Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Etirazçılar: Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin təməlində zorakılıq dayanır

11 Yanvar 2018
Ermənistanda 2016-cı ilin iyulunda baş vermiş silahlı qiyamla bağlı həbs olunanlara qarşı təzyiqlərin artması cəmiyyətdə narazılıqla qarşılanıb. Bir qrup vətəndaş fəallara dəstək məqsədilə İrəvanda mərkəzi prospekti bağlamağa cəhd göstərib. Polisin müdaxiləsi ilə etirazçıların qarşısı alınıb.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin iyulunda İrəvanda baş vermiş silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi növbəti dəfə də qalmaqalla keçib. Fəalların vəkilləri hakimə hüquqlarını qoruduqları şəxslərin həbsxanada zorakılığa məruz qalmaları ilə bağlı faktlar təqdim ediblər. Vəkil Ara Karagözyan deyib ki, “Sasna Srer” qrupunun üzvləri daim təhdid altındadırlar. Məhbuslar saxlanıldıqları Nubaraşen təcridxanasında tez-tez döyülür, mənəvi təzyiqlərlə üzləşirlər. Bu qanunsuzluqla bağlı Baş Prokurorluğa etiraz məktubları ünvanlansa da nəticəsi olmayıb.

Zorakılığa məruz qalanlarla Nubaraşen həbsxanasında görüşən hüquq müdafiəçiləri onların saxlanılma şəraitinin də yaxşı olmadığını deyiblər. Vəkillər bildiriblər ki, Ermənistan prokurorluğu hər vəchlə “Sasna Srer” qrupunun üzvlərinin işini ağırlaşdırmağa çalışır. Bu açıqlamalar cəmiyyət tərəfindən də narazılıqla qarşılanıb. Bir qrup vətəndaş fəallara dəstək məqsədilə mərkəzi Arşakunyaç prospektini bağlamağa cəhd göstərib. Polisin müdaxiləsi ilə etirazçıların qarşısı alınıb.

Etirazçılar fəalları sonadək dəstəkləyəcəklərini deyiblər. Onlar hüquq mühafizə orqanlarını həbsxanalarda mənəvi, psixoloji təzyiqlərə son qoymağa çağırıblar. Bildiriblər ki, hakim müxtəlif bəhanələrlə fəalların işini ağırlaşdırmağa çalışır. Məhbuslar buna etiraz olaraq aclıq aksiyasına başlayıblar. Ermənistandakı cinayətkar rejimin əleyhinə olan hərəkat rəhbəri Karapet Rubinyan qeyd edib ki, vətəndaşların silahlı qrup üzvlərini dəstəkləməsi ölkədə sadə insanların hökumətə inamının olmadığını göstərir. Odur ki, Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin təməlində zorakılıq, narkoticarət və avtoritar idarəçilik üsulu dayanır. Ona görə də Serj Sarkisyan hökuməti beynəlxalq insan haqları məhkəməsi qarşısında cavab verməlidir.