Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik İsa Həbibbəyli Özbəkistanın “Kitab dünyası” qəzetinə müsahibə verib

09 Yanvar 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Özbəkistanın “Kitab dünyası” qəzetinə müsahibə verib. Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.

Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişaf tarixindən, ortaq kökə əsaslanan hər iki xalqın qədim və zəngin ədəbiyyat ənənələrindən bəhs edən akademik İsa Həbibbəyli müsahibəsində bildirib: “Azərbaycan-özbək ədəbi əlaqələrinin qədim tarixi və zəngin ənənələri vardır. Azərbaycan və özbək əlaqələri yalnız ədəbiyyatla bağlı deyildir. Xalqlarımızı ortaq köklər və böyük tarixi ənənələr bağlayır. Ədəbi əlaqələr xalqlararası münasibətlərin hərəkətverici qüvvəsidir”.

Müsahibədə son dövrlər Azərbaycanda və Özbəkistanda qarşılıqlı ədəbi əlaqələrin inkişafı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib. Bu istiqamətdə Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən İsa Həbibbəyli mərkəz tərəfindən Azərbaycan ədəbiyyatı nümunələrinin nəşr edilməsi, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin əsərlərinin özbək dilində çapa hazırlaması layihələrinin əhəmiyyətini vurğulayıb.

Müsahibədə Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafı istiqamətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görülən işlər barədə danışılıb. İnstitutda 2016-cı ildə Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin qarşılıqlı əməkdaşlıq üzrə əhəmiyyətli tədqiqatlar aparmaq üçün yaradıldığı diqqətə çatdırılıb. Eyni zamanda, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda özbək “altmışıncıları”nın görkəmli nümayəndəsi, Xalq Şairi Camal Kamalla keçirilən görüşdən, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti ilə imzalanmış əməkdaşlıq memorandumunun perspektivlərindən söhbət açılıb.

Akademik müsahibəsində Azərbaycan-Özbəkistan ədəbi-elmi və mədəni əlaqələrinin tükənməz mövzu olduğunu, hər iki ölkə üçün böyük əhəmiyyət daşıyan bu əlaqələri dərindən və sistemli şəkildə tədqiq etməyin əhəmiyyətindən danışıb.