Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Cənub qaz dəhlizi” getdikcə dünyanın daha çox marağına səbəb olur

09 Yanvar 2018
 

2017-ci ilin fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilməsi xüsusi əhəmiyyət kəsb etdi. Bu toplantının nəticələri qarşıda duran işlərin və planların uğurla gerçəkləşməsinə təkan verdi. 

Məşvərət şurasının toplantısı artıq üçüncü dəfə idi ki, Bakıda keçirilirdi. Bu da təsadüfi deyil. Çünki “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağıdır. Azərbaycan özünü nəhəng qaz ehtiyatlarına malik ölkə kimi məhz “Şahdəniz” layihəsi sayəsində təqdim edə bilib. Bu gün Azərbaycanın - “Şahdəniz”in və digər yataqların təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. “Cənub qaz dəhlizi”nin birinci seqmenti olan “Şahdəniz-2” nəhəng layihədir. “Cənub qaz dəhlizi”nin təməli isə əslində, yatağın işlənməsinin birinci mərhələsində qoyulub.
Məşvərət şurasının toplantılarına Bakının evsahibliyi etməsinin bir səbəbi də ondan qaynaqlanır ki, “Cənub qaz dəhlizi” Azərbaycanın təşəbbüsü, liderliyi ilə həyata keçirilən layihədir. Azərbaycan bu layihəni tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan artıq dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatı yaradıb. 
İndi Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun əsas səbəblərindən biri Prezident İlham Əliyevin dediyi kimi, ölkəmizdə bütün sərmayələrin ciddi şəkildə qorunmasıdır. Belə ki, hasilatın pay bölgüsünə dair Azərbaycanın beynəlxalq neft-qaz şirkətləri ilə imzaladığı bütün müqavilələr parlament tərəfindən ratifikasiya olunur və qanun formasında dövlət başçısı tərəfindən imzalanır. Bu, həmin müqavilələrin mətninin bir sözünün belə dəyişdirilməyəcəyi ilə bağlı 100 faiz zəmanətdir. Bu, sərmayəçilərdə inam, əminlik yaradır və Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasında mühüm rol oynayır. 
Sözügedən tədbirdə Prezident İlham Əliyev regional və daha sonra beynəlxalq əməkdaşlığın iki mühüm mərhələsi olduğunu qeyd etmişdir. Regional əməkdaşlıq dedikdə, Azərbaycan, Gürcüstan və Türkiyə arasında uzun illərdir mövcud olan uğurlu əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlığın sayəsində Xəzərdən Qara dənizədək uzanan Bakı-Supsa kəməri inşa edildi. Sonra sözügedən üç ölkəni birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkildi. Daha sonra “Şahdəniz” qazını daşıyan Bakı-Tbilisi-Ərzurum xətti istifadəyə verildi. Beləliklə, daha böyük layihələrə, daha geniş dəhlizlərə yol açıldı. “Cənub qaz dəhlizi” isə daha çox ölkə və şirkətlərlə birgə həyata keçirilir. 
Layihənin icrası üçün maliyyə vəsaitlərinin cəlb edilməsi mühüm məsələdir və burada da beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın özünəməxsus rolu var.
Qazanılan uğurlarda əməkdaşlığın və tərəfdaşlığın əhəmiyyətini Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviç də təsdiqlədi: “Düşünürəm ki, irəliləyişə təkcə kəmərin keçdiyi ölkələrdə göstərilən böyük səylər, görülən işlər sayəsində deyil, həm də bu masa ətrafında yaradılmış yaxşı yaradıcı mühit, mütəmadi məlumat mübadiləsi, bu cür genişmiqyaslı layihə ilə bağlı davamlı olaraq çıxan problem və çağırışları həll etmək üçün göstərilən səylər sayəsində nail olunub”. 
M.Sevçoviç mühüm region - Xəzər hövzəsi ilə yeni əlaqəyə və Azərbaycan kimi güclü tərəfdaşa malik olmaq imkanını çox yüksək dəyərləndirdiyini dedi.
İtaliya Respublikasının iqtisadi inkişaf naziri Karlo Kalendo Prezident İlham Əliyevlə görüşü zamanı ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə minnətdarlığını bildirdi. O vurğuladı ki, Məşvərət Şurasının iclasında İtaliyanın bir sıra şirkətlərinin nümayəndələri də iştirak etmişdir. 
“Cənub qaz dəhlizi” Məşvərət Şurasının üçüncü toplantısı zamanı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə İtaliyanın “Leonardo” şirkətinin icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq SOCAR-la həmin şirkət arasında əməkdaşlığa dair memorandumun imzalanması Azərbaycanın beynəlxalq əməkdaşlığının daha bir nümunəsinə çevrildi. 
“Cənub qaz dəhlizi” həm 40 milyard dollaradək dəyəri, həm də seqmentlərini təşkil edən layihələrlə dünyanın, əsasən də Avropanın maraq dairəsindədir. Toplantıda iştirak edən müxtəlif maliyyə qurumlarının rəhbərləri layihəni dəstəklədiklərini və vəsait ayırmağa hazır olduqlarını bildirdilər. 
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan qeyd etdi ki, ölkəsi Avropanın enerji təhlükəsizliyinin Azərbaycan resursları ilə təmin olunmasında maraqlıdır. O bildirdi ki, ABŞ nümayəndə heyətinin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirakı yeni hökumətin də “Cənub qaz dəhlizi” layihəsinə dəstəyini nümayiş etdirir: “ABŞ “Cənub qaz dəhlizi” layihəsinə öz dəstəyini bundan sonra da davam etdirəcək. Əminəm ki, bu layihə Avropa ilə yanaşı, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verəcək”.
Monteneqronun iqtisadiyyat naziri xanım Draqitsa Sekuliç məlumat verdi ki, hazırda Avropada digər bir layihənin - İon-Adriatik qaz boru kəməri çəkilişinin həyata keçirilməsi üçün işlər görülür: “Biz bu qaz boru kəməri layihəsi ilə Monteneqroya Azərbaycanın təbii qazının çatdırılmasında maraqlıyıq. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.
Avropa İnvestisiya Bankının Mərkəzi və Cənubi Avropa şöbəsinin müdiri F.Palanza Azərbaycanın prioritet layihəsinin həm də Avropanın hədəfi olduğunu vurğulayaraq TANAP-ın və TAP-ın maliyyələşdirilməsinin nəzərdə tutulduğunu bildirdi. O, istənilən layihə ilə bağlı maliyyə qərarlarının qəbulunda yetərli məlumatlara malik olmağın xüsusi rol oynadığını diqqətə çatdırdı. Azərbaycanın qaz ehtiyatları, ixrac imkanları, daxili tələbatı ilə maraqlandı və mütəmadi məlumat mübadiləsinin bankın layihələrə cəlb edilməsinə təsir göstərəcəyini qeyd etdi.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında iştirak edən Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Böyük Britaniya, ABŞ nümayəndələri və Avropa Komissiyasının vitse-prezidenti Birgə Bəyannamə imzaladılar. Bəyannamədə toplantı iştirakçıları Azərbaycandan Gürcüstana, Türkiyəyə və daha sonra Avropaya qazın etibarlı və dayanıqlı təchizatını təmin etmək üçün “Cənub qaz dəhlizi” istiqaməti üzrə yerləşən ölkələrlə enerji resurslarının daşıyıcıları, təchizatçıları və istehlakçıları arasında uzunmüddətli strateji əlaqələri davam etdirmək və dərinləşdirmək əzmində olduqlarını bildirdilər.
“Cənub qaz dəhlizi”nin reallaşması günün vacib məsələlərindən biri olaraq qalır. Hazırda bütün seqmentlər üzrə işlərin qrafikə uyğun irəliləməsi layihənin uğurla başa çatacağına təminat yaradır. Belə ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 98, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsində 99 faizi yerinə yetirilib. TANAP-ın (Transanadolu Qaz Boru Kəməri) çəkilişinin 93 faizi həyata keçirilib.
TANAP-ı “Cənub qaz dəhlizi”nin “onurğa sütunu”, birləşdirici halqası da adlandırırlar. TANAP “Cənub qaz dəhlizi”ni yaradan üç mühüm kəmərdən ikincisi və ən böyüyüdür. Bu kəmərin üç ilə yaxındır davam edən tikintisi uğurla sona yaxınlaşmaqdadır. 
TANAP-ın marşrutu Türkiyənin Gürcüstanla sərhədindəki Posov mahalından başlanır. Beləliklə, Türkiyənin şərq sərhədində “Cənub qaz dəhlizi”nin birinci seqmentinin - Cənubi Qafqaz Boru Kəmərinin çıxışına bağlanan TANAP ölkənin qərb sərhədinə doğru irəliləyir. Burada o, dəhlizin sonuncu hissəsi olan TAP-la (Transadriatik Qaz Boru Kəməri) birləşir. 
TANAP Azərbaycan qazını Türkiyənin ərazisində 1850 kilometrlik məsafə boyu nəql edəcək. Kəmərin ilkin ötürücülük gücü ildə 16 milyard kubmetr həcmində planlaşdırılır. Bu qazın 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropaya çatdırılacaq. Sonradan kəmərin ötürücülük qabiliyyətinin 31 milyard kilometrə qədər artırılması imkanları da nəzərə alınıb. 
TANAP Azərbaycanın və Türkiyənin birgə reallaşdırdığı böyük beynəlxalq layihədir. TANAP üzrə hökumətlərarası saziş 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Kəmərin təməli 2015-ci il martın 17-də Qars vilayətinin Səlim rayonunda Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçılarının iştirakı ilə qoyulub. Həmin vaxtadək araşdırma, mühəndis-layihə, təchizat-tədarük və digər köməkçi işlər görülüb. 
Qeyd edək ki, bütövlükdə kəmər Türkiyənin 20-dən çox bölgəsinin ərazisindən keçir. Bu bölgələrin coğrafi şəraiti, iqlimi və torpağının geoloji quruluşu bir-birinə bənzəmədiyi üçün tikintinin aparılması da çətin və məsuliyyətlidir. Üstəlik, qazı nəql edən boruların diametri heç də bütün marşrut boyu eyni deyil. Qaz Əskişəhərə 56 düymlük borularla nəql ediləcək. Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə də qaz bu qaydada ötürüləcək. Əskişəhərdə, eləcə də Yunanıstanın sərhədinə, yəni TAP-ın giriş məntəqəsinədək 48 düymlük borular uzanacaq. 
Ümumiyyətlə, belə böyük boru xətlərinin çəkilişi asan başa gələn iş deyil. Lakin TANAP-ı inşa edən şirkətlər işin öhdəsindən layiqincə gəlirlər. Kəmərin çəkilişinin problemsiz başa çatacağı şəksizdir. 
Bu fikir cari il sentyabrın 14-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Azəri-Çıraq-Günəşli” yataqları üzrə yeni müqavilənin imzalanması mərasimində də vurğulandı. “Cənub qaz dəhlizi”nin müxtəlif ölkələrdən olan tərəfdaşları bu nəhəng layihənin maneəsiz reallaşacağına, o cümlədən TANAP-ın da müvəffəqiyyətlə istismara veriləcəyinə inamlarını ifadə etdilər. Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak dedi: “Şahdəniz-2” yatağı üzrə Türkiyə və Azərbaycan bir tərəfdən Azərbaycanın qaz ticarətinə töhfə verir, digər tərəfdən həm Türkiyə, həm də Avropa təbii qaz bazarları üçün önəmli bir mənbə şaxələndirilməsini təmin edəcək TANAP layihəsini həyata keçirir. Bu layihənin həyata keçirilməsi, xüsusilə “Cənub qaz dəhlizi”nin işə salınması ilə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da güclənməsi sayəsində Avropa ölkələri və dünya bazarları çox önəmli qaynaq əldə edəcəklər”. 
TANAP-ın tikintisinin nəzərdə tutulduğu vaxtda başa çatacağı, gələn ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir. Bütün işlərin məhz qrafikə uyğun tamamlanacağına Azərbaycanın regionda indiyədək reallaşdırdığı Bakı-Supsa, Bakı-Novorossiysk, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və bir sıra digər nəhəng layihələrin qazandığı uğur və təcrübə böyük inam yaradır.
TAP-ın çəkilişində də il boyu işlər rəvan gedib. Bu, Azərbaycan qazının Avropadakı istehlakçılara vaxtında çatdırılacağına təminat yaradır. TAP-ın 2020-ci ildə istismara verilməsi gözlənilir. 
Xatırladaq ki, “Cənub qaz dəhlizi”nin 3500 kilometrinin 878 kilometri TAP-ın payına düşür. Dəhlizin həmin hissəsinin 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizinin altından keçəcək, sonuncu 8 kilometri İtaliya ərazisində quruda yerləşəcək. 
TAP “Cənub qaz dəhlizi”nin sonuncu seqmentidir. Azərbaycan qazını CQBK və TANAP-dan qəbul edərək Avropaya məhz bu kəmər çatdıracaq. Odur ki, onun vaxtında istifadəyə verilməsi böyük önəm daşıyır. Kəmərin marşrutu boyu işlərin rəvan getməsi TAP-ın qazı nəzərdə tutulduğu vaxt qəbul edəcəyinə və istehlakçılara çatdıracağına əsas verir. 
Layihənin ümumi dəyəri 4,5 milyard avro olacaq. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. 
TAP-ın təməli keçən il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da kəmərin tikintisi üzrə işlərə start verilib. Tikintidə istifadə olunacaq boruların hamısı Yunanıstan, Albaniya və İtaliyaya çatdırılıb. Artıq marşrutun xeyli hissəsində borular xətt boyunca düzülüb. 
Kəmər boyu davam edən işlər çoxşaxəlidir. Müxtəlif yerlərdə ərazi təmizlənir, borular qaynaq edilir, torpaq altında basdırılır. 
TAP-ın yerüstü obyektlərində də işlər ahəngdar gedir. Boru kəmərinin fəaliyyətinin ilkin mərhələsi üçün nəzərdə tutulan iki kompressor stansiyasının tikintisi davam edir. Onlardan biri Yunanıstanın şərqindəki Kipoi, ikincisi Albaniyanın qərbindəki Fier məntəqələrində yerləşir. Eləcə də Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi həyata keçirilir. İlk turbo-kompressorlarının Yunanıstana çatdırılması da mühüm əhəmiyyət daşıyır. Onlar Kipoidəki kompressor stansiyasının quraşdırılmasında istifadə olunacaq.
Boru kəmərinin tikintisinin mühüm bir hissəsi də dənizdə aparılacaq işlərdir. Bunlar 2018-2019-cu illərdə yerinə yetiriləcək.
TAP-ın da keçdiyi yol qısa olmadığından, ayrı-ayrı hissələri bir-birindən fərqli coğrafi şəraitdə yerləşdiyindən tikinti işləri çətin və mürəkkəbdir. Belə ki, marşrut boyu kəmərin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə olacaq, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr yüksəklikdən keçəcək. Kəmərin quru ərazidən keçən hissəsində boruların diametri 48 düym olduğu halda, sualtı hissəsində onlar xeyli dar - 37 düym olacaq. 
Buna baxmayaraq, inşaatçılar burada da öhdələrinə düşən işi bacarıqla yerinə yetirirlər. Hazırda TAP-ın keçdiyi ölkələrdə ümumilikdə 5 min 500 işçi çalışır. Ümumiyyətlə, “Cənub qaz dəhlizi”nin ayrı-ayrı hissələrində çoxsaylı iş yerləri yaradılmışdır ki, bu da həmin bölgələrin sakinlərinə məşğulluq problemlərinin həllində kömək edir. 
Məlum olduğu kimi, TAP-ın son ünvanı İtaliya torpağıdır və burada kəmər həmin ölkənin “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. İtaliyada bitməsinə baxmayarq, TAP gələcəkdə Azərbaycan qazının Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün geniş imkanlar da yaradır. Bu isə onu göstərir ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu layihələr ölkəmizin gəlirlərini, iqtisadi qüdrətini və potensialını, siyasi çəkisini, regional müstəvidə rolunu artırmaqla yanaşı, həm də qlobal xarakter daşıyır. 
Bu səbəbdən də “Cənub qaz dəhlizi” getdikcə dünyanın daha çox marağına səbəb olur. İndi artıq hamıya aydındır ki, bu, Avropa üçün prioritet təşkil edən layihələrdən biridir. Bunu “Cənub qaz dəhlizi”nin tərkib hissələrinin yenidən Avropa İttifaqının ümumi maraq layihələri - PCI siyahısına daxil edilməsi də təsdiqləyir.

Flora SADIQLI,
“Azərbaycan”