Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraq İŞİD-in ölkəyə vurduğu zərəri 100 milyard dollar həcmində qiymətləndirib

11 Yanvar 2018
İraq hökuməti İŞİD qruplaşmasına qarşı müharibənin ölkəyə vurduğu zərəri 100 milyard dollar həcmində qiymətləndirib və zərər çəkən rayonların bərpasına 10 il vaxt lazım gələcəyini qeyd edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu İraq hökumətinin rəsmi nümayəndəsi Saad əl-Hadisi deyib.

“Planlaşdırma Nazirliyi dörd həftəyə yaxın çalışdıqdan sonra ölkəyə dəyən zərərin 100 milyard dollar həcmində olduğunu müəyyənləşdirib və nazirlər şurası bunun əsasında milli bərpa planını təsdiqləyib. Qəbul olunmuş sənədə əsasən, bu məbləğ 10 il ərzində həmin rayonların tədricən bərpasına olunması üçün lazım gələcək”, - deyə hökumət nümayəndəsi bildirib.

Xatırladaq ki, 2017-ci ildə İraqın hökumət qüvvələri ölkənin ən böyük ikinci şəhəri Mosulun, həmçinin digər yaşayış məntəqələrinin, o cümlədən Suriya ilə sərhəddə yerləşən Ənbar əyalətinə nəzarəti ələ alıb. İraqın Baş naziri Heydər əl-Əbadi ötən ilin dekabr ayında ölkədə İŞİD qruplaşması ilə müharibənin qələbə ilə başa çatdığını elan edib.