Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan edilməsi dövlətçilik tariximizlə bağlı atılan mühüm addımdır

11 Yanvar 2018
2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Prezident İlham Əliyev tərəfindən dövlətçilik tariximizlə bağlı atılan mühüm addımdır. Bu addım Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda böyük razılıqla qarşılanıb. Bu, dövlətimizin başçısının cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısının cümhuriyyətə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.

Y.Mahmudov deyib: “Ulu öndər Heydər Əliyev kimi Prezident İlham Əliyev də tariximizə sahib çıxan, onu dirçəldən, qoruyan, inkişaf etdirən dövlət başçısıdır, tarix yaradan tarixi şəxsiyyətdir. Məhz dövlətimizin başçısının gündəlik qayğısı sayəsində son illər Tarix İnstitutunda 400-dən artıq tədqiqat əsəri işıq üzü görüb. Prezident İlham Əliyev xalqımıza “26 Bakı komissarları” adı ilə təqdim olunmuş və Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Dövlətimizin başçısı cümhuriyyət tarixinin tədqiq olunması ilə əlaqədar Tarix İnstitutuna xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini Prezident İlham Əliyev şəxsi nəzarəti altında saxlayır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti (AXC) tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, Prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verib. Bu ensiklopediya AXC tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir. Bu işi müntəzəm olaraq nəzarətdə saxlayan dövlətimizin başçısı həmin ensiklopediyanın nəfis tərtibatda ikinci nəşrinin həyata keçirilməsi göstərişini də verib. Əminəm ki, bu ensiklopediya cümhuriyyət tariximizin şərəfinə ucaldılan ən möhtəşəm abidədir”.

Akademik diqqətə çatdırıb ki, Prezident İlham Əliyev cümhuriyyət tarixi barədə araşdırmaların genişləndirilməsi ilə bağlı Tarix İnstitutuna ciddi tapşırıq verib. Y.Mahmudov deyib: “Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan bir sıra beynəlxalq elmi konfransların təşkilini planlaşdırırıq. İnstitutun elmi şurasının qərarına əsasən, bu il “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rus dilində), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rus dilində), “Şəki (Nuxa) bölgəsi (1917-1920)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” kitabları çapdan çıxacaq. Həqiqətən Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələsini təşkil edən AXC-nin tarixi, cümhuriyyət liderlərinin xalqımız qarşısındakı xidmətləri müasir Azərbaycan üçün qürur mənbəyidir. Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı ulu öndər Heydər Əliyevin Vətən təəssübkeşliyi və sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı”.

Y.Mahmudov bildirib ki, Prezident İlham Əliyev AXC-nin tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarda dəfələrlə xüsusi vurğulayıb. Dövlətimizin başçısının AXC-nin 90 və 100 illik yubileyləri, Məhəmməd Əmin Rəsulzadənin 130 və Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyləri haqqında verdiyi müvafiq sərəncamlarla yanaşı, cümhuriyyətin tariximizdə tutduğu yerə, cümhuriyyət liderlərinə verdiyi böyük qiymətin parlaq nümunələrindən biri də Bakıda “İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hər il 28 May – Respublika Günündə ölkəmizin qabaqcıl elm və mədəniyyət xadimlərinə, ziyalılarına dövlət mükafatları təqdim olunur. 2012-ci ildəki ənənəvi qəbulda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib. Dövlətimizin başçısının qayğısı və göstərişləri ilə cümhuriyyət tariximizin daha dərindən araşdırılması prosesi davam edir.