Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mili Məclisin deputatı: Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq

08 Yanvar 2018
UNEC İctimai Nəzarət Şurasının üzvləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2017-2018-ci tədris ilinin qış imtahan sessiyasının gedişi ilə tanış olublar.

Universitetdən AZƏRTAC –a bildirilib ki, şura üzvləri imtahan prosesinin gedişini müşahidə etdikdən sonra rektor Ədalət Muradovla görüşüblər.

Görüşdə Milli Məclisin deputatı Hikmət Babaoğlu UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirib. O, bu ildən etibarən UNEC-də ixtisas fənləri üzrə imtahanların yazılı keçirilməsinin savadlı mütəxəssislərin hazırlığında mühüm rol oynayacağını diqqətə çatdırıb.

“Trend” İnformasiya Agentliyi baş direktorunun müavini Arzu Nağıyev UNEC-də həm tədris, həm də imtahan prosesinin ictimaiyyətə açıq olduğunu müsbət hal hesab edib, sessiya dövründə “Qaynar xətt” xidmətinin İctimai Nəzarət Şurasına həvalə olunmasını böyük etimad adlandırıb.

Görüşdə şura üzvləri təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müxtəlif təkliflər səsləndiriblər. Qərara alınıb ki, UNEC İctimai Nəzarət Şurası təkcə sessiya dövründə deyil, bütün tədris ili boyunca fəaliyyət göstərəcək.