Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pakistan ABŞ-la müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığı dayandırır

10 Yanvar 2018
Pakistan ABŞ-la müdafiə və kəşfiyyat sahəsində əməkdaşlığı dayandırmaq qərarına gəlmişdir. Bu barədə Pakistanın müdafiə naziri Xürrəm Dəstgir Xan məlumat vermişdir.

Xanın dediyinə görə, ABŞ milyardlarla dollar pul xərcləməsinə baxmayaraq, Əfqanıstanda məğlubiyyətə düçar olur. Nazir hesab edir ki, Vaşinqton Əfqanıstanda hərbi uğursuzluğuna görə Pakistanı “günah keçisi” kimi təqdim etməyə çalışır.

Müdafiə nazirinin bəyanatı ABŞ-ın bir neçə gün əvvəl Pakistana təhlükəsizlik sahəsində maliyyə yardımını kəsdikdən sonra səslənmişdir. Pentaqonun hərbi əməkdaşlıq idarəsinin nümayəndəsi Patrik Evans bildirmişdi ki, ABŞ antiterror əməliyyatlarını həyata keçirmək üçün Pakistana ayrılmış 900 milyon dolları dondurmuşdur. Vaşinqton iddia edir ki, belə bir qərar İslamabadın terrorizmlə mübarizə sahəsində kifayət qədər tədbir görmədiyinə görə qəbul olunmuşdur.

Öz növbəsində Pakistan hökuməti bəyan etmişdi ki, ABŞ administrasiyasının sözügedən qərarı əsassızdır. İslamabad vurğulamışdı ki, Pakistan-ABŞ əməkdaşlığı birbaşa Amerikanın özünün milli maraqlarına xidmət edir.