Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vətənə sədaqət andı içdilər

12 Yanvar 2018
 

Qəhrəmanlar bütün dövrlərdə olub, bu gün də var. Elə Dağlıq Qarabağ uğrunda gedən müharibədə yüzlərlə igid Azərbaycan oğlu adını Vətəninin qəhrəmanlıq salnaməsinə yazdırdı.

Onların arasında ağstafalı oğullar da var. Özü də nə az, nə çox, düz 162 nəfər. Ermənistanla 16 kilometr həmsərhəd olan rayon düşmənin hücumuna məruz qalanda hamı silaha sarılıb, Vətənin keşiyində dayandı. Bir qarış da olsun torpağı düşmənə təslim etmədilər. 

Təmas xəttində yerləşən Ağstafada böyüyən gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunması həmişə diqqət mərkəzində olub. Xüsusilə gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimləri böyük təntənə ilə keçirilir. Belə mərasimlərdə çıxış edən dövlət orqanlarının nümayəndələri, rayon ağsaqqalları, eləcə də müharibə veteranları gənclərə Vətəni göz bəbəyi kimi qorumağı, hərbin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edirlər. Həqiqi hərbi xidmətə gedən gənclər isə Vətənə sədaqət andı içərək onlara göstərilən etimadı doğruldacaqlarına söz verirlər.

Növbəti yolasalma mərasimi də böyük ruh yüksəkliyi ilə keçmişdir. Ağstafa Rayon İcra Hakimiyyətinin, eləcə də rayon hüquq mühafizə orqanları rəhbərlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsi əməkdaşlarının, rayon ağsaqqallarının, Qarabağ müharibəsi əlillərinin və çağırışçı gənclərin valideynlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən mərasim başlamazdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

Mərasimi giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov açaraq hərbi xidmətə yola düşən gəncləri, onların valideynlərini və doğmalarını təbrik edərək  xoş arzularını bildirmiş və diqqətə çatdırmışdır ki, bu gün Azərbaycan Ordusu nəinki Qafqazda, eləcə də dünyada olan ən güclü ordular sırasındadır. Son illər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərdiyi diqqət və qayğı sayəsində gündən-günə güclənən ordumuz düşmənə hər an zərbə vurmaqla işğal olunmuş torpaqlarımızı azad etməyə qadirdir. İki il əvvəl aprel döyüşlərində bunun bir daha şahidi olduq.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəis müavini Füzuli Əliyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu qeyd edərək vətənin keşiyini çəkməyə yola düşən gəncləri və onların valideynlərini təbrik edərək əminliklə bildirdi ki, bu gənclər ordu sıralarında ləyaqətlə xidmət etməklə hərbi sirlərə dərindən yiyələnəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar.

Çağırışçıların valideynləri, müharibə və əmək veteranları həqiqi hərbi xidmətə yola düşən gənclərə ən xoş arzularını bildirdikdən sonra gənclər müstəqil Azərbaycanın üçrəngli bayrağını öpərək hərbi hissələrə yola düşdülər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”