Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2018-ci ildə Azərbaycan daha da güclənəcək, hərtərəfli inkişaf geniş miqyas alacaq

11 Yanvar 2018
İLHAM ƏLİYEV 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi

 

 * 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmişdir. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə vermişdir. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşamışdır.

 

* Sabitlik hər bir ölkənin inkişafı üçün başlıca şərtdir. Azərbaycanda isə sabitliyin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və eyni zamanda bizim apardığımız siyasətdir. Çünki bizim siyasətimiz milli maraqlara söykənir, milli maraqlarımız bizim üçün hər şeydən üstündür. Ölkəmizin təhlükəsizliyi, sabitliyi, iqtisadi və sosial inkişafı, beynəlxalq arenadakı artan rolu sabitliyin təminatçısıdır.

 

* 2017-ci ildə iqtisadi sahədə çox böyük uğurlar əldə edilibdir. Həm Dünya Bankı, həm Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda gedən proseslərə yüksək qiymət verirlər, eyni zamanda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə, 2017-ci ildə iki pillə irəliləyərək dünya miqyasında 35-ci yerdə qərarlaşıb. Bu, çox böyük göstəricidir.

 

* 2017-ci ildə valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır və hazırda təxminən 42 milyard dollar təşkil edir. Ölkəmizin əhalisini nəzərə alaraq, hesab edirəm ki, adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, Azərbaycan dünya miqyasında ön yerlərdən birini tutur.

 

* Ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub. Bu da çox gözəl göstəricidir. Onu göstərir ki, həm yerli və həm də xarici investorlar ölkəmizə vəsait qoymaqda maraqlıdırlar. Bu, eyni zamanda qeyd etdiyim sabitliyin təzahürüdür.

 

* Bizim ixrac potensialımız artır. 2017-ci ildə ixrac 19 faiz artmışdır, qeyri-neft ixracımız isə 24 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Əhalimiz artır. Hər il əhali ən azı 100 min nəfər artır. İstehlak artır, turistlərin sayı çoxalır. Keçən il 2016-cı ilə nisbətən 500 minə yaxın çox turist gəlmişdir.

 

* 2017-ci ildə 221 min yeni iş yeri açılmışdır ki, onların 177 mini daimi iş yeridir. Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir.

 

* İlin yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Hesab edirəm ki, bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.

 

* Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Keçən ilin yekunlarına görə, ölkəmizin 93 faizi qazlaşdırılıb.

 

* Görülən tədbirlər nəticəsində 100 min hektardan çox sahə suvarılmağa başlanmışdır. Bu, çox böyük rəqəmdir. Əlbəttə ki, kənd təsərrüfatının inkişafına və kənd təsərrüfatı məhsullarının ixracına bunun çox böyük dəstəyi olacaq.

 

* 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınmışdır. Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınmışdır.

 

* İçməli su layihələri uğurla icra edilir. Bir çox şəhərlərin içməli su problemi keçən il öz həllini tapıbdır.

 

* 133 yeni məktəb tikilmişdir, 14 məktəb əsaslı təmir edilmişdir, 500-ə yaxın məktəbdə isə cari təmir aparılmışdır.

 

* Otuz tibb müəssisəsi tikilib və əsaslı təmir edilmişdir.

 

* İki Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.

 

* Ünvanlı sosial yardım alan ailələrin sayı 116 minə bərabərdir. Bu, 400 mindən çox insanı əhatə edir.

 

* Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu baxımdan, 2017-ci il də əlamətdar il olmuşdur, 2300 ailə yeni evlərə, mənzillərə köçürülüb. Beləliklə, 12 mindən çox köçkün yeni evlərlə, mənzillərlə təmin edilibdir. Cocuq Mərcanlı kəndinin bərpası tarixi nailiyyətdir, indi 150 evdən ibarət gözəl qəsəbə yeni həyatını yaşayır.

 

* Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilməyəcək və ölkəmizin ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir.

 

* Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa biz onu da edirik.

 

* 2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş vermişdir. Onlardan biri “Azəri-Çıraq-Günəşli” yatağı üzrə kontraktın müddətinin 2050-ci ilə qədər uzadılması məsələsidir. “Azəri-Çıraq-Günəşli” kontraktının müddətinin uzadılması bizə sərmayədən başqa digər önəmli dividendlər gətirir. İlk növbədə, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır. Mənfəət neftinin

75 faizi Azərbaycan tərəfinə qalacaq.

 

* “Şahdəniz-2” layihəsinin icrası 99 faizə çatıbdır, demək olar ki, yekunlaşıb. Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz kəməri 93 faiz icra edilib və TANAP layihəsinin icrası 90 faizə bərabərdir. Bu, artıq onu göstərir ki, “Cənub qaz dəhlizi” reallaşıb.

 

* Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur. Bu yol Bakıdan başlanır. Təsadüfi deyil ki, təntənəli açılış mərasimi Azərbaycanda keçirilmişdir. Uzunluğu 850 kilometrə yaxın olan dəmir yolunun 504 kilometri Azərbaycan ərazisində tikilib, bərpa edilib.

 

* Ötən il Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçirilmişdir. Bizim siyasi, diplomatik, iqtisadi uğurlarımıza bir uğur da əlavə edildi - idman uğurumuz.

 

* 2017-ci il ölkəmiz üçün uğurlu olmuşdur, ölkəmiz daha da güclənmişdir və ölkəmiz gələcəyə nikbinliklə baxır. Əminəm ki, bu il də uğurlu il olacaqdır.