Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Ekvatorial Qvineyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

08 Yanvar 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenqin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Xose Esono Miça Akenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Xose Esono Miça Akenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı İlham Əliyev Xose Esono Miça Akenqin Azərbaycana bu səfərinin ikitərəfli əlaqələrimizin inkişafı baxımından əhəmiyyətli olacağına və onun Bakıda olarkən ölkəmizin müvafiq qurumlarının rəhbərləri ilə görüşləri zamanı əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdiriləcəyinə ümid etdiyini bildirdi.

Səfir ölkələrimizin neft və qaz istehsalçısı olduğunu vurğulayaraq diplomatik fəaliyyəti dövründə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında əvvəllər mövcud olan əlaqələrin bərpa edilməsinin önəmi vurğulandı, müxtəlif istiqamətlərdə, xüsusilə də enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac sahələrində və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsinin vacibliyi bildirildi.