Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parisin məşhur otelində zərgərlik mağazası qarət olunub

11 Yanvar 2018
Parisin məşhur “Ritz” otelində silahlı şəxslər zərgərlik mağazasını qarət edərək 4 milyon avro dəyərində zinət əşyalarını və qiymətli daşları oğurlayıblar.

AZƏRTAC BBC agentliyinə istinadla xəbər verir ki, dünən yerli vaxtla 18:30-da balta ilə silahlanmış 5 nəfər otelin birinci mərtəbəsində yerləşən butikin vitrinini qıraraq içəri daxil olub. Qarətçiləri polis patrulunun yaxınlaşması qorxuya salıb, onlardan üçü artıq tutulsa da, digər iki cinayətkar mopedlə hadisə yerindən qaça bilib. Polisin oğurlanan zinət əşyalarını geri qaytarmağa müvəffəq olub-olmaması məlum deyil.

Dəbdəbəli 5 ulduzlu “Ritz” oteli Parisin mərkəzindəki Vandom meydanında - Sena çayının sağ sahilində, Fransa Ədliyyə Nazirliyi ilə qonşuluqda yerləşir. Mehmanxananın yan girişində zinət əşyalarının, saatların və dizayner geyimlərinin nümayiş olunduğu beş butik və 95 vitrindən ibarət qalereya yerləşir.