaye məhəlləsinin təməlini qoydu. Sabirabad Sənaye Məhəlləsinin yaradılması, əlbəttə ki, regionda qeyri-neft sektorunun inkişafında, yeni iş yerlərinin açılmasında mühüm rol oynayacaq. Çünki Sabirabad rayonu Muğan, Mil və Şirvan düzünün kəsişdiyi, Kür-Araz çaylarının qovuşduğu ərazidə yerləşir. Eyni zamanda rayon şimaldan Kürdəmir, şimal-şərqdən Hacıqabul, şərqdən Şirvan, cənub-şərqdən Salyan, qərbdən Saatlı, cənubdan isə Biləsuvarla həmsərhəddir. Buna görə Sabirabadda sənaye məhəlləsinin yaradılması həm qonşu şəhər və rayonlarda fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün geniş imkanlar açacaq, həm də yerli əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq.
İyirmi hektar ərazidə salınacaq bu sənaye mərkəzində yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı müəssisələri və logistika mərkəzinin fəaliyyət göstərməsi planlaşdırılır.

 

Bu il Masallı Sənaye Məhəlləsinin açılışı olacaq

 

Azərbaycan Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsində isə tikinti işləri artıq başa çatmaq üzrədir. Hazırda tamamlanma işləri görülən sənaye məhəlləsinin bu il fəaliyyətə başlayacağı bildirilir.
Artıq bu kompleksə sahibkarlar böyük maraq göstərirlər. İş adamları tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihənin təqdim olunması deyilənləri bir daha təsdiqləyir. Bu layihələr əsasən mebel, alüminium, xalça, süfrə suyu və plastik qapı-pəncərə, eləcə də müxtəlif növ tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir. Müəssisələrin işə düşməsi nəticəsində 600-dən çox yeni iş yeri açılacaq.

 

Yaxın günlərdə Hacıqabul Sənaye Məhəlləsinin tikintisinə başlanılacaq

 

Prezident İlham Əliyevin ötən il iyulun 25-də imzaladığı sərəncama əsasən yaradılan Hacıqabul Sənaye Məhəlləsinin təşkili istiqamətində də işlər davam etdirilir.
Dövlət başçısının sərəncamına əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Məhəllədəki müəssisələr ağır maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil və kompozit materialları istehsalı sahələrində ixtisaslaşacaq. Məhsulların satış bazarları isə MDB, Yaxın Şərq və Afrika ölkələri olacaq.
Sənaye məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat vəsait ayrılıb.
Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır. Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye məhəllələrinin yaradılması imkanları nəzərdən keçirilir.

 

2018-ci il də sənayenin inkişafı ilə bağlı əlamətdar il olacaq

 

Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorunun inkişafında kompleksliyin artırılması, sənayenin ayrı-ayrı sahələrinin bir-biri ilə uzlaşmış şəkildə fəaliyyət göstərməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Məhz bu səbəblər, eləcə də sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.
Ümumiyyətlə, yeni istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisinin, iqtisadiyyatın tarazlı yüksəlişinin təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilib. Bu cür sənaye komplekslərinin yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü proqram və layihələrin tərkib hissəsidir. Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye park və məhəllələrinin yaradılması xüsusi önəm kəsb edir.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı onu da bildirdi ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. Çünki bu il ölkədə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatacaq.
Əminliklə söyləyə bilərik ki, ötən il olduğu kimi, bu il də dövlət başçısının modern sənayeləşmə istiqamətində həyata keçirdiyi layihələr uğurla reallaşacaq və ölkəmizdə fəaliyyətə başlayacaq yeni-yeni sənaye məhəllələri, sənaye parkları bu sahənin inkişafına mühüm töhfələr verəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”