Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mahnıları ilə sevilən bəstəkar

10 Yanvar 2018
 

Ömründən ötənlər bir-bir xəyalında canlanır. Xatirələr uzaqları yaxın edir. Həyatından keçənləri keçmişin əlindən alırsan. O zamanlardakı qədər qayğısız, ümidli olursan...

Onun üçün də duyğularının ən gözəl sığınacaq yeri idi xatirələri. Səmimiyyət, mehribanlıq, sevgi dolu bir ailədə 1938-ci il yanvarın 10-da dünyaya göz açmışdı bəstəkar Elza İbrahimova. O zaman valideynləri Hacıqabul şəhərində yaşayırdılar. Atası İmadəddin İbrahimov hörmətli, sayılıb-seçilən adam idi. O, ixtisasca dəmiryolçu idi. Dəmir yolu sahəsində yüksək vəzifə sahibi idi. Anası Sonaxanım isə həkim idi. Elza xanım onların üç övladının ortancılı idi. Ondan böyük Leyla adlı bacısı vardı. Ailənin sonbeşiyi isə qardaşı Çingiz idi.
1940-cı ildə, Elza xanımın üç yaşı olanda - Bakıya qayıtdılar. Atasına şəhərin Çapayev küçəsində (indiki Təbriz küçəsi) dəmiryolçuların yaşadığı binada mənzil verilmişdi.
Valideynləri qeyri-adi qabiliyyətini o, hələ balaca ikən fərq etdilər. Ailədə hər kəs belə düşünürdü ki, Elzaya musiqi istedadı anasının nənəsi Sonaxanımdan keçib. Onun da çox gözəl səsi vardı, həm də mahir qarmon ifaçısı idi. Elza İbrahimovanın başqa ixtisasları seçən valideynlərinin də güclü musiqi duyumları vardı. Onlar qızlarını böyük istəklə Bakıdakı 8 saylı musiqi məktəbinə yazdırdılar. Atasının ən böyük arzusu Elzanı pianoçu görmək idi. Qızının mahir pianoçu olacağı, onun hər çıxışından sonra alqış sədalarının böyük konsert salonlarını titrədəcəyi günlərin xəyalını qururdu. Atası yanılmamışdı. Artıq Elza 11-12 yaşlarında fortepianoda məharətlə ifa edirdi.
Uşaqlığı maddi sıxıntılardan uzaq keçdi. 1954-cü ildə həyat ona ilk hicran ağrısını yaşatdı. Əlli bir yaşlı atası qəflətən vəfat etdi. Bundan sonra ailənin bütün yükü otuz səkkiz yaşlı Sonaxanımın çiyinlərinə düşdü. 1 nömrəli xəstəxanada baş mama-ginekoloq işləyən anası gecə-gündüz çalışırdı. Sonaxanım İbrahimovanın bir arzusu var idi: övladlarının gözlərində kədər kölgələnməsin, övladlarının həyat eşqi sönməsin. On altı yaşında atasını itirmiş Elza xanım da anasının təkidi və köməyi ilə musiqi təhsilini davam etdirdi.
Musiqi məktəbində təhsilini başa vurduqdan sonra Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinə daxil oldu. 1957-ci ildə həmin məktəbin bəstəkarlıq sinfini bitirdi.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) oxumaq arzusu birinci il reallaşmadı. İkinci il konservatoriyada qəbul imtahanlarında iştirak etmək istəmədiyini, dərzi olmaq qərarı verdiyini anasına dedi. Ancaq Sonaxanım onu fikrindən daşındırdı.
Elza İbrahimova 1958-ci ildə konservatoriyanın bəstəkarlıq şöbəsinə, məşhur bəstəkar, professor Cövdət Hacıyevin sinfinə daxil oldu. Orada iki-üç il oxuduqdan sonra anasının israrı ilə təhsilini Qara Qarayevin sinfində davam etdirməli oldu. Həmin illərdə Qara Qarayevin “Yeddi gözəl” baleti çox məşhur idi. Sonaxanım da bu əsəri çox sevirdi.
Onun “Fortepiano və orkestr üçün konsert” adlı diplom işini yalnız müəllimi Qara Qarayev deyil, maestro Niyazi də yüksək qiymətləndirdi. Niyazi: “Maraqlıdır, ancaq fortepiano fakturalı pianoçu üçün mürəkkəb əsərdir” - dedi. Qara Qarayev isə tələbəsinə məsləhət verdi: “Bu nailiyyətlə kifayətlənməyin, davam edin!”.
Görkəmli musiqiçilərdən dərs alan Elza İbrahimova 1964-cü ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdi. Konservatoriyada professorlar Q.Qarayev, O.Taktakişvili və Q.Dombayevin rəhbərlik etdikləri komissiyanın qərarı ilə Dağıstana göndərildi.
Əslində, yad yerə getməmişdi. Elza İbrahimovanın valideynləri Bakıda yaşasalar da, əslən dağıstanlı idilər. Orada gənc bəstəkara layiq olduğu diqqət göstərilirdi. Elza xanım Dağıstanın ilk peşəkar qadın bəstəkarı kimi tanındı. Amma Bakıdan kənarda bircə il yaşaya bildi. Vətəninə döndü.
1969-cu ildə ilk mahnısını bəstələdi. Sonralar deyirdi: “İlk mahnımı necə yazdığımı izah edə bilmirəm. Birdən beynimdə bir melodiya səsləndi və piano qarşısına keçib həmin havanı çalmağa başladım. Sonra isə həmin musiqiyə sözlər seçdim”. Şair Məmməd Rahimin “Yalan ha deyil” şeirini seçdi. Bu, bəstələdiyi yüzlərlə mahnının arasında əvvəl misiqisini yazıb sonra sözlərini seçdiyi yeganə mahnı oldu. İlk mahnısını müğənni Şövkət Ələkbərova ifa etdi. Bir il sonra əsər milli radioda səsləndi. Sonra ikinci mahnısını - “Bakının işıqları”nı bəstələdi. Yenə böyük uğur qazandı. Bəstəkar deyirdi: “Gözəl musiqi insanları ovsunlamağa qadirdir”. Onun təkrarsız, əsrarəngiz mahnıları da ürəklərə yol tapa bildi.
İyirmi dörd yaşında həyatının sevgisi ilə qarşılaşdı. Ailə qurdu. Yeganə övladları Zəhra dünyaya gəldi. Amma bu evlilik uzun sürmədi. Elza xanım bir daha ailə qurmadı. Bu məhəbbət böyük sənətkarın yaradıcılığında dərin iz buraxdı. Neçə-neçə mahnısı kədərli sevgisinin tərcümanına çevrildi.
Bəstəkarı xalqa daha çox tanıdan, sevdirən mahnıları oldu. Onların hər biri səsləndiyi gündən dillər əzbəri oldu. Elza İbrahimova öz sevimli mahnılarına ifaçıları böyük məharətlə seçirdi. O, hər müğənniyə mahnı vermirdi. Elza İbrahimova deyirdi: “Musiqi insanın qəlbindən od çıxarmalıdır. Əsl musiqi dinə, imana gəlməkdə, pak, mərhəmətli və şəfqətli olmaqda insana yardım edir. Gözəl musiqi daş ürəkləri belə yumşaltmağa qadirdir”.
Mahnılarını dinləyən Rəşid Behbudov da Elza İbrahimova ilə əməkdaşlığa başladı. Bəstəkar o günləri belə xatırlayırdı: “Bir gün mənə zəng oldu, bərk həyəcanlandım. Böyük istedadı qarşısında səcdə etdiyim Rəşid Behbudovla danışmaq mənə elə çətin gəldi ki... İşimlə maraqlandı və mən “Ey vətən!” adlı mahnını yenicə tamamladığımı dedim və mahnını ona təqdim etməyə özümdə cəsarət tapdım. Bizim əməkdaşlığımız belə başladı”.

Dağlarına düşən şehdən,
Çöllərinə əsən mehdən,
Doya bilmirəm
Bir anamdan, bir də səndən,
Bu dünyadan
Doya bilmirəm!
Ey Vətən!

- deyə dünyaya hay salan bu mahnı Vətənə ülvi məhəbbətin ən gözəl ifadəsi oldu. Şöhrətli müğənninin ifasında dünyanı gəzdi. Rəşid Behbudov konsertlərinə hər dəfə “Ey vətən”lə yekun vurdu.
Xalq şairi Bəxtiyar Vahabzadəyə şeirlərinə yazılan mahnılar arasında ən çox “Gecələr bulaq başı” mahnısını söyləmişdi. 1984-cü ildə o, “İşıq çeşməsi nəğmələr” məqaləsində bəstəkarın mahnıları haqqında yazırdı: “Elza İbrahimova mahnı janrında lövhə ustasıdır. O, gözlə görünən dünyanın deyil, görünə bilməyən, içəridən bizi dalğalandıran hisslərin, həyəcanların, bir sözlə, iç dünyamızın rəssamıdır. O, səslərdən toxuduğu nəğmə naxışlarında bizə ovqatımızı, öz iç dünyamızı göstərir. Onun nəğmələrinin verdiyi bəsirət gözü ilə o, bizi özümüzə, daxili aləmimizə baxmağa məcbur edir. Bax, budur böyük sənətin gücü və sehri!”.
Əmək fəaliyyətinə 1957-ci ildən ayrı-ayrı musiqi məktəblərində konsertmeyster kimi başlayan Elza İbrahimova 1970-1972-ci illərdə Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyir. 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda, 1985-1993-cü illərdə Asəf Zeynallı adına musiqi kollecində çalışır. Bəstəkar uzun müddət əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbəri olduğu “Dan ulduzu” vokal-instrumental ansamblı ilə sıx əməkdaşlıq edir.
Uşaqlıqdan tanqonu sevirdi. Musiqimizə ilk tanqo ritmini də Elza İbrahimova gətirdi. Yeniliklər hər zaman alqışlarla qarşılanmır. Bəstəkarın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi, bu günədək sevə-sevə dinlədiyimiz “Qurban verərdim” mahnısı da sovet dövründə senzura rolunu oynayan Teleradionun Bədii Şurası tərəfindən tənqidlə qarşılandı. Şura mahnının radioda səsləndirilməsinə qadağa qoydu. Səbəb kimi mahnıda tanqo ritmindən istifadə və sözləri göstərilirdi. Sonralar Elza xanım müsahibələrinin birində deyirdi: “Tanqonu uşaqlıqdan sevirəm. Axı, Argentina tanqosuna necə biganə qalmaq olar? İllər əvvəl mərhum Rəfiq Zəka “Qurban verərdim” şeirini mənə göstərərkən nə vaxtsa həmin sözlərə musiqi bəstələyəcəyim heç ağlıma da gəlməzdi. Üstəlik, tanqonun “burjua” ahənginin sovet ruhuna uyğun gəlmədiyini deyirdilər. Teleradionun Bədii Şurasında biz müəlliflərə və gənc ifaçı Akif İslamzadəyə “kommunizmə doğru addımladığımız bir vaxtda insanları keçmişə qaytarmaq istəyirsiniz!” - dedilər”.
Ancaq zamanın axarında sular axdı, duruldu. “Qurban verərdim” nəinki unudulmadı, dillər əzbərinə çevrildi.
O, xatirələrə belə köçdü: mülayim xarakterli, çox düşünən, az danışan... Ciddi xarakterli bu xanımın daxilində coşub-çağlayan hisslərini əsərləri ifadə edirdi. Elza İbrahimovanın da yerinə mahnıları “danışırdı”. O, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu, Rüzgar Əfəndiyeva, Ramiz Heydər və digər şairlərin sözlərinə yazılmış yüzlərlə mahnının müəllifi oldu. “Bilməzdim”, “Sən yadıma düşəndə”, “Qayıt”, “Ötən günlər”, “Gecələr bulaq başı”, “Ey Vətən” “Ana laylası”, “Yoxluğunu bilə-bilə”, “Ağlamasın salxım söyüd”, “Peşmanam”, “Mehribanım” və başqa mahnıları Rəşid Behbudov, Oqtay Ağayev, Flora Kərimova, Elmira Rəhimova, Gülağa Ağayev, İslam Rzayev, Akif İslamzadə, İlhamə Quliyeva kimi məşhur müğənnilərin repertuarından düşməyən, hər kəsin sevdiyi mahnıların bəstəkarı çox sadə həyat sürürdü. Elza İbrahimova belə deyirdi: “Mən bəstəkarlığa heç vaxt pullu peşə kimi baxmamışam. Bəstəkarlığı peşə seçimi kimi yox, mənə həvalə olunmuş bir missiya sayıram”.
Bəstəkar 50 ildən artıq dövrü əhatə edən yaradıcılığı boyu musiqinin müxtəlif janrlarında əsərlər yaratdı. Simfonik poema, orotoriya, vokal instrumental və kamera əsərləri, Hüseyn Cavidin pyesi əsasında “Afət”, “Yanan laylalar”, “Şeyx Şamil” operalarını yazdı. Ən böyük arzusu Qarabağ mövzusunda olan “Yanan laylalar” əsərini Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində görmək idi. 1988-ci ildə yazmağa başladığı, 1991-ci ildə tamamladığı Qarabağ faciəsinə həsr olunan əsərin tamaşaya qoyulacağını ümidlə gözləsə də, bu arzusuna çata bilmədi.
Azərbaycanın və Dağıstanın xalq artisti Elza İbrahimova 2012-ci il fevralın 11-də 74 yaşında dünyasını dəyişdi. O, həmişəlik ömür verdiyi nəğmələrinə köçdü.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”