Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanın baş naziri ölkə iqtisadiyyatının iflasa uğradığını bəyan etdi

12 Yanvar 2018
 

Ağır vəziyyət yeni xalq etirazlarının başlanmasını qaçılmaz edir

 

Ermənistanda getdikcə ağırlaşan sosial-iqtisadi durumun ölkədə sosial zəmində iğtişaşlara səbəb ola biləcəyinə dair edilən xəbərdarlıqların sayı artmaqdadır. Çünki real vəziyyət cari il ərzində insanların maddi rifah halının daha da pisləşəcəyini, böyük əksəriyyətin gündəlik zəruri ehtiyacları belə təmin etmək iqtidarında olmayacağını göstərir. Bu da öz növbəsində cəmiyyətdə mövcud narazılıq əhvali-ruhiyyəsini ötən dövrlərə nisbətən əhəmiyyətli dərəcədə yüksəldir. Bunu “Çiçəklənən Ermənistan”partiyasının sədri,  deputat Naira Zohrabyan da xüsusi olaraq vurğulayır. O qeyd edir ki, bu gün Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür.

 

40 mindən çox insan ölkəni tərk edib

 

Erməni siyasətçi əlavə edib ki, mövcud vəziyyət hər an əhalinin küçələrə çıxmasına və sosial partlayışlara səbəb ola bilər: “Ermənistanda ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bunun axırının necə olacağını demək çətindir. Çünki bu ölkədə tərəqqinin qeydə alındığı hər hansı sahənin adını çəkmək çətindir. Mühacirət səviyyəsi yüksəlib, yoxsulluq və işsizliyin səviyyəsi də sürətlə artır”.

Elə erməni demoqraf Ruben Yeqanyan da bildirir ki, həqiqətən də ağır sosial vəziyyət üzündən ölkəni tərk edənlərin sayında daha böyük artım qeydə alınıb. Onun sözlərinə görə, aparılan araşdırmalara əsasən, Ermənistanda son 3-4 il ərzində ailələrin 35 faizdən çoxunun üzvləri miqrasiya proseslərində iştirak edib. 2016-cı ildə Ermənistanı 37 500 nəfər, 2017-ci ildə 40 mindən çox şəxs tərk edib.

 

Bazarlar dəfn bürosunu xatırladır

 

Məsələnin bu tərəfinə nəzər salan erməni mediası ölkə bazarlarında vəziyyətin yaranmış ağır durumunu çox yaxşı əks etdirir. Qeyd olunur ki, Ermənistanda bazarlar dəfn bürosunu xatırladır, buraya heç kim gəlmir, heç kim alış-veriş etmir.

Bazarlardakı satıcılar bildirir ki, qiymətlərin baha olması ilə əlaqədar alış-veriş kəskin azalıb. Satıcılardan biri deyib: “Bizdə almaların kiloqramı 3 dollara, armud 4 dollara yaxındır. Ona görə də insanlar bazara gəlmir. Onların pulu yoxdur, necə alış-veriş etsinlər?”

Bazarlardakı qiymətlərdən daha çox pensiyaçılar şikayət edirlər. Onlar 60 dollar həcmində pensiya aldıqlarını, bununla alış-verişin mümkün olmadığını vurğulayırlar.

 

Bahalaşma geniş vüsət alır

 

Ermənistan işsizlik səviyyəsinə görə MDB-də birinci yerdə qərarlaşıb. Elə Naira Zohrabyan da bütün bunların sosial partlayış üçün əlverişli zəmin yaratdığını qeyd edir. Deputat bildirib ki, Ermənistanda emiqrasiya faciəvi həddə çatıb və ölkədə ərzaq məhsullarının qiymətləri yüksək sürətlə artmaqda davam edir.

Bahalaşmanın bu il ərzində daha geniş vüsət alması gözlənilir. Çünki 2018-ci il Ermənistanda benzin, dizel yanacağı və qazın bahalaşması ilə başlayıb. Benzinin qiyməti dekabrın əvvəli ilə müqayisədə 10 faiz artıb. Dizel yanacağı 7 faiz, qaz 10 faiz bahalaşıb.

 

Aksiz vergisi artırılıb

 

Yanacağın qiymətinin artması ölkədə aksiz vergisinin artırılması ilə əlaqələndirilir. Belə ki, Ermənistanda aksiz qiymətləri min kubmetr qaz üçün 16 dollardan 52 dollaradək, bir ton neft üçün 52 dollardan 83 dollaradək artıb. Bu isə  ümumi bahalaşmaya yol açan əsas amillərdən sayılır.

Ermənistan İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan benzin və qazın bahalaşmasının bütün sahələrə təsir edəcəyini bildirib. İlk növbədə ölkədə bununla bağlı 800-dən çox məhsulun qiymətinin bahalaşması gözlənilir.

 

Sosial-iqtisadi çöküşü iqtidar da etiraf edir

 

Yaranmış vəziyyətin ağırlığı artıq ölkə rəsmiləri tərəfindən də etiraf olunur. Məsələn, Ermənistan parlamentinin vitse-spikeri Mikael Melkumyan bildirib ki, ölkədə işsizlik və miqrasiya üzrə Gürcüstan və Avrasiya İttifaqı ölkələri ilə müqayisədə ən xoşagəlməz göstəricilər mövcuddur. Qeyd edib ki, Ermənistanda yoxsulluq səviyyəsi çox yüksəkdir və 30 faiz həddindən aşağı düşmür: “İşsizlik səviyyəsi 20 faiz ətrafındadır. Ölkədən əmək miqrantlarının axını çox böyükdür”.

Vitse-spiker onu da vurğulayıb ki, bu məsələnin həll olunmasında problemlər mövcuddur və ölkədəki hazırkı sosial-iqtisadi vəziyyət Ermənistanda mənfi nəticələrə gətirib çıxara bilər.

Ermənistanın baş naziri Karen Karapetyan da etiraf edir ki, Ermənistan iqtisadiyyatı iflasa uğrayıb. Karapetyan ölkə iqtisadiyyatını qurumuş tarlaya oxşadaraq  iflasa uğradığını bildirib: “2018-ci il Ermənistan üçün daha ağır il olacaq. Bu il biz gələcək artım üçün bir çox zəruri əsasları yarada bilmədik. Buna misal olaraq 2017-ci illə müqayisədə kapital xərclərini 70 faiz artırdığımızı deyə bilərik”.

Yoxsulluq səviyyəsinin azaldılmasından danışan baş nazir qeyd edib ki, yaxın iki il ərzində bu sahədə yaxşı nəticə gözləməyə dəyməz.

Müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan bu rəsmi etiraf fonunda vurğulayır ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi və ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar etirazlar fəallaşa bilər.

Beləliklə, cari ildə  Ermənistanda ictimai-siyasi vəziyyətin təlatümlü olması gözlənilir. Ağır sosial-iqtisadi vəziyyət ölkədə yeni xalq etirazlarının başlanmasını qaçılmaz edir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”