Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hərbi fənlər yüksək səviyyədə tədris olunur

12 Yanvar 2018
 

Respublikada gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində ciddi işlər görülməkdədir. Qeyd olunan fəaliyyət bütün bölgələrimizdə olduğu kimi, Zaqatala rayonunda da hiss olunmaqdadır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murğuzov deyir ki, burada çağırışçıya bildiriş göndərdikdən sonra onun gəlməyəcəyi haqqında düşünmürsən. Təsadüf nəticəsində çağırışçı gəlmədiyi halda mütləq valideyni və ya ailənin başqa bir üzvü şöbəyə gələrək real vəziyyəti olduğu kimi izah edir.

Zaqatalalı gənclər Qarabağ uğrunda gedən döyüşlərdə fədakarlıq göstəriblər. Rayonun iki Milli qəhrəmanı, onlarla şəhidi, əlili və veteranı var. Onların qəhrəmanlıqları hazırda yetişməkdə olan yeniyetmə və gənclərə əsl örnəkdir.

Müsahibimiz deyir ki, 2017-ci ildə çağırışçılar təntənəli şəkildə hərbi xidmətə yola salınıblar. 2001-ci il təvəllüdlü çağırışçıların, demək olar, hamısı ilkin qeydiyyata alınıb. Tibbi müayinəyə ehtiyacı olanlar rayon mərkəzi xəstəxanasına və Səhiyyə Nazirliyinin digər ixtisaslaşmış tibb müəssisələrinə göndəriliblər. Müayinə və müalicə prosesindən keçənlər tələb olunan hərbi hissələrə çatdırılıblar.

Eyni zamanda son illər ərzində Azərbaycan Ordusunun ən böyük zəfəri kimi yaddaşlara köçən, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan insanların xatirəsi yad edilib, şəhid ailələri ilə görüşlər keçirilib.

Ümumiyyətlə isə Qarabağ müharibəsi şəhidlərinin valideynləri, veteranlar, Çernobıl və Əfqanıstan müharibəsi veteranlarının ailələri ilə mütəmadi əlaqələr saxlanılır. Onların problemləri dinlənilir. Həlli mümkün olan məsələlərdə insanlara kömək göstərilir.

Zaqatalada çağırışaqədərki hərbi fənlər də yüksək səviyyədə tədris olunur. Şöbə əməkdaşları davamlı olaraq orta məktəblərdə hərbi hazırlıq dərslərində iştirak edirlər. Ümumiyyətlə isə Zaqatala rayonunda orta məktəbi bitirən şagird hərbi xidmətə tam hazır hesab edilə bilər. Hərbi idman oyunlarının keçirilməsi də hazırlığa müsbət təsirini göstərir.

Zaqatala rayon Gənclər və İdman İdarəsi gənclərin çoxluq təşkil etdiyi rayonda vətənpərvərlik mövzusuna geniş yer ayırır. Rayonun yeniyetmə və gənclərinin milli ruhda yetişdirilməsi bu idarənin fəaliyyət proqramının əsasını təşkil edir. Hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla birgə həyata keçirilir. “Şahinlər” hərbi-idman və “Cəsurlar” hərbi-idman və turizm oyunları, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü məktəbli yeniyetmələr tərəfindən həvəslə qarşılanır.

Zaqatalalı gənclər yaxşı bilirlər ki, torpaqlarımızın 20 faizdən çoxunun erməni qəsbkarlarının işğalı altında, 1 milyondan çox qaçqın və məcburi köçkünümüzün olması heç zaman unudulmamalıdır. Belə bir vəziyyətdə qarşıda duran əsas vəzifələrdən biri gənclərimizi düzgün istiqamətləndirmək və onların hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinə xüsusi diqqət yetirməkdir.

 

Əli SƏLİMOV,

“Azərbaycan”