Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şair Ramaldanov: Azərbaycan Ordusu silahlanmaya və yüksək peşəkarlığa görə güclü ordular sırasındadır

11 Yanvar 2018
Bu gün beynəlxalq qurumların silahlanma ilə bağlı bütün statistik məlumatlarında da qəbul olunub ki, Azərbaycan Cənubi Qafqazda ən güclü Silahlı Qüvvələri olan dövlətdir.

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı fikirləri barədə AZƏRTAC-a açıqlamasında deyib.

Ş.Ramaldanov bildirib ki, Azərbaycan Ordusu həm silahlanmaya, həm də yüksək peşəkarlığa görə güclü ordular sırasındadır. Bu gün ordumuzda olan silah-sursat, texnika, atəş sistemləri, artilleriya qurğuları ən müasir tələblərə cavab verir: “Azərbaycan Ordusunun bütün qoşun növləri ən müasir silah və texnika ilə silahlanıb. Ölkəmizin imkanları genişdir. Bu ilk növbədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub. Ordumuzun kadr potensialı da demək olar ki, postsovet ölkələri arasında birincilər sırasındadır. Azərbaycan Ordusunun zabitləri bütün beynəlxalq tədbirlərdə öz peşəkarlığı ilə seçilir. Bu gün Ordumuzun nümayəndələri NATO-nun, eləcə də inkişaf etmiş ölkələrin çoxsaylı tədbirlərinə qatılır və yüksək nailiyyətlər əldə edirlər. Azərbaycan hərbçiləri qardaş Türkiyə kimi böyük dövlətin NATO-nun tərkibindəki hərbçiləri ilə birgə fəaliyyət göstərmələri hərbi qulluqçularımızın, mütəxəssislərin peşəkarlığını nümayiş etdirir. Bunların hamısı Ali Baş Komandan İlham Əliyev tərəfindən ordu quruculuğuna göstərilən yüksək diqqətin nəticəsidir. Prezident, Ali Baş Komandan inamla qeyd edir ki, əgər Dağlıq Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, Azərbaycan torpaqlarını güc yolu ilə işğaldan azad edəcək”.

Silahlı Qüvvələrimizin rəhbərliyinin daim cəbhə bölgəsində olduğunu, cəbhəyanı bölgədə böyük işlərin görüldüyünü vurğulayan polkovnik deyib ki, yeni hərbi obyektlər açılır, əsgərlərin sosial vəziyyəti yaxşılaşdırılır, döyüş hazırlığı təkmilləşdirilir. Döyüş hazırlığının keyfiyyətini yüksəltmək üçün lazım olan infrastruktur yaradılır. Azərbaycan Ordusu yüksək səviyyədə genişmiqyaslı təlimlər keçirir. Azərbaycan əsgərinin peşəkarlığını, ordumuzun təlimlərdə tətbiq etdiyi silahları bütün dünya görür. Azərbaycan Ordusunun irimiqyaslı təlimlərini görən Ermənistan rəhbərliyi vahiməyə düşür və dərhal hər yana səs salır ki, Azərbaycan silahlanır. Onlar bundan da dividend qazanmaq istəyirlər və dilənçilər kimi, öz diasporlarına, havadarlarına müraciət edirlər ki, bizə silah verin, kömək edin.

“Bu gün Azərbaycan əsgərinin bir məqsədi və müqəddəs vəzifəsi var - torpaqlarımızı işğaldan azad etmək. Döyüş hazırlığını daim artıran Azərbaycan Ordusu həm mənəvi-psixoloji, həm maddi-texniki, həm də kadr potensialı cəhətdən düşməndən qat-qat üstündür. Ali Baş Komandanın dediyi kimi, Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızı qısa zamanda azad etməyə qadirdir.

Azərbaycan Ordusu ölkəmizin bugünkü iqtisadi imkanlarının güzgüsüdür. Azərbaycan iqtisadiyyatı nə qədər güclənirsə, imkanları nə qədər genişlənirsə, qeyri-neft sektoru inkişaf edərsə Ordumuzun imkanları da bir o qədər artar. Bu gün dövlətimizin istənilən silahı almağa imkanı var. Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində bir daha bu məsələləri vurğuladı, Ordumuzun qüdrətindən, imkanlarından danışdı. Azərbaycan Prezidenti əmindir ki, həm cəmiyyət, həm Silahlı Qüvvələr Ali Baş Komandanın hər bir əmrini ən yüksək səviyyədə və qısa vaxtda yerinə yetirməyə hazır və qadirdir. Əsgərdən tutmuş generaladək Ordumuzun bütün şəxsi heyəti işğal altındakı torpaqlarımızı qısa zamanda azad etməyə hazırdır. İnşallah, əmr veriləcək və Azərbaycan Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızı yağı düşməndən azad edərək ərazi bütövlüyümüzü təmin edəcək”, - deyə Ş.Ramaldanov bildirib.